Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-490/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kamranlı Günel Ramiz qızının katibliyi ilə, İddiaçı «Heydər Əliyev adına X2»nun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «Heydər Əliyev adına X2»nun Cavabdehnə qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «Heydər Əliyev adına X2» Cavabdeh MTK-ya qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 m aralı məsafədə mühafizə zonasında Cavabdeh MTK tərəfindən 50 m uzunluğunda, 15 m enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı «Heydər Əliyev adına X2» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Dş-300 mm-lik nafta xəttinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 m aralı məsafədə mühafizə zonasında Cavabdeh MTK tərəfindən 50 m uzunluğunda, 15 m enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Heydər Əliyev adına X2»nun nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Heydər Əliyev adına X1 məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 m aralı məsafədə mühafizə zonasında Cavabdeh MTK tərəfindən 50 m uzunluğunda, 15 m enində kiçik ölçülü futbol və ya voleybol meydançasının tikilməsi üçün nəzərdə tutulan betonlanmış ərazinin dəmir konstruksiyalardan istifadə etməklə hasara alınması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu, özünü iş icraçısı kimi təqdim etmiş Qənbər adlı şəxsə izah edilmiş və görülən işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq olunmuş, lakin həmin şəxs ərazinin Cavabdeh yaşayış kompleksinə aid olduğunu bildirərək işləri davam etdirəcəyini bildirmişdir. Cavabdeh tikinti apardığı ərazinin ona aid olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin əraziyə yenidən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehə edilmiş şifahi xəbərdarlığa baxmayaraq tikinti işləri tam başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, «Heydər Əliyev adına X2» Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq aralarında boru kəmərləri, həmçinin, hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, «Heydər Əliyev adına X2»ndan 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. -Təhlükəsizlik İdarəsi 30 saylı komanda üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:00-da 19 saylı H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20:00-a kimi müşahidə) postun ərazisində keçirilən monitorinq zamanı Abşeron rayonu, Güzdək qəsəbəsində NEZ-ə məxsus DŞ-200 mm-lik nafta boru kəmərindən 5-10 m aralı məsafədə Cavabdeh MTK-ya məxsus köhnədən olan 50 m uzunluğunda, 15 m enində olan betonun 4 tərəfindən hündür dəmir konstruksiyalardan istifadə etməklə metal tordan çəpərə alınması aşkar olunmuşdur. Cavabdeh yaşayış kompleksində müdir vəzifəsində çalışan, özünün bildirdiyinə görə Qənbər adlı şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilərək (şəxsiyyət vəsiqəsini təqdim etmədiyindən yazılı xəbərdarlıq etmək mümkün olmamışdır) şifahi xəbərdarlıq olunmuşdur. Lakin Qənbər adlı şəxs sözügedən ərazinin Cavabdeh MTK-ya aid olduğunu və orada olan bir neçə yaşayış binalarını da göstərərək ərazinin onlara aid olduğunu qeyd edərək tikintini dayandırmayacağını bildirmişdir. Həmçinin, Qənbər adlı şəxs Cavabdeh yaşayış kompleksinə aid heç bir rəsmi sənəd təqdim etməmişdir. Tikinti barədə NEZ-in MP-nin rəis müavini R.Nəcəfova məlumat verilmiş, o da öz növbəsində, sənədləşdirmə aparılacağını və müvafiq tədbir görüləcəyini bildirmişdir. Faktla bağlı 16 saylı sahəsinin rəisi A.Əsədova və TİXTŞ-nin növbə rəisinə məlumat verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/789 saylı rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın NEZ-ə məxsus Dş-300 mm-lik neft boru kəmərindən 15 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin təqdim olunmuş meydançanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən «Heydər Əliyev adına X2»na məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 m aralı məsafədə mühafizə zonasında 50 m uzunluğunda, 15 m enində kiçik ölçülü futbol və ya voleybol meydançasının tikilməsi üçün nəzərdə tutulan betonlanmış ərazinin dəmir konstruksiyalardan istifadə etməklə hasara alınması aşkar edilmişdir. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan mübahisəli ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/789 saylı rəyi ilə cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın NEZ-ə məxsus Dş-300 mm-lik neft boru kəmərindən 15 metr məsafədə yerləşdiyi nəzərə alınaraq, meydançanın 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, digər sübutlarla paralel qiymətləndirib məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən də magistral neft kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...”. Lakin bununla yanaşı, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı «Heydər Əliyev adına X2»nun balansında olan mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin maraqlı tərəf qismində subyektiv hüququ mübahisəolunmazdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin: 2.1-ci bəndinə əsasən, şirkətin əsas məqsədi Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən, şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1, 95.1.4 və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən, həmin Məcəllənin 95.3-cü.maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi X1 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 50 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu, Güzdək qəsəbə ərazisində tikili inşa edilmiş və həmin tikili qeyd olunan kəmərin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni, mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyət etibarilə qanuni tikili hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu və ya digər tikilinin qanuni tikili hesab edilməsi üçün ilkin olaraq tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır, lakin sözsüz ki, hazırki iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə torpaq sahəsinə fiziki şəxsin mülkiyyət hüququnun tanınması mümkün deyildir. Bununla yanaşı, cavabdeh istifadəsində olan, lakin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində nəinki, lazımi icazələr almadan, üstəlik də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla bina və qurğular inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfıra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, «Heydər Əliyev adına X2»na məxsus neft məhlulu nəql edən Dş-300 mm. neft boru kəmərinin mühafizə zonasının 50 metrlik məsafəsində cavabdeh tərəfindən Abşeron rayonu, Güzdək qəsəbə ərazisində inşa olunmuş qanunsuz tikili cavabdeh tərəfindən sökülməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət rüsumu məbləği isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 88, 150ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı «Heydər Əliyev adına X2»na məxsus neft məhlulu nəql edən Dş-300 mm. neft boru kəmərinin mühafizə zonasının 50 metrlik məsafəsində Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Güzdək qəsəbə ərazisində özbaşına (qanunsuz) tikili olan meydança (futbol və ya voleybol) cavabdehin hesabına sökülsün. Cavabdeh MTK-dan aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-490/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-490/2023
21.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver