Məhkəmə qərarları › İş №2(012)-4829/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4829/2021

12.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4829/2021 12.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı cavabdehlər Azərsu ASC-yə və Cavabdeh2nə qarşı inzibati aktın ləğv edilməsi, cərimənin silinməsi, su xəttinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərsu ASC-yə və Cavabdeh2nə qarşı inzibati aktın ləğv edilməsi, cərimənin silinməsi, su xəttinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Park- Abşeron istirahət mərkəzinə Cavabdeh2 tərəfindən tərtib olunmuş 16.02.2018-ci il tarixli 09492 MXD nömrəli, 03.09.2018-ci il tarixli, 10233 MXD nömrəli aktların ləğv edilməsi, hesablanmış 4104 manat və 2394 manat cərimə məbləğinin silinməsi, binaya gələn su xəttinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 153.2.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, mülki iş materiallarından göründüyü kimi, Abşeron Su-Kanal İdarəsinin nümayəndələri tərəfindən İddiaçı mülkiyyətində olan Park-Abşeron istirahət mərkəzinə 16.02.2018-ci il tarixli 09492 MXD nömrəli, 03.09.2018-ci il tarixli, 10233 MXD nömrəli aktlar tərtib olunmuş, həmin aktlara əsasən sayğacdan kənar sudan qeyri-qanuni istifadə edildiyi üçün su xətti kəsilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş aktlar iddiaçının mülkiyyətində olan, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə dair tərtib edilmişdir. E-taxes.gov.az saytından çıxarılmış məlumatdan görünür ki, VÖEN ********** olan İddiaçı vergi ödəyicisi kimi AZ5000 ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəllənin: 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1.maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 13-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 4 nömrəli Qərarının 24-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyrihökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh1 ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri, qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenum Qərarlarını nəzərə alıb hesab edir ki, tərəflər vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçdiyindən, tərəflər arasında olan münasibətlər istehlak münasibətləri hesab edilmədiyindən və iddia tələbi iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152,1,1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdehlər Azərsu ASC-yə və Cavabdeh2nə qarşı inzibati aktın ləğv edilməsi, cərimənin silinməsi, su xəttinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar