Məhkəmə qərarları › İş №2(012)-48/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-48/2025

10.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-48/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı «metal lövhələrdən çəkilmiş hasarın və çardağın özbaşına tikili hesab edilməsi və mühafizə zonasından çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Heydər Əliyev adına X4 səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində mişar daşlarının üzərində 5x5x2 metr ölçülərdə metal lövhələrdən çəkilmiş hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi X3 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində mişar daşlarının üzərində 5x5x2 metr ölçülərdə metal lövhələrdən çəkilmiş hasarın və metal konstruksiyalardan quraşdırılmış 8x2.5x10 metr ölçülərdə çardağın özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikililərin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 48 metrlik məsafəsində torpaq zəbt etməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində mişar daşlarının üzərində 5 x 5 x 2 metr ölçülərdə özbaşına metal lövhələrdən hasar çəkilmişdir. Bundan başqa həmin Dş-500 mm neft boru kəmərinə parallel Dş-300 mm (2 ədəd) və Dş-250 mm neft boru kəmərləri keçir. İddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. “Mühafizə Zonaları”nın müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, “Mühafizə Zonası”nın mövcudluğu olduqca zəruridir. Həmçinin xx.xx.2023-cü il tarixdə növbəti monitorinq zamanı Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin 48 metrlik məsafəsində Cavabdeh tərəfindən yaşadığı evə bitişik metal konstruksiyalardan 8x2.5x10 metr ölçülərdə özbaşına quraşdırılmış çardağa dam örtüyünün vurulması aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq o, tikinti işlərini davam etdirdiyi üçün tərəflərindən xx.xx.2023-cü il tarixdə əraziyə baxış keçirilmiş, akt tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh məhkəmə qərarı əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbirinə məhəl qoymadan çardaq inşa etmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, ekspert rəyini, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikintitexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8520 saylı ekspert rəyinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində yerləşən, Dş-500 mm (dizel) neft boru kəmərindən 48 metr məsafədə metal lövhələrdən çəkilmiş hasarın mövcud olduğunu nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. Daha sonra iddiaçı təşkilatın nümayəndəsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyindən hazırki mülki iş ilə bağlı bütün şübhə və anlaşılmazlıqları aradan qaldırmaq üçün əlavə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 10/5286 saylı ekspert rəyindən görünür ki, ilkin ekspertiza zamanı əldə olunmuş məlumatlara əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində yerləşən, Dş-500 mm (dizel) neft boru kəmərindən - 48 metr məsafədə metal lövhələrdən çəkilmiş hasarın və metal konstruksiyalardan ibarət çardağın mövcud olduğunu nəzərə alaraq, həmin hasarın və çardağın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələbləri pozularaq Heydər Əliyev adına X6 məxsus Dş-500 mm (dizel) neft boru kəmərindən 48 metr məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində metal lövhələrdən çəkilmiş hasar və metal konstruksiyalardan ibarət çardaq inşa edilmişdir. AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən “Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə cəmi 150 manat ekspertiza xərcinin 75 manat hissəsi iddiaçı təşkilatdan, digər 75 manat məbləği isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Heydər Əliyev adına X6 məxsus Dş-500 mm (dizel) neft boru 48 metr məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində metal lövhələrdən çəkilmiş hasar və metal konstruksiyalardan ibarət çardaq sökülsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə cəmi 150 manat ekspertiza xərcinin 75 manat hissəsi iddiaçı təşkilatdan, digər 75 manat məbləği isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar