Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4693/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü baldızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 149.1. maddəsinə əsasən, iddia ərizəsi səlahiyyəti olan şəxs tərəfindən imzalanmalıdır. 150.0.3. maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. İşin araşdırılan hallarından görünür ki, ərizəçi öz həyat yoldaşının bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi məhkəməyə müraciət etməsi üçün onu subyektiv hüquqlara malik olması lazımdır. Məhkəmə hesab edir ki, AR MPM-nin 317.2. maddəsinə əsasən, ərizəçi, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb edilən şəxsin yaxın qohumu olmadığından, ərizəçinin məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan əlavə ərizəçi həyat yoldaşının xəstə olması səbəbindən özünün ərizə ilə məhkəməyə müraciət etdiyini bildirsə də, məhkəmə qeyd edir ki, ərizəçinin həyat yoldaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair hər hansı məhkəmə qərarı yoxdur. Odur ki, ərizəçi həyat yoldaşının adından etibarnamə əsasında ərizə ilə məhkəməyə müraciət etməli idi. Ona görə də məhkəmə hesab edir ki, ərizə səlahiyyətli şəxs tərəfindən imzalanmadığından, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1. maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov