Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4753/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən abonent kodu **********1290 olan sayğacla bağlı İddiaçı əsassız hesablanmış 234,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında iki yaşayış evi və iki qaz sayğacı mövcud olmuşdur. Ev şəxsi mülkiyyət hüququ əsasında Süleymanzadə Murada məxsusdur. İddiaçı adına olan qaz hesab kodu **********1290 olmaqla qaz sayğacına əlavə-artıq qaz sərfıyyatı yazılmışdır. Belə ki, 2012-ci ildən sonrakı bütün dövrdə qeyd olunan qazdan qətiyyən istifadə olunmamışdır. Ona görə ki, həmin qazın aidiyyatı olan ev birmərtəbəli ev idi və evin arxa tərəfində "xxxx" MTK tərəfindən tikilmiş hündürmərtəbəli onun 2 metrliyində tikilmiş və tikintidən tökülən daş, qum kisəsi, taxta və s. evi yararsız hala salmışdır. Şiferlər qırılmış, yağan yağış və qar evi yararsız hala salmışdır. Belə olan halda kommunal istifadədən söhbət gedə bilməz. 2012-ci ildən sonrakı dövrdə bütün göstərici sıfır göstərdiyi halda, 2021-ci ildə birdən-birə fantastik olaraq 234 manat 70 qəpik göstərmişdir. Bu evdə yaşayış mümkün olmadığı, qazdan istifadə edilmədiyi halda yazılmış əlavə sərfıyyat 2012-ci ildən bəri yalnız 2021-ci ildə olmuşdur. 2022-ci il və bu günə kimi qaz sərfıyyatı yoxdur. Dəfələrlə Qaz İdarəsinə müraciət etsə də bu barədə heç bir tədbir görülməmişdir. Qeyd edilən qaz sayğacı küçədə yerləşir. Cavabdeh İB-nin əməkdaşları istənilən vaxt gəlib həmin sayğaca istədikləri müdaxiləni edə bilərlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia ilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O qeyd etdi ki, tətbiq edilən borc əsaslıdır və onun silinməsinə heç bir əsas yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında (kod: **********01290) Zenner G4T mexaniki tipli, **********0 nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixində quraşdırılmışdır. Sonuncu dəfə xx.xx.2022-ci ildə sayğacın üzərindəki 1670 m3 qaz sərfiyyatı qeydə alınmış, hesabınızda 234,7 manat borc yaranmışdır. İkinci qeyd edilən ünvanda isə Abşeron rayonu, Xırdalan şəhəri, 31 məhəllə, ev 0 В, mənzil 885 ünvanında (kod:**********28850) saylı istehlakçı hesabında yaranmış borcla əlaqədar olaraq bildirilir ki, sözügedən ünvanda quraşdırılmış Zenner G4T mexaniki tipli, **********6 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilmək üçün xx.xx.2022-ci il tarixində sonradan ödənişli Zenner G4T mexaniki tipli **********0 nömrəli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan qaz sayğacı “Ölçmələrin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya institutunun nümayəndəsi) nəzarəti altında "Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının 5.04.2023-cü il tarixli 14-2-2/3-5-74- 1 saylı aktına əsasən, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plasmas plomblarının alt hissəsinin üzərində əzik-cızır izləri var, xətalar normadan artıqdır, sayğac istismara yararsızdır - müdaxilə rəyi verilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 2 ünvanına aid abonent kodu **********01290 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin mart ayında abonentə 234,70 manat məbləğində borc hesablanmışdır. O cümlədən: 68,70 manat ayın əvvəlinə borc, 128,40 manat sərfin məbləği, 37,60 manat yeni tarifə keçid. Saldodan görünür ki, 2020-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək qaz sərfiyyatı yoxdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 234,70 manat məbləğində sərfiyyat onun guya təbii qazdan istifadə etməsinə görə hesablanmışdır. İş materiallarından isə görünür ki, qeyd edilən dövrdə həmin ünvanda yaşayış olmamış, beləliklə, təbii qazdan istifadə edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyə görə abonent yalnız istehlak etdiyi təbii qazın dəyərini ödəməlidir. Cavabdehin abonentə tətbiq etdiyi sərfiyyatın əsaslılığını təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarında mövcud deyil, əksinə işdə olan sübutlarla təsdiq olunur ki, iddiaçıya tətbiq edilən sərfiyyatın heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə hesablanmış 234,70 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus abonent kodu **********01290 olan sayğacla bağlı Cavabdeh İB tərəfindən hesablanmış 234,70 manat məbləğində borc silinsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4753/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4753/2024
17.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver