Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4850/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Zirvə Liseyi MMC-nin cavabdeh X2 valideyni (qanuni nümayəndəsi) X3 qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Zirvə Liseyi MMC cavabdeh X2 valideyni (qanuni nümayəndəsi) X3 qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X2 valideyni (qanuni nümayəndəsi) X1 Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 5887 manat, o cümlədən 2920 manat əsas borcun, 2937 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə təhsilalan X2 valideyni (qanuni nümayəndəsi) X6 arasında bağlanmış Təhsilin təşkili haqqında 664/2019 (T2019-2020) saylı 30.08.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC X5 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, X6 2019-2020-ci təhsil ili üçün 3800 manat təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladına təhsil verilsə də, o, təhsil haqqının 880 manat hissəsini ödəmiş, 2920 manat borcu qalmışdır. Bununla bağlı bocluya 14.01.2021-ci il tarixli pretenziyalar edilsə də, o, borcun ödənilməsini təmin etməmişdir. 30.08.2019-cu il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni 15.03.2020-ci il tarixdən 503 gün üçün ödənilməli dəbbə pulu 2937 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 20.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş cavabdeh X2 valideyni (qanuni nümayəndəsi) X6 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, onun oğlu X7 2 nömrəli məktəbdə oxuyurdu. Zirvə Liseyinin sınaq imtahanlarının keçirilməsi ilə bağlı oğlunun oxuduğu məktəbdə biletlər paylanılmış, oğlu da həmin imtahanda iştirak edərək yüksək bal toplamışdır. Onları Liseyə dəvət etmişlər, lakin o, həyat yoldaşının rəhmətə getdiyini, bu səbəbdən də oğlunu oxuda bilmək üçün maddi imkanı olmadığını bildirmişdir. Ailə dostları təhsil haqqını öz öhdəsinə götürmüş, beləliklə, zaman-zaman təhsil haqqı ödənilirdi. Lakin ailə dostları qəzada vəfat etdiyindən təhsil haqqının ödənişlərində gecikmələr yaranmışdır. Bu səbəbdən də hazırda iddiaçının iddia tələblərini cərimə hissəsində qəbul etmir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X2 valideyni (qanuni nümayəndəsi) X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia ərizəsinə münasibəti, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Zirvə Liseyi MMC ilə təhsil alacaq X2 valideyni (qanuni nümayəndəsi) X6 arasında bağlanmış 30.08.2019-cu il tarixli 664/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqaviləsindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.6-cı bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən valideyn 15.09.2019-cu il tarixinədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Valideyn Təhsilalanın İddiaçındə 2019-2020-ci tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 500 manat depozit məbləği ona geri qaytarılmır. Müqavilənin 5.1.2.4-cü bəndinə əsasən valideyn tərəfindən müqavilədə nəzərdə tutulan müddətədək, təhsil haqqi ödənilmədikdə digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. -Zirvə Liseyi MMC tərəfindən X3 ünvanlanmış 14.01.2021-ci il tarixli 500/1272 saylı pretenziyadan görünür ki, MMC tərəfindən X3 müqavilə üzrə borc 10 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 31.01.1967-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşıdır. -Zirvə Liseyi MMC-nin 20.10.2021-ci il tarixli 100/2295 saylı arayışından görünür ki, İddiaçı MMC-də təhsil alan X2 valideyni X6 arasında bağlanmış Təhsilin təşkili haqqında 30.08.2019-cu il tarixli 664/2019 (12019-2020) saylı müqaviləyə əsasən İddiaçı MMC-nin xeyrinə 2019-2020 tədris ili üzrə 2920 manat təhsil haqqı borcu və 2938 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilə üzrə ümumi təhsil haqqı 3800 manat təşkil edir, bu məbləğdən 880 manat ödənilmişdir. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3. maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən: 14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. Göründüyü kimi, pulsuz icbari ümumi orta təhsil almaq hüququ olduğu halda, özəl təhsil müəssisəsində təhsil almaq seçimini edən “təhsilalacaq” X2 valideyni (qanuni nümayəndəsi) X6, Zirvə Liseyi MMC ilə 30.08.2019-cu il tarixli 664/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən İddiaçı təhsilalanın ümumi təhsil almasını həyata keçirməyi, Təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırki müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçı 2920 manat əsas, 2937 manat cərimə olmaqla, ümumilikdə cəmi 4293 manat borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin digər materiallarından görünür ki, borc barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh X6 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun əsas borca görə 2920 manat, cərimə borcuna görə 2937 manat olmaqla cəmi 4293 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu X6 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 2937 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 30.08.2019-cu il tarixli 664/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqaviləsi üzrə 2920 manat əsas borc üzrə hesablanmış 2937 manat məbləğində cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Zirvə Liseyi MMC ilə X6 arasında bağlanmış 30.08.2019-cu il tarixli 664/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 2920 manat əsas, 10 manat cərimə olmaqla, ümumilikdə cəmi 2930 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X2 valideyni (qanuni nümayəndəsi) X1 30.08.2019-cu il tarixli 664/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqaviləsi üzrə 2920 (iki min doqquz yüz iyirmi) manat əsas, 10 (on) manat cərimə olmaqla, ümumilikdə cəmi 2930 (iki min doqquz yüz otuz) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı X12 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4850/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4850/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver