Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4814/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış 3839 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobu qəsəbəsində yerləşən sənədsiz tikili ona məxsusdur. O, həmin tikilidə qış aylarında yaşayır. Həmin ev bir otaqdan ibarətdir. Belə ki, müxtəlif vaxtlarda ona heç bir məlumat verilmədən, ümumilikdə 3839 manat məbləğində cərimə tətbiq etmişlər. Bunun səbəbi təbii qaz xəttindən qeyri-qanuni şəkildə istifadə etməsi olmuşdur. İlk öncə 2022-ci ilin 1-ci ayında 1247 manat, 2-ci ayında 1817 manat, 3-cü, 4-cü və 5-ci aylarında ayında 3113 manat, 6-cı ayında isə 3839 manat məbləğində cərimə yazmışlar. Onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanılmışdır. Belə ki, Cavabdeh ilə müqavilə bağlanmış və o, həmin tarixdən sayğac üzrə təbii qazdan istifadə etməyə başlamışdır. Onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış və evinə sayğac yerləşdirilmiş, xx.xx.2021-ci ildə isə sayğac naməlum şəraitdə oğurlanmışdır. O, dərhal həmin gün DİN 102 xidmətinə zəng edərək, sayğacın oğurlanması barədə məlumat vermişdir. Bundan sonra isə Cavabdeh İB-nin Xırdalan filialına müraciət etmiş və evinə sərf etdiyi qaza görə yeni sayğac quraşdırılmasını xahiş etmişdir. Hadisə günü həm polis əməkdaşları, həm də Cavabdeh İB-nin əməkdaşları tərəfindən evə baxış keçirilmiş və qısa zaman ərzində yeni sayğac quraşdırılacağını bildirmişlər. Bir müddət keçdikdən sonra evə sayğac quraşdırılmadığı və qış ayları olduğunu nəzərə alaraq, bir daha Cavabdeh İB-yə müraciət etmişdir. Oranın bir əməkdaşı evə gələrək, evin bir otaqlı olduğunu demiş və bildirmişdir ki, “sən qazdan istifadə et, biz otağın kvadratına uyğun aylıq ödəniş tələb edəcəyik”. Onların dedikləri ilə razılaşmış, məcbur olub evin istiliyini təmin edən başqa vasitə olmadığı üçün təbii qazdan istifadə etməyə başlamışdır. 102 xidmətinə müraciətindən sonra onu Abşeron rayon Polis İdrəsinə dəvət etmiş və orada izahatını almışlar. Lakin bütün bunlara baxmayaraq xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Abonentin saldosunda tarix qeyd edilməsə də, 6 ay ərzində bircə dəfə də olsun ona məlumat verilmədən külli miqdarda borc hesablanmışdır. Ona bu günə kimi əvvəlki tərtib edilmiş aktlar təqdim edilməmişdir. Sonuncu dəfə tarixi qeyd edilməyən ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəməyə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 322,56 manat, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 354,24 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 570,24 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 570,24 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 1296 manat və xx.xx.2022ci tarixli akt əsasında hesablanmış 725,76 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. O bildirdi ki, sayğacdan kənar qoşulma yalnız cavabdehin əməkdaşının şifahi icazəsindən sonra edilmişdir, burada onun təqsiri yoxdur. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 119852 saylı müqavilədən görünür ki, Qobu qəsəbəsində yaşayan abonent X2 ilə Cavabdeh İB-nin müvafiq qurumu arasında təbii qazın alqı-satqısı barədə müqavilə imzalanmış, abonentə **********05900 kodu verilmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin TŞ-nin 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, evinin həyətindən qaz sayğacının oğurlanması barədə X3 şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan istehlakçı X1 adına tərtib edilmiş Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə aid abonent kodu **********05900 olan Abonentin saldosundan görünür ki, 2022-ci ilin sentyabr ayına borc 3839,04 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, xx.xx.2021ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli aktlardan görünür ki, abonent X1 Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********05900) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktının olduğu müəyyən olunmuşdur. İş materiallarında olan tələbnamələrdən görünür ki, abonent X1 Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********05900) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma barədə xx.xx.2021-ci il tarixli akt əsasında 322,56 manat, xx.xx.2021-ci il tarixli akt əsasında 354,24 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 570,24 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 570,24 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 1296 manat və xx.xx.2022-ci il tarixli akt əsasında 725,76 manat, ümumilikdə 3839,04 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızı tərəfindən 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək olan müddətdə qaz xəttinə qeyri-qanuni qoşulma faktları olmuş və bu faktlar müxtəlif tarixlərdə "Azəriqaz" İB əməkdaşları tərəfindən 6 ədəd akt tərtib edilərək qeydə alınmışdır. Məhkəmə hesab edir ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il taixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar qanuni əsaslarla tərtib edilmişdir. Bu faktı abonent özü də məhkəmə iclasında etiraf etmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən müəyyən qüsurlara yol verilmişdir. Belə ki, tərtib edilmiş tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızının Birliyə xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə 33,6 manat (1,4 x 8 x 30 = 336 kub.metr), xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 156 manat (5,2 x 10 x 30 = 1560 kub.metr), xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 156 manat (5,2 x 10 x 30 = 1560 kub.metr), xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 109,8 manat (6,1 x 6 x 30 = 1098 kub.metr) və xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 50,4 manat (4,2 x 4 x 30 = 504 kub.metr) olmaqla, cəmi 628,8 manat məbləğində ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızının yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********05900) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradıldığından, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən ümumilikdə 628,8 manat borc abonent Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızına düzgün tətbiq edilmişdir. Onun iddiasının 3839,04 manat məbləğində qaldırılması nəzərə alındığında həmin iddianın qismən, yəni 3210,24 manat hissəsində (3839,04-628,8) təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızının yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05900) dair hesablanmış 3210,24 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4814/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4814/2022
21.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver