Məhkəmə qərarları › İş №2(012)-4971/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4971/2025

27.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4971/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, Cavabdeh Abşeron Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Su X1 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron Su X1 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən abonent kodu **********000 olan fərdi yaşayış evinə, ailə üzvlərinin sayına görə hesablanmış artıq pul məbləğinin silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonundan olan məcburi köçkündür və 2016-cı ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləriylə birlikdə yaşayır. **********000 nömrəli abonent kodu xx.xx.2016-cı il tarixli 29918206 nömrəli müqavilə əsasında mərhum həyat yoldaşı X2 adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinə su sayğacı quraşdırılmamışdır. İstifadə olunan su sərfıyyatı 4 nəfər ailə üzvlərinə görə hesablanmışdır. Ailə üzvlərindən biri olan qızı X3 ailə qurmuş və 2013-cü ildən ünvan 2 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Buna baxmayaraq cavabdeh ADSEA “X6 Xidməti” PHŞ-in Abşeron su X1 idarəsi qanunsuz və əsassız olaraq sözügedən fərdi yaşayış evində yaşamayan ailə üzvlərinə görə suyun sərfıyyatı üçün pul hesablayır. Ərizəsinə əlavə etdiyi arayışdan göründüyü kimi qızı X3 2013-cü ildən həmin ünvanda yaşamır. Həyat yoldaşı X4 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bir daha vurğulayır ki, həmin yaşayış evində o və digər qızı yaşayır. İstifadə olunan su sərfıyyatı 2 nəfər ailə üzvünə görə hesablanmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, bu praktika X6 Xidməti” PHŞ-in Abşeron su X1 idarəsində geniş yayılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və hesab edir ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Cavabdehə onun tərəfindən ailə üzvlərinin sayına görə əsassız hesablanmış borcun silinməsi və iki nəfər ailə üzvlərinə görə su sərfiyyatı üçün pul hesablanması barədə müraciət olunsa da, bununla bağlı məhkəməyə müraciət etməyi ona tövsiyə olunmuşdur. Buna görə də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları sözügedən ünvandan yaşayan ailəni 4 nəfər kimi nəzərdə tutsa da, əslində 1 nəfər yaşayır. Həmin 1 nəfərə görə borc 180 manat olaraq qeyd edilmişdir. Odur ki, o, 180 manat çıxılmaqla, qalan borcun silinməsinə etiraz etməmişdir. Məhkəmə cavabdeh qurumun nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Laçın Rayonu Malıbəyli Kənd XDC tərəfindən verilmiş V-ЖГ 444264 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.1991-ci il tarixli 7 nömrəki rəsmi nikah bağlanmışdır. -xx.xx.2025-ci il tarixli “Abonent kartı”ndan görünür ki, abonent kodu: **********000 olan Afiq Mərdanova məxsus ünvan 1 ünvanında xx.xx.2016-cı il tarixli 29918206 nömrəli müqaviləyə əsasən, sudan istifadəyə görə 2025-ci il üzrə 1294,46 manat borc hesablanmışdır. -Laçın Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 302640 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanına quraşdırılmış su sayğacından qanunsuz olaraq istifadə olunması səbəbinə görə hesablanmış 1294,46 manat cərimə borcunun əsassız hesablandığını iddia edərək borcun silinməsini məhkəmədən xahiş etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun adlanacaq) 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə İddiaçı ilə xx.xx.2016-cı il tarixli 29918206 nömrəli müqavilə bağlanmış və tərəflər arasında sayğacın quraşdırılmasına görə istehlakçı-su təchizatı və kanalizasiya müəssisəsi hüquq münasibətləri yaranmışdır. Sözügedən müqaviləyə əsasən, istehlakçı-iddiaçıya məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğac quraşdırılmışdır. Göründüyü kimi, iddiaçıya məxsus evə quraşdırılmış su sayğacından istifadəyə görə 1294,46 manat borc hesablanmışdır. Hazırda, iddiaçı həmin borcun əsassız olaraq hesablandığını iddia edərək borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, cavabdeh isə bununla qismən razılaşmışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: 13-cü maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən, su təchizatı müəssisələri müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar. 13-cü maddəsinin 3-cü hissəsinə əsasən, yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. 18-ci maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi məişət (təsərrüfat)içməli ehtiyacları üçün suyun keyfiyyətinə qoyulan tələblərin təmin olunması məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirməlidir: a) paylayıcı su kəmərləri şəbəkəsinə verilənə qədər suyun keyfiyyətli olmasını təmin etmək; b) verilən suyun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğunluğuna nəzarət etmək; c) suyun götürüldüyü yerdə onun keyfiyyətinə nəzarət etmək və onun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğun gəlmədiyi hallarda ondan istifadəyə imkan verməmək. Qanunun tələblərinə istinad edərək məhkəmə xüsusi ilə vurğulayır ki, istehlakçıya su təchizatının qanunla müəyyən edilmiş keyfiyyətdə verilməsi öhdəliyini daşıyan və öhdəliyin yerinə yetirilməsinə nəzarəti həyata keçirməli olan su təchizatı müəssisəsinin öhdəliyinə vaxtında nəzarət etməməsi istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Başqa sözlə, su təchizatı müəssisəsi öhdəliyinə laqeyd yanaşmasaydı, göstərilən hal da ortaya çıxmazdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1. bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək). 4.1. bəndinə əsasən, istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. 8.6. bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. 8.9. bəndinə əsasən, suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci və 8.1.9-cu yarımbəndləri istisna olmaqla) STKM tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək qeyd edir ki, xx.xx.2025-ci il tarixli “Abonent kartı”ndan görünür ki, abonent kodu: **********000 olan ünvan 1 ünvanında xx.xx.2016-cı il tarixli 29918206 nömrəli müqaviləyə əsasən, sudan istifadəyə görə 2025-ci il üzrə 1294,46 manat borc hesablanmışdır. Lakin bu borcun tutulmasına əsas verən halları təsdiq edən sübutlar cavabdeh qurumun nümayəndəsi tərəfindən təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu səbəbdən də, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 089310 saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilmədiyindən həmin akt əsasında iddiaçıya hesablanmış 1294,46 manat borc məbləği də silinməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1. maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia 1294,46 manat həcmində təmin edildiyindən məhkəmə hesab edir ki, 33 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış 1294,46 (min iki yüz doxsan dörd manat qırx altı qəpik) manat borc abonent kodu **********000 olan İddiaçı məxsus evə dair abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 33 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar