Məhkəmə qərarları › İş №2(012)-476/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-476/2023

13.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-476/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs olan Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 13 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü atası X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və həmin şəxsin üzərində onun qəyyum olaraq təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası xx.xx.1962-ci il təvəllüdlü X4 psixiki qüsurlu şəxsdir. Belə ki, o, parkenson xəstəliyindən əziyyət çəkir. Atasına 2017-cü ildən İİ qrup ümumi səbəbdən müddətsiz əlillik dərəcəsi verilmiş, lakin hal-hazırda pensiyası kəsilmişdir. X6 Xəstəxanasında qeydiyyata alınmışdır. Parkenson xəstəliyi mahiyyəti üzrə aqressiv xəstəlik olmaqla, müalicəsi yoxdur. Onun atası Mürsəlov Vasif öz hərəkətlərinin mənasını anlamır, əməllərini dərk etmir, onları idarə edə bilmir və hərəkətlərinin hansı nəticə verəcəyini öncədən bilmir. İddiaçı hazırda istifadələrində olan evlə bağlı müəyyən sənədləşmə işləri aparmaq niyyətindədir və atasının pensiyası kəsildiyi üçün müəyyən xəstəlik arayışların, eyni zamanda atasının həyat yoldaşı atasına məxsus ünvan 1 ünvanında yerləşən evin bölünməsi tələbinə dair iddia vermişdir. Lakin atası həmin mənzilin mülkiyyətçisi olduğu üçün həm məhkəmə, həm də digər orqanlarda pensiyasına aid yaranmış mübahisəyə dair onun yazılı razılıqları tələb olunur. Yuxarıda qeyd etdiyi səbəblərdən bu cür məsələlərdə mütəmadi olaraq maneələrlə qarşılaşır. Habelə atasının gələcəkdə pozulmuş hüquqlarının bərpa olunmasında onun himayəçisi və qəyyumu kimi şəxsən özü iştirak etmək istəyir. Buna görə də atasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan 29 may 1996-cı il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası isə X1r. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, X4 barədə “baş beyinin üzvi xəstəliyi, demensiya. Kənar şəxslərin köməyinə ehtiyacı var. Keçirilmiş çoxocaqlı işemik insult. Tetraparez əlamətləri” diaqnozu qoyulmuş, “daima ciddi qulluq və müalicə tələb edən damar demensiyası” qərarı alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli 3476 saylı rəyindən görünür ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Onun daima qulluğa ehtiyacı vardır, hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli 3476 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21 fevral 1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 21 fevral 1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 21 fevral 1962-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar