Məhkəmə qərarları › İş №2(012)-5184/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5184/2022

01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5184/2022 01.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə dair texniki pasportun mərhum anası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 1990-cı il yanvar ayı tarixli 141 inventar nömrəli texniki pasportunun Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli İV-ЖГ № 378210 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, “X7”na məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, ərizəçi olaraq anası X4 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, ona aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğunun aşkar edildiyi bildirilmişdir. Belə ki, həmin uyğunsuzluq anası X2 adına olan fərdi yaşayış evinin texniki pasportunda olmuşdur. Həmin sənəddə anası X2 adı və ata adı yanlış olaraq “X5” kimi qeyd edilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun anası vəfat etmiş, anasının adına olan evi miras kimi faktiki qəbul etmiş, lakin həmin miras əmlakın onun adına sənədləşdirilməsi zamanı sənəddə anasının adının səhv göstərilməsi problem yaratmışdır. O, səhvin aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, nəticəsi olmamışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun atasıdır. X7 isə onun nənəsi olmuşdur. Nənəsinin adına texniki pasport olmuş, lakin texniki pasportda nənəsinin adı və atasının adında texniki yanlışlıq olmuş, adı “Püstə”, ata adı isə “Abdulməmməd” olaraq qeyd olunmuşdur. Halbuki, onun “Abdulməmməd” adlı babası olmamışdır. Sözügedən fərdi yaşayış evində o, özü də yaşayır. Hesab edir ki, texniki pasport düzgün şəkildə tərtib olunmalıdır ki, əsas məqsəd də məhz budur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 1990-cı il yanvar ayı tarixli 141 inventar nömrəli texniki pasportunun əslindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ “X5”nın adına qeydə alınmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli İV-ЖГ № 378210 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 143 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -ünvan 3 ünvanladığı xx.xx.2021-ci il tarixli 2921 saylı məktubdan görünür ki, Sumqayıt Regional Asan Xidmət Mərkəzi notariat ofisi 23 avqust 1992-ci ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair Ərizəçi müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir. Miras qoyan X4 məxsus olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədin verilməsi xahiş olunmuşdur. -4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli **********81 saylı məktubdan görünür ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin hazırkı müraciətə əlavə edilmədiyi, həmçinin, təqdim edilmiş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Həmçinin, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, ərizənin icrasından imtina edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1473 saylı arayışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov (keçmiş B.Sərdarov) küçəsi ev 3-də yerləşən fərdi yaşayış evinə yanvar 1990-cı ildə verilmiş 141 nömrə ilə qeydiyyata alınmış texniki pasportda səhv yazılmış “X5” əslində, “X7” kimi oxunmalıdır. -4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli **********50 saylı məktubdan görünür ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə hüquq sahibinin adına və daşınmaz əmlakın ölçülərinə münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa, 141A inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında fərq olduğu aşkar edilmişdir. Həmçinin, daşınmaz əmlakın X7 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, ərizənin icrasından imtina edilmişdir. -4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli **********61 saylı məktubdan görünür ki, texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiq hesab edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri Adıgözəlov küçəsi 3 saylı evdə qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 1990-cı il yanvar ayı tarixli 141 inventar nömrəli texniki pasportuna əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi qismində “X5” qeyd edildiyi halda, həmin şəxsin adı xx.xx.1992-ci il tarixli İV-ЖГ № 378210 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, “X7” kimi qeyd edilmişdir. Bu isə “X5”nın “X7” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 1990-cı il yanvar ayı tarixli 141 inventar nömrəli texniki pasportunda göstərilən “X5”nın “X7” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından, həmin texniki pasportun X4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:

76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.5. maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 1990-cı il yanvar ayı tarixli 141 inventar nömrəli texniki pasportunun Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli İV-ЖГ № 378210 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, “X7”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar