Məhkəmə qərarları › İş №2(012)-4798/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4798/2021

09.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4798/2021 09.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Emilya Melentyevanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. -Abşeron RPŞ tərəfindən verilmiş 27.02.2013-cü il tarixli AZE № 13216456 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 28.11.1996-cı il təvəllüdlü X1 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 16 saylı evin 62 saylı mənzilində qeydiyyatdadır. Göründüyü kimi Ərizəçi ərizəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi şəxs olan bacısı qızı - 28.11.1996-cı il təvəllüdlü X1 rayonu Xırdalan şəhəri 28ci məhəllə 16 saylı evin 62 saylı mənzilində qeydiyyatda olsa da, o, Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən psixiatriya müəssisəsinə yerləşdirilmiş, hazırda da həmin müalicə müəssisəsində müalicə alır. Ona görə də ərizə ərazi aidiyyatına əsasən Abşeron rayon Məhkəməsində baxıla bilməz. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 3-cü maddəsində əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. 5-ci maddəsində əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizəanket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır. Məlum olduğu kimi qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Mülki Prosessual Məcəllənin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən ümumi qaydada psixiatriya müəssisəsinin yerləşdiyi rayonun məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar