Məhkəmə qərarları › İş №2(012)-4618/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4618/2022

07.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4618/2022 07.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi övladlığa götürülmə və öhdədə olma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1969-cu ildə X7 tərəfindən övladlığa götürülməsi və onun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1966-cı il iyul ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Bioloji anası X4, atası isə X10r. Lakin 6 aylıq körpəliyindən 3 yaşınadək, yəni anası Fəzilə Xəlilova öldükdən sonra o, 1 saylı körpələr evinə verilmişdir. Atası bir müddət işlədiyi üçün ona baxa bilməmiş və 1 saylı körpələr evinə vermişdir. Sonradan Adıgözəlova (Qasımova) Minayə Paşa qızı onu övladlığa götürmüş və ona analıq etmək istədiyini bildikdə atası da onunla evlənmişdir. 3 yaşından etibarən onu anası (övladlığa götürən) Adıgözəlova (Qasımova) Minayə Paşa qızı böyütmüş, tərbiyə etmiş, ona qulluq göstərmişdir. Lakin hazırki tarixədək onun doğum haqqında şəhadətnaməsində anası kimi bioloji anası X4 göstərilmişdir. Hazırda onun övladlığa götürülmə faktının təsdiq edilməsinə və onun Adıgözəlova (Qasımova) Minayə Paşa qızının himayəsində böyüməsinin məhkəmə qaydasında təsdiq edilməsinə ehtiyac vardır. Çünki məhkəmədən başqa bu faktı təsdiq edə biləcək dövlət qurumu yoxdur. Onu övladlığa götürən Adıgözəlova (Qasımova) Minayə Paşa qızının ölümündən sonra miras əmlak qalmışdır. Həmin əmlaka dair vərəsəlik hüquqlarının qeydiyyata alınması üçün onun Adıgözəlova (Qasımova) Minayə Paşa qızı tərəfındən övladlığa götürülməsi faktının təsdiqlənməsinə ehtiyac vardır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Əvvəllər yaşadıqları evi dəyişdirmiş, o ev də pis şəraitli olduğu üçün "AAAF Parkdan" yeni ev almışlar. Atası evi onun adına rəsmiləşdirmək istəmiş, lakin onun 14 yaşı olduğu üçün analığı Minayənin adına rəsmiləşdirmişdir. Minayənin uşağı olmamış, onun atasından sonra Minayə başqa şəxslə evlənmişdir. Onlara görə Minayənin ailəsi ondan imtina etmişdir. Minayənin ikinci əri hazırda sağdır və ona məxsus evdə yaşayır. Mübahisəli evin yuxarısını özü üçün tikdirmişdir. Təsdiq edir ki, həqiqətən də, 1969-cu ildən X7 bacısını övladlığa götürmüş, bacısı onun öhdəsində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Əvvəllər qonşular elə bilirdilər ki, Minayə Şəlalənin və Lətifənin xalasıdır. Lakin sonradan məlum olmuşdur ki, Minayə onların analığıdır. O, özü burada 2000-ci ildən yaşayır, lakin Minayəgil bundan da öncə oraya köçmüşlər. Minayə vəfat edib. Təsdiq edir ki, həqiqətən də, X7 ərizəçini övladlığa götürmüş, ərizəçi onun öhdəsində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X6, anası X2r. - AZE 03046584 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1939-cu il tarixdə Yevlax şəhərində doğulmuşdur. - AZ-İ 963360 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Xırdalan şəhərində ölmüşdür. - AZ-İİ 242793 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - 17 may 2022-ci il tarixli, 05/Q-645/70 saylı arayışdan görünür ki, X15 ilə X9 nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.1980-ci il tarixli qətnaməsilə pozulmuş və xx.xx.1980ci ildə 75 saylı akt qeydi ilə Abşeron rаyоn qеydiyyаt şöbəsində dövlət qeydiyyatına alınmışdır. - Qeydiyyat vəsiqəsindən və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin oktyabr 1989-cu il tarixdə tərtib edilmiş 14449 saylı texniki pasportunun surətindən görünür ki, Quşçuluq yaşayış massivindəki 124,5 kv.metrlik yaşayış evi X3 adına qeydə alınmışdır. - Abşeron rаyоn qеydiyyаt şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X15 ilə X9 nikahı xx.xx.1967-ci il tarixdə 462 saylı aktla Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X6, anası X2r. İşdən görünür ki, X1 Minayə Paşa qızı ilə xx.xx.1967-ci il tarixdə nikaha girmiş və onların nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.1980-ci il tarixli qətnaməsilə pozulmuşdur. Hazırda Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 1969-cu ildə X7 tərəfindən övladlığa götürülməsi və onun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla belə, ərizəçi qeyd edilən faktın təsdiq edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şahid ifadələrinə gəlincə, məhkəmə hesab edir ki, bu ifadələr Ərizəçi ərizəsinin təmin edilməsi üçün yetərli deyildir. İşin məhkəmə araşdırılması zamanı Ərizəçi 1969-cu ildə X7 tərəfindən övladlığa götürülməsi və onun öhdəsində olması faktı öz təsdiqini tapmamışdır. Ərizəçinin şifahi vəsatəti üzrə dindirilən şahidlərin ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, digər sübutlarla təsdiq edilmədiyindən həmin ifadələr iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, Ərizəçi övladlığa götürülmə və öhdədə olma faktının müəyyən edilməsi faktı iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslı hesab olunmayıb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi övladlığa götürülmə və öhdədə olma faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar