Məhkəmə qərarları › İş №2(012)-4837/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4837/2021

15.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4837/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərişıq ASC-nin 023195 saylı, 08.06.2021-ci il tarixli aktının ləğv edilməsini və onun əsasında yazılmış 400 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən əsassız olaraq hesablanmış 483 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin (18940523M102340 saylı sayğac və **********01823 abune kodlu) işıq sayğacında heç bir nasazlıq olmamışdır. Vaxtlı-vaxtında istifadə etdiyi enerjiden Azərişıq ASC-yə yaranmış borcunu İddiaçı ödəmiş, həmçinin, qeyd edilən küçədə və kənar küçələrdə elektrik xətləri səliqəsiz, insan həyatı üçün təhlükəli və plansız çəkilmişdir. İddiaçı və onun ailəsinin yaşadığı evin həyətindən bir neçə elektrik xətləri keçir ki, həmin xətlər də iddiaçıya bəlli olmayan evlərin xətləridir. Bu səliqəsizliklə bağlı tez-tez qəzalar da baş verir. 08.06.2021-ci il tarixdə iddiaçı evdə olmamışdır. Mövsümü işlə əlaqədar olaraq iddiaçı Bakıya qayıtmışdır. Tanımadığı nömrədən iddiaçıya evinin önündə adamlar olmasına dair zəng gəlmiş, evdə olan xanıma isə həmin şəxslər qapını açıb xətlərə baxılmasını bildirmişdir. Həmin ərazidə tez-tez cinayət hadisələri olduğundan tanımadığı şəxslər iddiaçı olmadan evə buraxılmır. Bu səbəbdən də, iddiaçı onu gözləmələrini xahiş etmiş, hara istəyirlərsə baxmalarını və ya kənar qoşulma varsa həmin xətti göstərilən yerdən uzaqlaşdıracağını bildirmişdir. İddiaçı evə çatdıqda cavabdehin nümayəndələrinin artıq həmin ərazini tərk etdikləri və iddiaçıya 400 manat cərimə yazıldığı müəyyən olunmuşdur. İddiaçı Azərişıq ASC-nin Abşeron Ərazi İdarəsinə yaxınlaşmış və ona guya, gizli xətdən istifadə etdiyi bildirilmişdir. İddiaçı görüntü, akt və ya nəsə sübut göstərilməsini tələb etmiş, lakin ona cərimənin sildiriləcəyi bildirilmiş, heç bir görüntü və ya akt tərtib edilməmiş, abonent saldosuna baxdıqda isə iddiaçının vaxtlı-vaxtında pulunu ödədiyi müəyyən olunmuşdur. Belə ki, əgər kənar müdaxilə halı yoxdursa iddiaçı əlavə pul da ödəməli deyil. Lakin bir müddət sonra iddiaçıya cərimə məbləği ödənilmədiyi təqdirdə ona ayrılan enerji xəttinin kəsiləcəyi bildirilmişdir. Azərişıq ASC-nin qəbul etdiyi aktın və onun əsasında hesablanmış cərimə qanunsuz və əsassızdır. Azərişıq ASC Azərbaycan Respublikası ərazisində yeganə elektrik enerji inhisarçısı kimi fəaliyyət göstərir. Azərişıq ASC ilə istehlakçı arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə ilə “istehlakçıların elektrik enerjisi ilə təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında” müqaviləni imzalamışdır. Həmin müqaviləyə əsasən işıq sayğacı mülkiyyətdə və istifadədə olan evdən kənarda, yəni digər şəxslərin istifadə etdiyi yolun kənarında quraşdırılmışdır. Bu müqavilə bütün Respublika ərazisində şablon formada hazırlanmış müqavilədir. Azərişıq ASC ilə Azərbaycan Respublikası ərazisində yeganə enerji satışı ilə məşğul olan təşkilatdır, yəni inhisarçıdır. Müqavilə imzalanan vaxt müqavilənin hər hansı şərti ilə razılaşmadıqda və ya əlavə, düzəliş edilməsi istənildikdə bu, qeyri-mümkündür. Həmin abonentlə günlərlə müqavilə imzalanmır və abonent enerjisi qalmağa məcbur buraxılır ki bu da Mülki Məcəllənin əsas prinsiplərinin pozulması ilə nəticələnir. Hər 3 aydan bir Azərişıq ASC-nin aidiyyəti əməkdaşları istehlakçıya məxsus daşınmaz əmlaklardakı sayğacları, elektrik xətlərini, işlək vəziyyətini, sazlığını yoxlayıb aktlaşdırmalıdır. Nəticə etibarı ilə, iddiaçı ona məxsus əmlakdan bu xətlərə görə tam istifadə edə bilmir, mülkiyyət hüququ məhdudlaşmış, aradan qaldırılmamışdır. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş sənədlərin surəti iddiaçıya 18.07.2021-ci il tarixdə uzun mücadilədən sonra Azərişıq ASC tərəfindən verilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərişıq ASC ilə abonent İddiaçı arasında 26.01.2021-ci il tarixli 305054 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı ona məxsus olan evə quraşdırılmış elektrik sayğacına kənar xətt vasitəsilə daxil olmuşdur. Azərişıq ASC-nin nümayəndələri tərəfindən buna dair 08.06.2021-ci il tarixli 023195 saylı akt tərtib olunmuş və həmin akta əsasən kənar xəttin ləğv olunması qərara alınmış və abonentə məxsus elektrik xətti kəsilmişdir. Azərişıq ASCnin nümayəndələri hazırki gün ərzində təxminən, 200-300 sayda evə baxış keçirdiyi üçün elektrik xəttindən qanunsuz istifadə halı aşkar edildiyi təqdirdə məcburiyyət qarşısında qalıb hal şahidinin iştirakı olmadan aktı tərtib etməli olur. Lakin sözügedən aktlar abonentin elektrik enerjisinə kənar qoşulmasını sübuta yetirir. İddiaçı barəsində tərtib olunmuş maliyyə arayışına əsasən elektrik enerjisindən istifadə qaydasının pozulmasına görə iddiaçıya ümumilikdə, 568 manat borc hesablanmışdır ki, həmin borcun 482.02 manat hissəsi isə akt əsasında hesablanmış və abonentin elektrik enerjisindən 3 aylıq qanunsuz istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Həmin borc məbləği də iddiaçı tərəfindən ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 1 otaqlı yaşayış sahəsi 15.2 kv.m, köməkçi sahəsi 36.5 kv.m olan fərdi yaşayış evi X2 adına 23647 saylı reyestr kitabında 2197 nömrəsi ilə qeydə alınmış, bu barədə mülkiyyət hüququ Abşeron rayon 2 saylı Notariat Kontorunun 4Ə-2-153 reyestr nömrəli 12.02.2004-cü il tarixli müqaviləsi əsasında qeydə alınmışdır. -Azərişıq ASC ilə abonent İddiaçı arasında bağlanmış 26.01.2021-ci il tarixli 305054 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilənin surətindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə Elektrik enerjisindən istifadə qaydalarını rəhbər tutmuşlar. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 08.06.2021-ci il tarixli 023195 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, xətdən axan yük ampermaşa vasitəsilə ölçülmüş, kənar xəttin ləğv edilməsi qərara alınmışdır. -Azərişıq ASC-nin bildirişindən görünür ki, abonent kodu **********01823 olan İddiaçı məxsus ünvan 1 ünvanına quraşdırılmış sayğaca 07.05.2021-07.06.2021-ci il tarixi üçün 519.35 manat borc hesablanmışdır. -Azərişıq ASC-nin abunə haqqında saldodan görünür ki, abunə kodu **********01823 olan İddiaçı məxsus ünvan 2 ünvanına yerləşdirilmiş elektrik sayğacına 023195 saylı akt əsasında elektrik enerjisindən istifadə qaydasının (EİQ) pozulmasına görə 401.94 manat, aktın köhnə tarifinə (0.07) görə isə 80.08 manat olmaqla cəmi 482.02 manat borc hesablanmışdır. -Azərişıq ASC-nin 15.12.2021-ci il tarixli 01-484/21 saylı maliyyə arayışından görünür ki, abunə kodu **********01823 olan İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci ildən hazırki günədək 635.02 manat borcu yaranmışdır. Enerji sərfiyyatı üzrə yaranmış borc illər üzrə isə aşağıdakı kimi müəyyən edilmişdir. Belə ki, 2021-ci ilə qədər olan borc 67.02 manat müəyyən edilmiş, elektrik enerjisindən istifadəyə görə 185.98 manat, bağlanan aktlar üzrə borc 482.02 manat müəyyən edilmiş və abonent tərəfindən 100 manat ödəniş edilmişdir. -Ağdam RPŞ tərəfindən verilmiş 18.04.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ağdam rayonu Şurabad kəndində qeydiyyatdadır. “Elektrik enerjisindən istifadə Qaydalarının: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentləri ilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına görə abonent tərəfindən əlavə xətt yolu ilə qoşulması nəticəsində elektrik sayğacından istifadə qaydaları pozulmuş, sonuncu barəsində Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 08.06.2021-ci il tarixli 023195 saylı akta əsasən 482.02 manat borc hesablanmışdır. Hazırda, iddiaçı həmin akt əsasında hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məhkəmə, iddiaçı barəsində tərtib olunmuş akta dair aşağıdakıları qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən elektrik xəttinə qanunsuz qoşulması nəticəsində həmin aktın tərtib edildiyini bildirmişdir. Məhkəmə, mülki iş materiallarında olan akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş 08.06.2021-ci il tarixli 023195 saylı akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus elektrik sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, həmin aktın tərtib olunması zamanı Elektrik enerjisindən istifadə Qaydalarının tələblərinə riayət edilməyərək iddiaçının və iki nəfər hal şahidinin iştirakı təmin edilmədən tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının sübut üçün göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktda sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi, bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyri-qanuni elektrik enerjisindən istifadə olunmasını tamamilə inkar edir. Belə ki, Elektrik enerjisindən istifadə Qaydalarının 8.33. bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə həmçinin, qeyd edir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi hal şahidlərinin iştirakı olmadan aktların tərtib olunmasını gün ərzində cavabdehin nümayəndələri tərəfindən çoxlu sayda mənzilə baxış keçirilməsi ilə əlaqələndirmişdir ki, məhkəmə həmin etirazı əsaslı olaraq qəbul etmir. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin V. hissəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 9.12-ci bəndinə əsasən X1 Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir: 9.12.2. müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda; 9.12.3. elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə; 9.12.4. enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçının elektrik xəttinə qanunsuz olaraq kənar qoşulmasının nədə ifadə olunması sübuta yetirilə bilməmiş, buna dair əsaslı sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının mənzilindən kənarda quraşdırılmış elektrik sayğacına vaxtaşırı nəzarət etmək cavabdehin vəzifəsidir. Belə ki, Qaydaların 10.9. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Göründüyü kimi, Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməli, həmçinin, iddiaçının xahişinə əsasən, mənzilə baxış keçirilməsi təxirə salınması mümkün olduğu halda, cavabdehin nümayəndələri tərəfindən təmin edilməmiş, nəticədə iddiaçının iştirakı olmadan akt tərtib edilmişdir ki, bu hal da həmin aktın qüsurlu şəkildə tərtib edilməsinin göstəricisidir. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş arayışa, həmçinin, abonent saldosuna əsasən abonent barəsində cəmi 482.02 manat cərimə borcunun yazıldığı müəyyən edildiyindən tərtib olunmuş akt əsasında yazılmış cərimənin də silinməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 08.06.2021-ci il tarixli 023195 saylı akt əsasında abunə kodu **********01823 olan İddiaçı barəsində hesablanmış 482.02 manat pul vəsaiti abonentin hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 08.06.2021-ci il tarixli 023195 saylı akt əsasında abunə kodu **********01823 olan İddiaçı barəsində hesablanmış 482.02 (dörd yüz səksən iki manat iki qəpik) manat pul vəsaiti abonentin hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar