Məhkəmə qərarları › İş №2(012)-4838/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4838/2021

15.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4838/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərişıq ASC-nin 022897 saylı, 27.07.2021-ci il tarixli aktı əsasında yazılmış 3102 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Füzuli rayonundan məcburi köçkün kimi, 7 nəfər ailə üzvü ilə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsi Qurtuluş küçəsində məskunlaşmışdır. Həmin ünvanda ona məxsus fərdi yaşayış evi mövcuddur ki, həmin ünvana da elektrik enerjisinin verilməsinə dair o, Azərişıq ASC ilə müqavilə bağlamışdır. Qeyd olunan müqavilə əsasında da o, hər ay elektrik enerjisindən istifadə etməsi müqabilində sərfiyyata uyğun pulunu ödəmiş, cavabdehin nümayəndələri tərəfindən quraşdırılmış sayğacda isə hər hansı bir problem yoxdur. Lakin 27.07.2021-ci il tarixdə cavabdehin nümayəndələri tərəfindən ona məxsus fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi dayandırılmış, həmçinin, qanunsuz akt tərtib edilməklə 3102 manat borc hesablanmışdır. Həmin aktın tərtib olunması səbəbi isə onun sayğaca kənar xətt vasitəsilə qoşulması olmuşdur. Nəticədə, ağlasığmaz məbləğ yazılmış, elektrik xətti kəsilmişdir. Lakin Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş akt onun iştirakı və imzası olmadan tərtib edilmiş, surəti isə ona verilməmişdir. Onun oğlu vəfat etmiş, yas mərasiminin keçirilməsi məqsədilə elektrik ustası çağırmış və əlavə elektrik xətti çəkilmişdir ki, həmin xətdən də o, cəmi 1 ay istifadə etmişdir. Lakin bununla belə, ona 3102 manat cərimə hesablanmışdır ki, həmin cərimə məbləğini də o, qanunsuz hesab edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərişıq ASC ilə abonent İddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı ona məxsus olan evə quraşdırılmış elektrik sayğacına kənar xətt vasitəsilə daxil olmuşdur. Azərişıq ASC-nin nümayəndələri tərəfindən buna dair 27.07.2021-ci il tarixli 022897 saylı akt tərtib olunmuş və həmin akta əsasən kənar xəttin ləğv olunması qərara alınmış və abonentə məxsus elektrik xətti kəsilmişdir. İddiaçı barəsində tərtib olunmuş maliyyə arayışına əsasən elektrik enerjisindən istifadə qaydasının pozulmasına görə iddiaçıya ümumilikdə, 3102.77 manat borc hesablanmışdır. Lakin həmin arayış əsasında iddiaçı barəsində hesablanmış həmin borcun nəyə əsasən hesablandığını dəqiq ifadə edə bilmir, belə ki, bunu sübuta yetirmək mümkün deyildir. Lakin iddiaçı tərəfindən elektrik enerjisinə qanunsuz olaraq əlavə qoşulma halı baş verdiyinə görə hesablanmış cərimə məbləği iddiaçı tərəfindən də ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Digah yolunun üstü ünvanında yerləşən fərdi yaşayış evinin inventar dəyəri 98144 manat müəyyən edilmişdir. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 27.07.2021-ci il tarixli 022897 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xəttin daxil olması müəyyən olunmuşdur. Belə ki, həmin kənar xətt kənar sip xəttinin zədələnməsi vasitəsilə ayrıca qaz xətti götürmüş abonent dayağının içəri hissəsi ilə çəkərək mənzilə daxil edilmişdir. Ölçmə zamanı xətdən axan yük 4.6 kvt müəyyən edilmişdir. Kənar xətt çəkilmiş naqilin en kəsiyinə əsasəndir. Kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Akt iddiaçı tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azərişıq ASC-nin sms-bildirişindən görünür ki, abonent kodu **********00166 olan İddiaçı məxsus quraşdırılmış sayğaca görə 3102 manat borc hesablanmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş tarixləri cədvəllərindən görünür ki, İddiaçı tərəfindən 18.08.2020-ci il tarixdə 63 manat, 29.10.2020-ci il tarixdə 50 manat, 13.12.2020-ci il tarixdə 50 manat, 23.01.2021-ci il tarixdə 44 manat, 15.02.2021-ci il tarixdə 32 manat, 23.03.2021-ci il tarixdə 32 manat, 19.05.2021-ci il tarixdə 56 manat, 09.07.2021-ci il tarixdə 50 manat ödəniş edilmişdir. -Azərişıq ASC-nin abunə haqqında saldosundan görünür ki, abunə kodu **********00166 olan İddiaçı məxsus ünvan 3 ünvanına yerləşdirilmiş elektrik sayğacına 022897 saylı akt əsasında elektrik enerjisindən istifadə qaydasının (EİQ) pozulmasına görə 3102.77 manat borc hesablanmışdır. -Azərişıq ASC-nin 15.12.2021-ci il tarixli 01-483/21 saylı maliyyə arayışından görünür ki, abunə kodu **********00166 olan İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci ildən hazırki günədək 3148.89 manat borcu yaranmışdır. Enerji sərfiyyatı üzrə yaranmış borc illər üzrə isə aşağıdakı kimi müəyyən edilmişdir. Belə ki, 2021-ci ilə qədər olan borc 46.12 manat müəyyən edilmiş, elektrik enerjisindən istifadəyə görə 427.59 manat, bağlanan aktlar üzrə borc 775.5 manat müəyyən edilmiş , abonent tərəfindən 377 manat ödəniş edilmiş, qalıq borc olaraq isə 3102.77 manat borc hesablanmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 1884 saylı arayışdan görünür ki, Əsədov X2 rayonu, Mehdiabad qəsəbəsi Qurtuluş küçəsində yerləşən evdə Füzuli rayonundan məcburi köçkün kimi yaşayır. -Füzuli RPŞ tərəfindən verilmiş 13.02.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsədov X4 rayonu Dilağarda kəndində qeydiyyatdadır. “Elektrik enerjisindən istifadə Qaydalarının: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentləri ilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına görə abonent tərəfindən əlavə xətt yolu ilə qoşulması nəticəsində elektrik sayğacından istifadə qaydaları pozulmuş, sonuncu barəsində Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 27.07.2021-ci il tarixli 022897 saylı akta əsasən 3102.77 manat borc hesablanmışdır. Hazırda, iddiaçı həmin akt əsasında hesablanmış 3102 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məhkəmə, iddiaçı barəsində tərtib olunmuş akta hüquqi münasibət bildirərək qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən elektrik xəttinə qanunsuz qoşulması nəticəsində 27.07.2021-ci il tarixli 022897 saylı aktın tərtib edildiyini bildirmişdir. Məhkəmə, mülki iş materiallarında olan akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus elektrik sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, 27.07.2021-ci il tarixli 022897 saylı akt tərtib olunması zamanı Elektrik enerjisindən istifadə Qaydalarının tələblərinə riayət edilməyərək iddiaçının və iki nəfər hal şahidinin iştirakı təmin edilmədən tərtib olunmuş, mülki iş materiallarına əlavə olunmuş 27.07.2021ci il tarixli 022897 saylı aktda iddiaçının “İmtina etdi” barədə qeyd aparılsa da, həqiqətən də həmin aktın iddiaçının iştirakı təmin olunmaqla aktı qəbul etməkdən imtina etməsi nəticəsi kimi tərtib olunması məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən sübuta yetirilməmiş, nə də, iddiaçı tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Belə ki, iddiaçının izahatından və məhkəmə araşdırması zamanı tədqiq olunmuş həmin akt əsasında iddiaçının bir ay müddətində elektrik enerjisinə kənar xətt ilə qanunsuz qoşulması öz təsdiqini tapmış olsa da, sözügedən aktın iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib edilməsi onun qüsurlu olmasını yenə də istisna etmir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının sübut üçün göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 9.12-ci bəndinə əsasən X1 Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir: 9.12.2. müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda; 9.12.3. elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə; 9.12.4. enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda. Məhkəmə araşdırması zamanı iddiaçının elektrik enerjisinə kənar xətt vasitəsilə qanunsuz olaraq qoşulması öz təsdiqini tapmış olsa da, tərtib olunmuş akt əsasında hesablanmış 3102.77 manat pul vəsaitinin nədə ifadə olunması, nəyə əsasən hesablanması cavabdehin nümayəndəsi tərəfindən sübuta yetirilə bilməmiş, buna dair əsaslı sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının mənzilindən kənarda quraşdırılmış elektrik sayğacına vaxtaşırı nəzarət etmək cavabdehin vəzifəsidir. Belə ki, Qaydaların 10.9. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Göründüyü kimi, Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməli, bu səbəbdən də, məhkəmə tədqiq olunmuş arayışa, həmçinin, abonent saldosuna əsasən abonent barəsində cərimə borcunun yazıldığı müəyyən edildiyindən tərtib olunmuş akt əsasında yazılmış cərimənin də silinməsi qənaətinə gəlir. Lakin məhkəmə cərimənin silinməsi məsələsinə hüquqi qiymət verib xüsusi ilə vurğulayır ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə onun elektrik enerjisinə kənar xətt yolu ilə bir ay müddətində qoşulmaqla elektrik enerjisindən istifadə qaydasını pozması öz təsdiqini tapmış, həmin halı inkar edəcək mötəbər, təkzibolunmaz sübutlar isə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə 27.07.2021-ci il tarixli 022897 saylı akt əsasında hesablanmış 3102.77 manat pul vəsaitindən cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş arayışa əsasən borc olaraq hesablanmış 427.59 manat pul vəsaitinin çıxılmaqla, qalıq qalan 2675.18 manat pul vəsaitinin iddiaçıya məxsus **********00166 saylı abonent kodundan silinməsi qənaətinə gəlir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən bir ay müddətinə qanunsuz olaraq qoşulduğu müddət üçün elektrik enerjisindən istifadəyə görə 427.59 manat cərimə hesablanmışdır ki, həmin məbləğ də iddiaçı tərəfindən ödənilməli, qalıq qalmış 2675.18 manat pul vəsaitinin isə nəyə əsasən hesablanması öz təsdiqini tapmadığından həmin borc məbləği iddiaçıya məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 27.07.2021-ci il tarixli 022897 saylı akt əsasında abunə kodu **********00166 olan İddiaçı barəsində hesablanmış 2675.18 manat pul vəsaiti abonentin hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 27.07.2021-ci il tarixli 022897 saylı akt əsasında abunə kodu **********00166 olan İddiaçı barəsində hesablanmış 2675.18 (iki min altı yüz yetmiş beş manat on səkkiz qəpik) manat pul vəsaiti abonentin hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar