Məhkəmə qərarları › İş №2(012)-451/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-451/2021

16.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-451/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı XX.XX.1953-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı XX.XX.1953-cü il təvəllüdlü X7 anadan olandan əqli cəhətdən xəstədir, həmçinin danışıq qabiliyyətini itirmişdir. Bu xəstəlik səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Buna görə də ona İİ qrup əlillik dərəcəsi verilmişdir. X7 İİ qrup əlil olduğu üçün iş qabiliyyəti yoxdur və onun qayğıya ehtiyacı vardır. Bundan əlavə G.Hümbətovanın anası X4 xx xxxxxxxx 2007-ci il tarixdə, atası X8 isə xx xxxx 2020-ci il tarixdə vəfat etmişlər. Ona görə də, ərizəçi G.Hümbətovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, XX.XX.1953-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti nəzdində Övladlıq və Qəyyumluq komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Abşeron rayon ƏM tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 201905 saylı vəsiqənin surətindən görünür ki, X7 2-ci qrup əlildir. İşdə olan AZE № 06169498 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 XX.XX.1953-cü il tarixdə anadan olmuşdur. İşdə olan olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin anası X4 xx xxxxxxxx 2007-ci il tarixdə Saray qəsəbəsində ölmüşdür. İşdə olan olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin atası X8 xx xxxx 2020-ci il tarixdə Saray qəsəbəsində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nin Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2610 saylı xx xxxxxxxx 2020-ci il tarixli arayışından məlum olur ki, X1 rayonu, Saray qəsəbəsi, A.Müzəffərova küçəsində 7 saylı evdə yaşayır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 63 saylı rəyindən məlum olur ki, X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X6 İmbesilik dərəcəsində oliqofreniya müəyyən edildiyi üçün o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən İmbesilik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ərizənin tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1953-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1953-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar