Məhkəmə qərarları › İş №2(012)-4479/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4479/2023

27.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4479/2023 27.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 840,14 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən Xırdalan şəhəri Qobu qəsəbəsi, ev 0005 0099 saylı mənzilə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 840,14 manat məbləğində borc hesablanmışdır. Həmin mənzildə hal-hazırda yaşayış yoxdur. Lakin yaşayış olmaya-olmaya cavabdeh "xxxx" ASC tərəfindən mülkiyyətində olan mənzilə 2 dəfə əsassız olaraq cərimə hesablanmışdır. 133917 saylı birinci akt xx.xx.2019cu il tarixdə yazılmış və bu akt əsasında 446,40 manat məbləğində hesabat aparılmışdır. 018867 saylı ikinci akt əsasında isə 393,74 manat məbləğində hesabat aparılmışdır. Heç bir akt ona təqdim edilməmişdir. Aktlar tərtib olunan zaman abonentin iştirakı təmin olunmalı və video çəkiliş aparılmalı idi. Bundan əlavə, o, uzun müddət işlə əlaqədar xarici ölkədə qaldığına görə evdə yaşayış olmamışdır. Hal-hazırda həmin mənzilin elektrik hesablama sayğacı yerində yoxdur. Bu barədə həm cavabdeh təşkilata, həm də 102 məlumat mərkəzinə məlumat vermişdir. Buna görə də ona hesablanan cərimələr tamamilə əsassız və qanunsuzdur. Cavabdeh təşkilata borcun silinməsi ilə bağlı müraciət etsə də, bunun mümkün olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək 018867 saylı akta əsasən ona hesablanmış 393,74 manat borcun və 133917 saylı akta əsasən ona hesablanmış 446,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid X1 göstərdi ki, Hökməli və Qobu ərazisində 2023-cü ilin fevral ayından "xxxx" ASC-nin mühəndisi kimi fəaliyyət göstərir. İddiaçıya məxsus evə baxış keçirilmiş və məlum olmuşdur ki, orada yaşayış yoxdur. Ev şəraiti olmayan tikilidir, hazırda orada elektrik sayğacı yoxdur. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli, R 133917 saylı aktdan görünür ki, abonent İddiaçı məxsus evdəki sayğaca baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzildə sayğacdan kənar xətt vardır. Kənar xətdən keçən yük ampermetr vasitəsilə ölçülmüşdür-İ=6. W=6A x 0,22 x 24 saat x 0,7 = 22,176x 183 gün = 4058,208 kvts = 446,40 manat. Mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixli, NDM 018867 saylı aktdan görünür ki, abonent İddiaçı məxsus evdəki sayğaca baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. 1,4 kvt x 0,7 x 24 saat x 180 gün = 4234 kvts = 393,74 manat. İş materiallarında olan **********50099 saylı abonentin saldosundan görünür ki, İddiaçı borcu elektrik enerjisinə görə sayğac üzrə 56,91 manat, aktlar üzrə 842,98 manat, ödəmələr 28,81 manat, sayğac quraşdırılan tarixə borc 29,54 manat, Paud sayğaca yazılan akt 840 manat olmaqla, cəmi borc 869,68 manat təşkil edir. Saldodan görünür ki, EİQ-nin pozulmasına görə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli iki aktla abonentə ümumilikdə 840,14 manat cərimə tətbiq olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Abonentin saldosundan görünür ki, abonent 2018-ci ilin oktyabr ayından başlayaraq olduqca az miqdarda elektrik enerjisindən istifadə etmişdir (1, 13, 14, 16 və 20 kvt). Mübahisəli aktlar isə abonentə xx.xx.2019-cu və xx.xx.2020-ci il üçün tərtib edilmişdir. İddiaçının (abonentin) bir müddət elektrik enerjisindən sayğacdankənar qaydada istifadə etdiyi nəzərə alınarsa, mübahisəli aktlar üzrə hesablanmış cərimələr abonentin hesabından tam olaraq silinə bilməz. Lakin abonent həmin aktlar əsasında ona tətbiq edilmiş cərimə məbləğinin yüksək olmasından narazı olduğundan məhkəmə hesab edir ki, həmin cərimə məbləğləri abonentdən azaldılaraq tutulmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, abonentə qış mövsümü üçün gün ərzində 10 saat, yaz mövsümü üçün isə 6 saat olmaqla 1 aylıq sərfiyyat həddində, yəni xx.xx.2019-cu il tarixli akt üzrə 30,49 manat (6 x 0,22 x 10 x 0,7 x 30 x 0,11) və xx.xx.2020-ci il tarixli akt üzrə 12,35 manat (1,4 x 0,7 x 6 x 30 x 0,07) olmaqla, cəmi 42,84 manat cərimə tətbiq edilməsi daha ədalətlidir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.32-ci bəndinin “a” yarımbəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli iki akta əsasən abonentə cərimə tətbiq edilərkən artıq hesablama aparılmış və yüksək məbləğdə cərimə hesablanmışdır. Bu hallara qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tətbiq edilmiş 797,3 manat (840,14-42,84) cərimə silinməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********50099 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli aktlara əsasən İddiaçı hesablanmış 797,3 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar