Məhkəmə qərarları › İş №2(012)-4989/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4989/2021

12.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4989/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.02.2021-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 756 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 26.02.2021-ci il tarixli, akt qəbul edilmiş və həmin aktın əsasında ona 756 manat məbləğində cərimə yazılmışdır. Cərimənin yazılmasına səbəb sayğacdan kənar xəttdən istifadə olunması aşkar edilmişdir. O isə həmin akt ilə qəti şəkildə razılaşmır. Çünki akt öz başına tərtib edilmiş və onun iştirakı təmin edilməmiş və ona heç bir nə şifahi, nə də ki, rəsmi məlumat verilmədən sayğacı çıxarılmış və evinə verilən təbii qaz dayandırılmışdır. Hazırda sərf etdiyi təbii qaza görə smart tipli qaz kartına pul yükləyən zaman həmin pulun demək olar ki, 50 %-i borca çıxılır. 2019-cu ilin sentyabr ayında o, öz evindən müəyyən səbəblərə görə uzaqlaşmışdır. Düz bir il yarım Xırdalan şəhərində bir neçə ünvanda yaşamışdır. Evində isə oğlu X2 yaşamışdır. 2021-ci ilin fevral ayında qonşu ona zəng vuraraq oğlu Nemanın qaz xəttinə müdaxilə etdiyini bildirmişdir. O da təxminən 3 saatdan sonra gələrək oğlunun qaz xəttini qoşub və çıxıb getdiyini, evdə qızdırıcı sobanın da dəyişdiyini görmüşdür. O, səhərisi gün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazilriyinin 112 xidmətinə və Abşeron rayon Azəriqaz İB-nə zəng edərək, olanlar barədə məlumat vermişdir. Hər iki təşkilatdan nümayəndələr evinə gələrək sayğacın yerinin və oğlunun törətdiyi hadusənin fotoşəkillərini çəkmiş və hadisəni aktlaşdırdırmışlar. Növbəti gün isə Azəriqaz İB-nə ərizə ilə müraciət edərək, evinə verilən təbii qaz dayandırılmasını və Azəriqaz İB-nin Abşeron rayon Xırdalan əməkdaşlarından, oğlunun qoşduğu 30 sm-lik borunu dəyişmələrini xahiş etmişdir. Onun müraciəti nəzərə alınmış və boru dəyişdirilmişdir. Boru dəyişildikdən 3 gün sonra ona şifahi olaraq abonentin o olduğu üçün 800 manat məbləğində cərimə edildiyi bildirilmişdir. Halbuki oğlu tərəfindən olunan bu qanunsuzluqlara görə o özü şəxsən məlumat vermişdir ki, gəlib qarşısını alsınlar. Lakin ona heç bir məlumat vermədən onu 800 manat cərimə etdiklərini və ödəməyini tələb edirlər. Onun sərf etdiyi təbii qaza görə smart tipli qaz kartına yüklədiyi pulun 50 % həmin borca çıxılır. Halbuki bu işdə onun heç bir təqsiri yoxdur. O ahıl yaşlı qocadır və tək gəliri aldığı təqaüddür. Həmin pulu onun ödəmək üçün gücü yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz” istehsalat Birliyi tərəfindən müəyyən edilmiş ümumillikdə 756 (manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, iddia ərizəsi əsassızdır. Belə ki, qeyri-qanuni qazdan istifadəyə görə akt tərtib edilmişdir. 756 manat məbləğində cərimə 90 gün müddətini əhatə edir. Orta günlük iş rejimi onlara məlum olan qeydiyyatda olan qaz avadanlıqlarına əsasən götürülmüşdür. Təlimata əsasən onlar cəriməni 90 gün hesablayırlar. Təlimat daxili qaydadır və qanunvericiliklə tənzimlənmir. Cərimənin hesablanması Cavabdeh öhdəliyinə buraxılmışdır. İddiaçı özü də qeyri-qanuni qazdan istifadə etdiyini etiraf etmişdir. Cavabdeh vəzifəsi vətəndaşı qazla təmin edib, sayğacdan keçən qazın pulunu vətəndaşdan tələb etməkdir. Vətəndaş isə qanunsuz qazdan istifadə etdiyinə görə onlara dəyən zərərə əsasən, cərimə hesablanmışdır. İddiaçı 2021-ci ilin fevral ayında 37 manat ödəniş etmiş, daha sonra 2021-ci ilin may ayında yenə ödəniş etmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26.02.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh 26.02.2021-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, hərbi hissənin yanında yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 7560 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 756 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmə İddiaçı 26.02.2021-ci il tarixli, ******* saylı akt ilə qəti şəkildə razılaşmaması barədə izahatı ilə razılaşmır və hesab edir ki, həmin izahat işin faktiki halları ilə uyğunluq təşkil etmir. Belə ki, İddiaçı məhkəmədə izahatında Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, hərbi hissənin yanında yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin çəkilməsini göstərmiş,lakin özü tərəfindən deyil, oğlu tərəindən çəkilməsini bildirmişdi ki,bu hal da aktın mötəbərliyinin şübhə altına alınmasını aradan qaldırır. Lakin, məhkəmə 26.02.2021-ci il tarixli, ******* saylı akta əsasən, iddiaçı şirkət tərəfindən 90 gün müddətində, hər gün 24 saat olmaqla, 7560 m2 qaz sərfiyyatının hesablanması barədə mövqeyi ilə də razılaşmır.Qeyd olunan hesablanma ilə bağlı məhkəmə tərəfindən iddiaçı təşkilatın nümayəndəsinə məhkəmə tərəfindən açıqlama verilməsi bildirilmiş,nümayəndə təlimata əsaslandıqlarını göstərsə də, həmin hesablanma qaydaları ilə bağlı rəsmi sənəd məhkəməyə təqdim olunmamış,nümayəndə yalnız formal mülahizələrə istinad etmiş, vurulmuş zərərin dəyərinin aktda göstərilən miqdarda olmasını sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 26.02.2021-ci il tarixli, ******* saylı akta əsasən, iddiaçı şirkət tərəfindən 90 gün müddətində, hər gün 24 saat olmaqla, 7560 m2 qaz sərfiyyatının hesablanması vicdanlılığın tələb etdiyi tərzə uyğun olmadığından bir ay əsas götürülməklə, qalan məbləğlər siinməli, yəni (756 manat : 3 ay= 252 manat) 252 manat məbləğində pul saxlanmalı, qalan 504 manat məbləğində pul isə silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********11170 olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, hərbi hissənin yanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 26.02.2021-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 756 manat cərimədən 504 manat məbləğində cərimə silinməklə 252 manat saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar