Məhkəmə qərarları › İş №2(012)-477/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-477/2023

07.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-477/2023 07.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı H.Əliyev adına X12 nümayəndəsi Nümayəndə1, Cavabdeh, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı H.Əliyev adına X12 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı H.Əliyev adına X15 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında mişar daşından 4 x 20 x 2,50 metr ölçüdə inşa olunmuş hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək kəmərin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasının 46 metrlik məsafəsində torpaq zəbt edilməklə ünvan 2 ünvanında özbaşına mişar daşından 4 x 20 x 2,50 metr ölçüdə hasar inşa edilmişdir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə törədir. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda, ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1, həmçinin iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edib məhkəmədən onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 mütəxəssisinin mübahisə ilə bağlı tərtib etdiyi rəyi müdafiə etdi. O bildirdi ki, Cavabdeh faktiki istifadəsində olan 0,0397 ha torpaq sahəsi xx.xx.2021-ci tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə (naturada) üst-üstə düşür. X13 məxsus ünvan 1 ünvanında neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında Cavabdeh tərəfindən daş hasara alınmış 0,0397 ha torpaq sahəsində hər hansı tikili mövcud deyildir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə mühafizə zonasına aid edilir. Mühafizə zonası ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. Mühafizə zonasında Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İşdə olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X10 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş:300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İBnin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İşdə olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 30 saylı komandanın rəis müavini X7, qarovul rəisi X3 və mühafizəçi X6 müəyyən etmişlər ki, xx.xx.2022-ci il tarixində saat 18:00 radələrində 19 saylı postun (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20:00-a kimi) müşahidə) ərazisində Abşeron rayonu, Masazır qəsəbəsində, Məhəmməd Hadi küçəsində, NEZ-nin DŞ 500 mm-lik yerüstü dizel boru kəmərinin 23.8-ci km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 45-46 metr aralı məsafədə, Cavabdeh məxsus köhnədən inşa edilmiş içərisində yaşayış olan evin sol hissəsində təqribən 20 metr uzunluğunda köhnədən olan 7 mişar daşı hündürlüyündə hasarın üzərində 8 mişar daşı hündürlüyündə əlavə hörgü işləri aparılmışdır. Tikinti sahibinə gördüyü işlərin mühafizə zolağına düşdüyü üçün qanunazidd olduğu bildirilərək şifahi xəbərdarlıq olunmuşdur. Lakin Cavabdeh **********16-10301 dövlət registr nömrəli çıxarışı təqdim edərək gördüyü işlərin qanuni olduğunu bildirmişdir. Əraziyə NEZ-in MPnin əməkdaşları dəvət olunmuş, onların iştirakı ilə tikinti sahibi ilə fərdi söhbət aparılmış, tikintinin dayandırılması tələb olunsa da, həmin şəxs münaqişə yaradaraq tikintini saxlamayacağını bildirmişdir. Faktla bağlı NEZ-in MP-nin rəis müavini R.Nəcəfova məlumat verilmiş, o da öz növbəsində müvafiq sənədləşdirmə aparıldığını və bununla bağlı tədbir görəcəyini bildirmişdir. Bu tikinti ilə bağlı xx.xx.2022-ci il tarixində müvafiq sənədləşdirmə aparılmış və Tİ-yə SOCAR**********10030990X00002 saylı xidməti yazı ilə müraciət olunmuşdur. Bu barədə Tİ-nin XTŞ-nin növbə rəisinə və NEZ-in növbətçisinə məlumat verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi ərazisində 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən 25 kv.metrlik ev Cavabdeh məxsusdur. Həmin torpaq sahəsinə dair onun adına xx.xx.2022-ci il tarixli A765276 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan 0,0397 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə (naturada) üst-üstə düşür. H.Əliyev adına X13 məxsus ünvan 1 ünvanında neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında Cavabdeh tərəfindən daş hasara alınmış 0,0397 ha torpaq sahəsində hər hansı tikili mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2832 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsində olan 0,0397 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə (naturada) üst-üstə düşür. H.Əliyev adına X13 məxsus ünvan 1 ünvanında neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında Cavabdeh tərəfindən daş hasara alınmış 0,0397 ha torpaq sahəsində hər hansı tikili mövcud deyildir. İşdən görünür ki, Cavabdeh mülkiyyətində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi ərazisində 0,04 ha torpaq sahəsi mövcuddur və onun adına xx.xx.2021-ci il tarixli reyestrdən çıxarış, habelə xx.xx.2022-ci il tarixli A765276 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı isə iddia edir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında mişar daşından 4 x 20 x 2,50 metr ölçüdə hasar inşa etmişdir və bu hasar özbaşına (qanunsuz) tikili hesab edilməli və sökülərək kəmərin mühafizə zonasından çıxarılmalıdır. İddiaçının əsas dəlili hasarın ona məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında yerləşməsidir. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, həm mütəxəssis, həm də ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində olan 0,0397 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə (naturada) üst-üstə düşür. H.Əliyev adına X13 məxsus ünvan 1 ünvanında neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında Cavabdeh tərəfindən daş hasara alınmış 0,0397 ha torpaq sahəsində hər hansı tikili mövcud deyildir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edildiyi kimi, mübahisələndirilən torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Hazırki halda iddiaçıya məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin həmin ərazidən keçməsi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Aparılmış tədqiqatla cavabdehin mülkiyyətində olan sahədə mühafizə zonasına düşən hər hansı tikilinin olmadığı müəyyən edilmişdir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə çəkilmiş daş hasarın sökülməsi barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansı ki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Başqa sözlə, hazırki halda iddia tələbi əsaslı şübhələrdən kənar deyil və onun iddia edildiyi qaydada təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə zidd olardı. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-nin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. İddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı H.Əliyev adına X12 Cavabdeh qarşı tikilinin sökülməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul H.Əliyev adına X10 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar