Məhkəmə qərarları › İş №2(012)-4965/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4965/2025

02.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4965/2025 02.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əhmədova Cəmilə Ehtibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********10000 olan sayğaca qanunsuz olaraq hesablanmış 777,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi,ev 53 A ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********10000 olan qaz sayğacından istifadə etdiyini qeyd etmişdir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə ona məxsus abonent kodu **********10000 olan sayğaca xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt, tərtib edilmiş və ümumilikdə 777,60 məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacın çıxış plastmas borusunda dəlik aşkar olunduğu qeyd edilmişdir. Sayğacın çıxış plastmas borusunda dəlik açmaq üçün sayğacın blombu qırılmalı və ona müdaxilə edilməlidir. İddiaçı sayğacın blomunun qırılmadığını bildirmişdir.Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, sözügedən aktdan ödənişlə bağlı bildiriş gələrkən xəbəri olmuşdur. Cavabdeh İB Abşeron rayonu, Güzdəl qəsəbəsində yerləşən belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət edilsə də, idarə tərəfindən heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi,ev 53 A fərdi yaşayış evinə (abonent kodu: **********10000) baxış keçirilən zaman mövcud sayğacın çıxış plastmas borusunda dəlk aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, ******* saylı saylı akta əsasən 6480 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Aşağı- Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi,ev 53 A fərdi yaşayış evinə aid abonent kodu **********10000 olan abonentin saldosundan görünür ki, 2024-cü ilin yanvar ayı üçün akta əsasən qaz sərfiyyatı cəmi “6480 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 777,60 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 777,60 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2024-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********10000 olan abonentin qaz sayğacına xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar