Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4500/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 ilə onun arasında bağlanmış 01 mart 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və bu günə qədər ödənilməmiş icarə haqqının əldən çıxmış gəliri (2000 manat) və ona vurulmuş mənəvi ziyan nəzərə alınmaqla 8700 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X4 ilə arasında bağlanmış 01 mart 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və bu günə qədər ödənilməmiş 2500 manat icarə haqqı, 300 manat kommunal ödənişlər olmaqla cəmi 2800 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh-nin direktoru və təmsilçisi X4 ilə onun arasında bağlanmış 01 mart 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, o, icarəyə verən şəxs qismində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 170 kv.m olan yaşayış sahəsini X3 icarəyə vermişdir. Müqavilənin 4-cü maddəsinə əsasən icarəyəgötürən X4 icarəyəverən kimi ona aylıq 3000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə bağlandığı dövrdən bu günə qədər, artıq 3 aydan çoxdur ki, öz öhdəliklərini yerinə yetirmir və icarə haqqını ödəmir. Dəfələrlə o, cavabdehlə telefon əlaqəsi yaradaraq icarə haqqını ödəməsini tələb etsə də, cavabdeh hər dəfə vəsaitinin olmadığını bəhanə gətirərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu müddət ərzində ona cəmi 300 manat icarə haqqı ödəmiş, daha sonra isə qeyri-yaşayış sahəsində fəaliyyətini dayandırmışdır. Nəhayət o, cavabdehin bəhanələrindən təngə gələrək, cavabdehlə bağladığı 01 mart 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməklə bu günə qədər yığılıb qalmış icarə haqqının ödənilməsini ondan məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını ödəməmişdir. Bununla da ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 aprel 2021-ci il tarixli Qərarından göründüyü kimi, "Təhqiqat zamanı izahatı alınmış X4 izahatında göstərmişdir ki, 2021-ci ilin yanvar ayında ona məxsus ünvan 2 ünvanında yerləşən şirniyyat evini icarəyə götürmək üçün sonuncu ilə görüşüb söhbət etmiş və bu barədə razılaşdıqdan sonra həmin ayın 31-də o, həmin şirniyyat sexini icarəyə götürmüşdür. Onunla bağlanmış həmin müqaviləyə görə İddiaçı hər ayın 1-də 3000 manat pul verməli idi. Lakin 01 mart 2021-ci il tarixdə həmin qeyd olunan məbləği o, ödəyə bilməmişdir. Buna səbəb sifarişçilərə verdiyi malın pulunu ala bilməməsi olmuşdur. İddiaçı bu barədə bildirmiş, lakin sonuncu həmin pulu aldığını sadəcə olaraq ondan gizlətməsini bildirmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə sexə gələrək onu və işçilərini təhqir etmişdir. Sonuncu dəfə 30 mart 2021-ci il tarixdə saat 11 radələrində İddiaçı sexə gələrək onu təhqir edərək çıxıb getmişdir. Bununla bağlı o, polis şöbəsinə müraciət edərək sexə qayıtmışdır. Həmin gün saat 18 radələrində İddiaçı yenidən sexə gələrək onu təhqir edərək əli ilə onun sifəti nahiyyəsindən vurub itələmiş və nəticədə o, xəsarət almışdır. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Təhqiqat zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, 01 fevral 2021-ci il tarixdə yaşadığı Binəqədi rayonu M.Məmmədxan küçəsi 28/32 ünvanında yerləşən özünə məxsus obyekti X3 aylıq 3000 manata icarəyə vermişdir. Bununla bağlı onların arasında icarə müqaviləsi də bağlanmışdır. Lakin icarənin ödəniş vaxtı çatsa da, Fərqanə ona verməli olduğu 3000 manat puldan yalnız 500 manat pul vermiş və digər xırda xərclər də daxil olmaqla sonuncunun ona ümumilikdə 2800 manat borcu qalmışdır. O, dəfələrlə Fərqanədən pulunu istədikdə sonuncu onun pulunu verməkdən imtina etmişdir. 01.03.2021-ci il tarixli müqavilədən göründüyü kimi, cavabdeh hər ay icarə haqqı olaraq ona 3000 manat ödəməli idi. Lakin cavabdeh X4 qeyri-yaşayış sahəsindən 2 ay istifadə etməsinə baxmayaraq, cəmi 300 manat icarə haqqı ödəmişdir. Bu səbəbdən ona olan borcu 5700 manat təşkil edir. Bundan əlavə ona əlavə ziyan da vurulmuşdur. İcarəyəgötürənin tələbi ilə sex üçün qiyməti 2500 manat olan peç (soba) almışdır. O, qeyri-yaşayış sahəsini, yəni şirniyyat sexini başqa şəxsə icarəyə verməklə hər ay 3000 manat gəlir əldə etmək imkanını itirmişdir. Şirniyyat sexi 3 aydır ki, fəaliyyət göstərmir və o, xeyli itkiyə məruz qalmış, əldə edəcəyi gəlirdən məhrum olmuşdur. İcarəçi yalnız 2 ay qabaq ona məlumat verməklə, müqaviləni poza bilərdi. O, əldə edəcəyi gəlirdən faydalanmaq imkanından məhrum olmuşdur. Yəni alacağı icarə haqqını mülki dövriyyəyə buraxmaqla ən az əldə edəcəyi gəlirdən faydalanmaqla, əlavə gəlir əldə edə biləcəyi 2000 manatdan məhrum olmuşdur. Bütün bunlar nəticəsində həmçinin ona vurulan mənəvi zərərin həcmini 1000 manat kimi qiymətləndirir. Onunla cavabdeh “Tək Dad" MMC arasında fevral ayında 2000 manat dəyərində icarə müqaviləsi bağlanmışdır. Daha sonra 01 mart 2021-ci il tarixdə icarə müqaviləsinin predmeti olan sahənin genişlənməsi ilə bağlı müqavilə yenilənmişdir. Cavabdeh ona müqaviləyə əsasən 3000 manat ödəməli olduğu halda həmin borcun rəsmiləşdirilməsi məqsədilə 26.05.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin borc məbləğindən 200 manat ödəmiş, 2800 manat borcun olmasına dair müqavilənin bağlanmasından sonra isə 300 manat ödəmişdir. Hazırda cavabdehin ona 2500 manat borcu vardır. Həmçinin, müqavilənin şərtinə əsasən, kommunal ödənişləri də cavabdeh ödəməli idi. Buna baxmayaraq, cavabdeh kommunal ödənişləri ödəməmiş və o, 300 manat kommunal borc məbləği ödəmək məcburiyyətində qaİmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İcarəyə verən İddiaçı ilə icarəçi Tək Dad MMC-nin dirketoru X4 arasında bağlanmış 01.02.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə üzrə icarəyə verən ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan sahəni icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1, 2.2, 2.3-cü bəndlərinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir, 01.01.2022-ci il müddətinə bağlanmışdır. İcarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi sahə bu müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin tam sahibliyinə keçir. Müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəməlidir. Müqavilənin 4.1, 4.2-ci bəndlərinə əsasən aylıq icarə haqqı 2000 manat təşkil edir. İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. -İcarəyə verən İddiaçı ilə icarəçi Tək Dad MMC-nin dirketoru X4 arasında bağlanmış 01.03.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə üzrə icarəyə verən ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 170 kv.m olan sahəni icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1, 2.2, 2.3-cü bəndlərinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir, 01.01.2022-ci il müddətinə bağlanmışdır. İcarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi sahə bu müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin tam sahibliyinə keçir. Müqavilənin 4.1, 4.2-ci bəndlərinə əsasən aylıq icarə haqqı 3000 manat təşkil edir. İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.5 bəndində göstərilən bütün xərcləri vaxtlı-vaxtında ödəmək icarəçinin vəzifəsidir. -Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 10.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı, X2 ona borclu olduğu 2800 manat pulu qaytarmaması tələbi mülki qanunvericilik əsasında təmin olunmalı olduğundan ona öhdəlikləri ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. Qərardan daha sonra görünür ki, X4 30 mart 2021-ci il tarixdə saat 19:25-də DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək ünvan 4 ünvanında yerləşən işlədiyi obyektdə müdiri Gündüz adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan başqa X4 30 mart 2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 30 mart 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən işlədiyi yerdə olan zaman İddiaçı ora gələrək onu nalayiq söyüşlərlə söyüb təhqir edərək əli ilə onun sifətindən vuraraq ona xəsarət yetirmişdir. Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi M.Məhəmmədxan küçəsi ev 28/32-də yaşayan İddiaçı 30 mart 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanda yerləşən obyekti icarəyə götürmüş X2 icarə pulunu verməməsi səbəbi ilə həmin ünvanda sonuncu ilə mübahisə etmişdir. Təhqiqat zamanı izahatı alınmış X4 izahatında göstərmişdir ki, 2021-ci ilin yanvar ayında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən şirniyyat evini icarəyə götürmək üçün sonuncu ilə görüşüb söhbət etmiş və bu barədə razılaşdıqdan sonra həmin ayın 31-də o, həmin şirniyyat sexini icarəyə götürmüşdür. İddiaçıla aralarında bağlanmış həmin müqaviləyə görə o, hər ayın 1-də ona 3000 manat pul verməli idi. Lakin 01 mart 2021-ci il tarixdə həmin qeyd olunan məbləği ödəyə bilməmişdir. Buna səbəb sifarişçilərə verdiyi malın pulunu ala bilməməsi olmuşdur. O, bu barədə İddiaçı da bildirmiş, lakin sonuncu həmin pulu aldığını sadəcə olaraq ondan gizlətməsini bildirmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə sexə gələrək onu və işçilərini təhqir etmişdir. Sonuncu dəfə 30 mart 2021-ci il tarixdə saat 11 radələrində Gündüz sexə gələrək onu təhqir edərək çıxıb getmişdir. Bununla bağlı o, polis şöbəsinə gedib ərizə ilə müraciət edərək sexə qayıtmışdır. Həmin gün saat 18 radələrində Gündüz yenidən sexə gələrək onu təhqir edərək əli ilə onun sifəti nahiyəsindən vurub itələmiş və nəticədə o, xəsarət almışdır. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Təhqiqat zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, 01 fevral 2021-ci il tarixdə yaşadığı Binəqədi rayonu M.Məmmədxan küçəsi 28/32 ünvanında yerləşən özünə məxsus obyekti X3 aylıq 3000 manat pula icarəyə vermişdir. Bununla bağlı onların arasında icarə müqaviləsi də bağlanmışdır. Lakin icarənin ödəniş vaxtı çatsa da, Fərqanə ona verməli olduğu 3000 manat puldan yalnız 500 manat pul vermiş və digər xırda xərclər də daxil olmaqla sonuncunun ona ümumilikdə 2800 manat borcu qalmışdır. O, dəfələrlə Fərqanədən pulunu istədikdə sonuncu onun pulunu verməkdən imtina etmişdir. Sonuncu dəfə də 30 mart 2021-ci il tarixdə o, obyektə gələrək Fərqanədən pulunu istəmiş və onların arasında mübahisə yaranmışdır. O, həmçinin izahatında göstərmişdir ki, həmin vaxt o, Fərqanəni söyüb təhqir etməmiş, vurmamış, onu itələməmiş və heç bir xəsarət də yetirməmişdir. Fərqanənin onun barəsində bildirdikləri şər və böhtandır. Təhqiqat zamanı təyin edilərək keçirilmiş məhkəmə tibb ekspertizasının 07 aprel 2021-ci il tarixli, 449 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü X2 bədən səthində xəsarət aşkar olunmamışdır. Beləliklə də toplanmış təhqiqat materiallarından görünür ki, X2 müraciətində göstərdiyi xüsusatlar yəni əvvəllər tanıdığı İddiaçı onu söyüb təhqir edərək əli ilə vurub itələyərək ona xəsarət yetirməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, təhqiqat zamanı iş üzrə təyin edilərək keçirilmiş məhkəmə tibb ekspertizasının rəyindən məlum olmuşdur ki, Fərqanə Mikayılovanın bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin vaxt onlar arasında Fərqanə Mikayılovanın icarə haqqını verməkdən imtina etməsi səbəbindən aralarında mübahisə baş vermişdir. Buna görə də, X2 müraciəti əsasında toplanmış materialda heç bir cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Eyni zamanda, İddiaçı, X2 ona borclu olduğu 2800 manat pulu qaytarmaması tələbi mülki qanunvericilik əsasında təmin olunmalı olduğundan ona öhdəlikləri ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmalıdır. -09.03.2021-ci il tarixli ********* saylı ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı elektrik enerjisinin istehlak haqqına görə 202 manat ödəniş etmişdir. -Borc verən İddiaçı ilə borc alan X4 arasında bağlanmış 26.05.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 2800 manat pulu notariusunbankında açılan depozit hesabı vasitəsi ilə borc verir. Borc alan krediti 25.06.2021-ci tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. -Bakı-Binəqədi RPİ tərəfindən verilmiş 14.12.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 28.12.2013-cü il tarixli AZE № 13752303 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 1 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı ilə Tək Dad MMC-nin direktoru cavabdeh X4 arasında icarə müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 01.02.2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan sahəni icarəçiyə 2000 manata icarəyə vermiş, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra qeyriyaşayış obyektinin sahəsinin artması ilə bağlı tərəflər arasında yeni müqavilə bağlanmış və 01.03.2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus həmin ünvanda yerləşən ümumi sahəsi 170 kv.m olan sahəni icarəçiyə 3000 manata icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi icarəyəverən müqavilə üzrə öhdəliyini yerinə yetirərək qeyri-yaşayış sahəsini icarəyə vermiş, icarəçi isə icarə haqqının ödənilməsindən yayınaraq müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. İşin araşdırılan hallarından və iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 10.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına və tədqiq edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçi-cavabdeh icarəyə verən-iddiaçıya 3000 manat icarə haqqı verməli olduğunu, həmin ödənişdən 500 manat verdiyini və 2500 manat borcunun qaldığını etiraf etmişdir. Mülki Məcəllənin: 700.1. maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad) İşin müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh müqavilənin qeyd edilən 4.1-ci bəndini pozmuş və hər ayın 5-dən gec olmamaq şərtilə icarəyə verənə icarə haqqını ödəməli olduğu halda ödəniş etməmiş, bununla da müqavilə üzrə öhdəliyini kobud şəkildə pozmuşdur. Məhkəmə həmçinin, qeyd edir ki, icarə müqaviləsi üzrə borcun ödənilməsinə dair tərəflər arasında kredit müqaviləsi imzalanmışdır. Belə ki, 26.05.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcalan-cavabdeh 2800 manat borcun ödənilməsi öhdəliyini götürsə də, iddiaçı həmin borcdan cavabdehin əlavə olaraq 300 manat ödəniş etdiyini səmimi şəkildə bildirərək 2500 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə iddia tələblərini 2500 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının iddia tələbinin 300 manat kommunal ödənişin tutulması tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı elektrik enerjisinə görə 202 manat ödəniş etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəməli olduğu halda, öhdəliyini icra etməyərək kommunal ödənişi etməmiş, bu səbəbdən də müqavilə şərtlərinə uyğun olaraq iddiaçının həmin ödənişin də cavabdehdən onun xeyrinə tutulması tələbi barədə hüququ yaranmışdır. Bu səbəbdən də, məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərək kommunal ödənişə görə 202 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı hesab olunaraq qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.03.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə icarə haqqına görə 2500 manat, kommunal ödənişə görə 202 manat olmaqla cəmi 2702 manat pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.03.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh-dən icarə haqqına görə 2500 (iki min beş yüz) manat, kommunal ödənişə görə 202 (iki yüz iki) manat olmaqla cəmi 2702 (iki min yeddi yüz iki) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4500/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4500/2021
12.10.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver