Məhkəmə qərarları › İş №2(012)-467/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-467/2024

23.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-467/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, oğlu 20 fevral 2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçi X7 ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyana lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş, məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında onun iştirakı mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 “kvadroplegik spastik serebral iflic, ağır dərəcəli əqli gerilik İQ22 mikrosefaliya spastik serebral iflic iəmmobillik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuşdur. -Səhiyyə Nazirliyi Məhkəmə X5 X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 28 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X3 “uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları aşkar olunur. Bunu anamnestik məlumatlar- doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının elektron arayışında “kvadroplegik spastik serebral iflic, ağır dərəcəli əqli gerilik İQ22 mikrosefaliya spastik serebral iflic immobillik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi) həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ( zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İİ Yekun hissəsi: X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 28 saylı rəyindən müəyyən olunur ki, X6 “uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2024-cü il tarixli, 28 saylı saylı rəydə X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin oğlu-20 fevral 2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. 20 fevral 2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar