Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-448/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs, daha sonra iddiaçının ərizəsinə əsasən cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “xxxx” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli 4B saylı binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilini dəyərini ödəməklə almışdır. Ona məxsus mənzilin balkon hissəsinin altında cavabdeh binanın eskiz-layihəsində nəzərdə tutulmayan obyekt tikintisinə başlamış, bu zaman yaşıllıq zonasını dağıtmış, kanalizasiya xəttin və buna xidmət edən dairəni (lyuk) sökmüş və sair. Bu halda onun mənzil hüquqları kobud şəkildə pozulur, belə ki, inşa edilən obyektin dam hissəsi ilə onun balkonu arasında məsafə qalmır, obyektin nə fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq səs-küy, yanğından mühafizə, sanitar normalar və sair kimi Mənzil Məcəlləsi ilə nizamlanan normalar pozulur. Abşeron rayonu, Masazır qəsəbəsi, “xxxx” 4B saylı evin 1 saylı mənzilinin balkon hissəsinin altında aparılmış qanunsuz tikilinin sökülməsi, söküntünün və ərazinin boşaldılmasının cavabdehin maliyyə hesabına aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədiklərini bildirmiş, iş materialları ilə tanış olması və məhkəməyə müvafiq sənədlər təqdim etməsi barədə vəsatəti ilə bağlı məhkəmə iclası təxirə salınmış, lakin növbəti məhkəmə iclasında iştirak etmək üçün gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Cavabdeh2 nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“xxxx” MTK (Podratçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 04b nömrəli müqavilənin surətindən görünür ki, “Sifarişçi” bu müqaviləni əsas tutaraq sifariş edir, “Podratçı” Abşeron rayonu, Masazır qəsəbəsi, 4b nömrəli yaşayış binasında 1-ci blokda, 1-ci mərtəbədə, 2 otaqlı, 1 nömrəli, 69 kv.m mənzilin tikintisini öz öhdəsinə götürür; -“xxxx” MTK-nın direktoru tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ilə “xxxx” MTK arasında xx xxxxxx 2018-ci il tarixində müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksində 4b nömrəli yaşayış binada 1-ci blokda, 1-ci mərtəbədə, 2 otaqlı, sahəsi 69 kv.m olan 1 nömrəli mənzili almışdır. Payçı mənzilin ümumi dəyərini tamamilə ödəmişdir, hazırda payçının MTK-ya mənzil üzrə borcu yoxdur; -Cavabdeh2 Memarlıq və tikinti şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 1680 nömrəli məktubundan görünür ki, tərəflərindən “xxxx” MTK-ya pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması tapşırılmışdır. Qanunsuz tikintilərin sökülməsi və dayandırılması FHN-nin X1 Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir. Pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 04b nömrəli müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, 4b nömrəli yaşayış binasında 1-ci blokda, 1-ci mərtəbədə, 2 otaqlı, 1 nömrəli, 69 kv.m mənzili cavabdehdən almışdır. Hazırda iddiaçı həmin mənzilin balkon hissəsinin altında aparılmış qanunsuz tikilinin sökülməsi, söküntünün və ərazinin boşaldılmasının cavabdehin maliyyə hesabına aparılması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını, ilkin hissəsini Abşeron rayonu, Masazır qəsəbəsi, “xxxx” 4B saylı evin 1 saylı mənzilinin balkon hissəsinin altında aparılmış qanunsuz tikilinin sökülməsi təşkil edir və tələbə cavab verəcək şəxs qismində “xxxx” Mənzil Tikinti Kooperativi cəlb edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir; 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər; 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir; 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir; 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçı mənzilinin balkon hissəsinin altında qanunsuz tikilinin “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən həyata keçirildiyini iddia etsə də, burada sübut etmə yükü onun üzərinə düşsə də, bununla bağlı müvafiq sübutlarını təqdim etməmişdir. Baxmayaraq ki, cavabdeh MTK-nın nümayəndəsi tərəfindən də iddianın əsassızlığı ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir, aşağıda qeyd edilən səbəbdən isə, məhkəmə əlavə araşdırma aparılmasına zərurət görməmişdir. Belə ki, iddiaçı həmin cavabdehə münasibətdə sözügedən predmetlə bağlı məhkəmədə iddia qaldırmaqda subyektiv hüququ olmamış, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Ona görə də hazırkı icraatda iddiaçının iddia tələbində qeyd etdiyi tikilinin onun sahiblik və istifadəsində olan yaşayış sahəsi üzərində hüquqlarını pozub-pozmadığını, bunun hansı qaydada baş verdiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Bununla əlaqədar, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mənzilinin balkon hissəsinin altında aparılmış tikilinin sökülməsini tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində sökülməsini tələb etdiyi sahə çoxmənzilli yaşayış binasının qarşısında yerləşir, hansı ki, bu sahə ümumi paylı mülkiyyət hüququ ilə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur, həmin sahələrin istifadəsi qaydasının müəyyən edilməsi və onlarla bağlı qanunsuz təsirlərin, maneələrin olduğu müəyyən edildikdə bu məsələlərin həlli məhz çoxmənzilli binanın idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən həll edilməlidir. Bununla da həmin iddia tələbinə münasibətdə İddiaçı subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, iddia həmin hissələrdə də təmin edilməməlidir. İddia tələbinin “söküntünün və ərazinin boşaldılmasının cavabdehin maliyyə vəsaiti hesabına aparılması” ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələblər məhkəmənin yuxarıda hüquqi qiymət verərək təmin olunmasına əsaslar olmadığını müəyyən etdiyi iddia tələbinə nisbətdə törəmə tələbdir, əsas tələb təmin edilmədiyi halda törəmə tələbin əsaslılığının müəyyən edilib yoxlanılmasına əsaslar qalmır, ona görə məhkəmə hesab edir ki, həmin törəmə tələb də təmin edilməməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cavabdeh2 Memarlıq və tikinti şöbəsi özünün xx xxxxxxxx 2020-ci il tarixli 1680 nömrəli məktubunda da qeyd etmişdir ki, qanunsuz tikintilərin sökülməsi və dayandırılması FHN-nin X1 Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir, ona görə hazırkı mübahisənin həlli üçün tələb hüququ olan şəxs tərəfindən aidiyyəti üzrə həmin Agentliyə müraciət edilməli, mübahisə bu qaydada həllini tapmadıqda predmetindən asılı olaraq aidiyyəti məhkəmədə iddia qaldırılmalıdır. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi ümumilikdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Abşeron rayonu, Masazır qəsəbəsi, “xxxx” 4B saylı evin 1 saylı mənzilinin balkon hissəsinin altında aparılmış qanunsuz tikilinin sökülməsi, söküntünün və ərazinin boşaldılmasının cavabdehin maliyyə hesabına aparılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 20 manat İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-448/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-448/2021
03.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver