Məhkəmə qərarları › İş №2(012)-4911/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4911/2023

29.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4911/2023 29.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, G-4 markalı, smart tipli, **********949 nömrəli qaz sayğacına kənar müdaxilə əsassız hesab edilməsi və 25920,0 m3 qaz itkisinə görə abonentə hesablanmış 3110,40 (üç min yüz on manat 40 qəpik) manat borc silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslanmışdır ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Seyfəddin Dağlı küçəsi, 22-ci məhəllə, ev 156 a-da özünə məxsus olan fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən evində olan **********949 nömrəli, Smart tipli G-4 markalı sayğaca (Abonent kodu **********01560) baxış keçirilərək həmin sayğac başqa Smart tipli sayğacla dəyişdirilmişdir. Həmin vaxta kimi də hər ay istehlak etdiyi qazın pulunu ödəmiş və heç bir problem olmamışdır. Sayğac dəyişdirildikdən bir müddət sonra qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh X1 Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli, MSK-14-2- 2/3-5-5039/Q002 saylı akt tərtib edilmişdir. Həmin aktda köhnə sayğaca müdaxilə olunması səbəbindən sayğacın çıxış plastmas borusunda deşik olduğu qeyd olunmuşdur. Bu səbəbdən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli tərtib edilmiş akta əsasən 25920,0 m3 (3110,40 AZN) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Hesab edir ki, bu qaz itkisi əgər mövcud olubsa da, buna görə o, heç bir məsuliyyət daşımır. Həmin sayğaca tərəfindən heç bir müdaxilə edilməmişdir. Belə ki, Cavabdeh əməkdaşları sayğac dəyişdirilməsi işlərini apararkən təhlükəsizlik texnikası qaydaları riayət etməmiş nəticədə sayğacda “müdaxilə halı” yaranmışdır. Belə olan halda abonent sayğacdakı hər hansı nasazlığa görə məsuliyyət daşımır və abonentin təqsiri olmadan yaranmış nasazlığa görə meydana gəlmiş qaz itkisini ondan tələb etmək hüquqi cəhətdən əsassızdır. Əgər sayğacda nasazlıq varsa da, bu qaz paylayıcı təşkilatın səhlənkarlığıdır ki, vaxtı-vaxtında qaz sayğacının dövlət yoxlamasını həyata keçirməmişdir. **********949 nömrəli, Smart G-4 markalı sayğaca müdaxiləyə görə 25920,0 m3 itirilmiş təbii qazın əvəzi olaraq ondan 3110,40 manat məbləğin istənilməsi qanunsuzdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, iddiaçıya məxcsus ünvandan çıxarılmış sayğac yoxlanılmaq üçün laboratoriyaya göndərilmişdir. Laborotoriya rəyinə əsasən sayğaca müdaxilə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Smart markalı G-4 tipli **********949 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış borusunda dəlik aşkar edildiyindən həmin sayğac Smart Zenner markalı G-4 tipli **********552 nömrəli sayğacla əvəz olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi ərazidə baxış zamanı sayğaca müdaxilə olunması aşkar edilmişdir. - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX senriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 43 nömrəli vərəqəsində ********** qeydiyyat nömrəsi, **********93-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun hesabında yaranmış borcun araşdırılması barədə müraciətinə baxılmış və bununla əlaqədar olaraq bildirilmişdir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, S.Dağlı küçəsi, 22-ci məhəllə, ev 156a istehlakçı kodu adına olan öncədən ödənişli G-4 markalı **********49 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2028-cü il tarixində öncədən ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununün 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat, Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İBnin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının 11,05.2023-cü il tarixli MSK-14-2-2/3-5-5039/Q002 aktına əsasən, sayğacın çıxış plastmas borusu deşilmişdir rəyi verilmişdir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən 25920,0 m3 (3110,40 AZN) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra-“Qaydalar”) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın mexaniki tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: - 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı, bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun evindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid evin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Beləliklə, məhkəmə araşdırması zamanı mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. İddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacına nəzarət etmək qaz paylayıcısının vəzifəsi olduğu halda “Qaydalar”ın tələblərinə uyğun olaraq, qaz sayğacına 30 gündən bir dəfə olmaqla nəzarət etmək öhdəliyini icra etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən İddiaçı yaşadığı ünvanda quraşdırılmış Smart markalı G-4 tipli **********949 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış borusunda dəlik aşkar edildiyindən həmin sayğac Smart Zenner markalı G- 4 tipli **********552 nömrəli sayğacla əvəz olunması müəyyən olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacının qüsurlu işləməsi nəticəsində dəyişilməsi ilə nəticələnsə də, sayğaca kənar müdaxilələrin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Bu da öz növbəsində, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmadığını təsdiq edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən İddiaçı yaşadığı ünvanda quraşdırılmış Smart markalı G-4 tipli **********949 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış borusunda dəlik aşkar edildiyindən həmin sayğac Smart Zenner markalı G-4 tipli **********552 nömrəli sayğacla əvəz olunmuşdur. Göründüyü kimi, sayğacın dəyişilməsinə dair tərtib olunmuş akt sayğacın kənar təsir nəticəsində yaranmış qüsura görə tərtib olunmamışdır. Bunun da abonent tərəfindən müdaxilə olunmaqla edilməsi inandırıcı deyildir. Yəni, abonent tərəfindən sayğaca müdaxilə edilməsi, abonent maraqlı olsa belə, nüfuz edilməsi mümkün deyildir. Bu səbəbdən də, məhkəmə qeyd olunanlara əsasən, iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 3110,40 manat borc məbləği abonent kodu **********01560 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 51.10 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc abonent kodu **********01560 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 51.10 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar