Məhkəmə qərarları › İş №2(012)-4757/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4757/2021

01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4757/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 021688 saylı 26.03.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən 28A saylı evə dair əsassız olaraq hesablanmış 769.86 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində yerləşən 28A saylı ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və o, həmin mənzildə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. 26 mart 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 28A saylı evin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı kənar xəttin daxil edildiyi bildirilmişdir. Buna görə də 021688 saylı 26 mart 2021-ci il tarixli akt tərtib edilərək ona 769.86 manat cərimə hesablanmışdır. "xxxx" ASC tərəfindən tərtib olunmuş 021688 saylı 26 mart 2021ci il tarixli aktda qeyd edilən məbləği o, əsassız hesab etdiyi üçün məbləğin hesablanma qaydası ilə tanış olmaq məqsədilə həmin akta dair icra vərəqəsinin təqdim edilməsi ilə bağlı 17 iyul 2021-ci il tarixli ərizə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinə müraciət etmişdir. Müraciətə cavabı o, 16 iyul 2021-ci il tarixdə idarəyə yaxınlaşaraq şəxsən təhvil almışdır. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 021688 saylı 26 mart 2021-ci il tarixli aktı o, əsassız hesab edir. Hesablama dövrü üçün 210 gün əsas götürülmüşdür. Halbuki, o, sadəcə 1 gün işıqlar kəsildiyindən əlavə xəttə qoşulmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən hesablama dövrünün hansı səbəbdən məhz 210 gün götürülməsi aydın olmamışdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nda və digər normativ hüquqi aktlarda hesablama dövrünün günləri ilə bağlı heç bir məlumatın əldə olunması mümkün olmamışdır. O, sayğac üzrə elektrik enerjisindən istifadəyə görə vaxtı-vaxtında ödənişləri etmişdir. Bu səbəbdən də, hesab edir ki, həmin protokol əsassız olduğu üçün ləğv edilməli və əsassız olaraq hesablanmış 769.86 manat borc silinməlidir. Belə ki, onun qardaşı qızı imtahan ilə əlaqədar olaraq internetə qoşulmalı olduğundan o, 1 saatlıq müvəqqəti olaraq başqa bir xəttə qoşulmaq məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərişıq ASC ilə abonent İddiaçı arasında 07.01.2021-ci il tarixli elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı ona məxsus olan evə quraşdırılmış elektrik sayğacına kənar xətt vasitəsilə daxil olmuşdur. Azərişıq ASC-nin nümayəndələri tərəfindən buna dair 26.03.2021-ci il tarixdə 021688 saylı akt tərtib olunmuş və həmin akta əsasən kənar xəttin sayğacı qidalandıran SİP xəttinin fərdi yaşayış hasarının üst hissəsinə düşən yerdən xüsusi sıxac vasitəsilə götürülməsi müəyyən olunmuş, kənar xəttin ləğv olunması qərara alınmışdır. Həmin akt əsasında da iddiaçıya 769,82 manat borc hesablanmışdır. Həmin borc məbləği də iddiaçı tərəfindən ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı onun doğma əmisidir. Əmisinin soyadı ilə onun soyadının uyğunsuzluq təşkil etməsinin səbəbi onun əmisinin babasigildə böyüyüb babasının soyadını qəbul etməsi olmuşdur. Belə ki, onun valideynləri rəhmətə getdiyindən onun əmisi onu himayəsinə götürmüşdür. Əmisi ona çox yaxşı baxır. O, özü Bakı Dövlət Universitetində magistr pilləsində təhsil alır. Pandemiya ilə əlaqədar olaraq dərsləri online formada keçirilmişdir. 2021-ci ilin mart ayında bir neçə dəfə işıqların söndüyü olmuşdur. Bu səbəbdən də dərslərdən geri qalmasın deyə əmisi əlavə xəttə qoşulmaq məcburiyyətində qalmışdır. Həmin gün işıq idarəsindən əməkdaşlar gəlib əlavə xəttə qoşulduğuna görə əmisini cərimə etmişlər. Əmisinin elektrik xəttinə kənar xətt vasitəsilə qoşulması bir aya yaxın müddəti keçməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Azərişıq ASC ilə abonent İddiaçı arasında bağlanmış 07.01.2021-ci il tarixli elektrik enerjisinin alqı-satqısına dair müqavilədən görünür ki, tərəflər elektrik enerjisinin alqısatqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə Elektrik enerjisindən istifadə qaydalarını rəhbər tutmuşlar. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 26.03.2021-ci il tarixli 021688 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması, kənar xəttin sayğacı qidalandıran SİP xəttinin fərdi yaşayış hasarının üst hissəsinə düşən yerdən xüsusi sıxac vasitəsilə götürülməsi müəyyən olunmuşdur. Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2 X 10 kv.mm aliminium qoy 11.3 kvt təşkil edir və kənar xəttin ləğv olunması qərara alınmışdır. -Azərişıq ASC-nin 31.03.2021-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarının surətindən görünür ki, abunə kodu **********02009 olan İddiaçı məxsus ünvana quraşdırılmış sayğaca baxış keçirilərkən yoxlama zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran SİP xəttinin fərdi yaşayış hasarının üst hissəsinə düşən yerdən xüsusi sıxac vasitəsilə götürülmüş və 2,2 kvt x (0.7) x 24 saat x 210 gün = 7762 kvts Tarif (0,07 man) - 2100 kvts x 0,07 = 147 manat, Tarif (0,11 man) - 5662 kvts x 0,11 = 622,82 manat, cəmi = 769,82 manat borc hesablanmış, sayğac dəyişdirilmiş və aktın verilməsi üçün əsas 26.03.2021-ci il tarixli 021688 saylı akt olmuşdur. -Azərişıq ASC-nin abunə haqqında sənədindən görünür ki, abunə kodu **********02009 olan İddiaçı məxsus ünvan 1 ünvanına yerləşdirilmiş elektrik sayğacına 725.18 manat borc hesablanmışdır. -Abşeron RPŞ tərəfindən verilmiş 16.02.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev X2 rayonu Xırdalan şəhəri 20 Yanvar küçəsi 28A saylı evdə qeydiyyatdadır. “Elektrik enerjisindən istifadə Qaydalarının: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentləri ilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına görə abonent tərəfindən əlavə xətt yolu ilə qoşulması nəticəsində elektrik sayğacından istifadə qaydaları pozulmuş, sonuncu barəsində Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş akta əsasən 769.82 manat borc hesablanmışdır. Hazırda, iddiaçı 26.03.2021-ci il tarixli 021688 saylı aktın ləğv edilərək həmin akt əsasında hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.32-ci bəndinin “a” yarımbəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə 26.03.2021-ci il tarixli 021688 saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 769.86 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi qiymətləndirərək nəzərə alır. Belə ki, 26.03.2021-ci il tarixli 021688 saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, belə ki, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Məhkəmə tərəflərin izahatı və şahid ifadələri əsasında müəyyən etmişdir ki, mübahisəli akt əsasında hesablanmış 769.82 manat pul məbləği abonentə 210 gün ərzində elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində hesablanmışdır. Məhkəmə araşdırması zaman iddiaçının izahatı və şahid ifadəsi ilə iddiaçının elektrik enerjisinə kənar xətt yolu ilə bir ay müddətində qoşulmaqla elektrik enerjisindən istifadə qaydasını pozması öz təsdiqini tapmış, həmin halı inkar edəcək mötəbər, təkzibolunmaz sübutlar isə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə 26.03.2021-ci il tarixli 021688 saylı akt əsasında 210 gün müddətində hesablanmış 769.82 manat pul vəsaitinin, 30 gün müddətinə hesablanmaqla sadə riyazi hesablama qaydasına riayət edərək, (2,2 kvt x (0.7) x 24 saat x 30 (otuz) gün = 110.8 kvts Tarif (0,07 man) - 1108.8 kvts x 0,07 = 77.62) 77.62 manat hesab edib, həmin pul vəsaitinin iddiaçıya məxsus **********02009 saylı abunent kodundan silinməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 26.03.2021-ci il tarixli 021688 saylı akt əsasında abunə kodu **********02009 olan İddiaçı barəsində hesablanmış 77.62 manat pul vəsaiti abonentin hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 26.03.2021-ci il tarixli 021688 saylı akt əsasında abunə kodu **********02009 olan İddiaçı barəsində hesablanmış 77.62 (yetmiş yeddi manat altmış iki qəpik) manat pul vəsaiti abonentin hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar