Məhkəmə qərarları › İş №2(012)-5187/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5187/2022

13.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5187/2022 13.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.2015-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X5 miras qalmış əmlakla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından X11 və X12 anadan olmuşdur. Belə ki, iddiaçının mərhum həyat yoldaşı X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bu günədək Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi 8-ci küçə ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evinin X6 rəsmi şəkildə mülkiyyətində olması barədə iddiaçının dəqiq məlumatı olmamışdır. Yalnız vəkil sorğusuna 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********94 nömrəli cavab məktubuna əsasən, iddiaçı mübahisəli əmlakın rəsmi şəkildə həyat yoldaşının mülkiyyətində olduğunu öyrənmiş, həmin cavab məktubu isə iddiaçı tərəfindən yeni əldə edilmişdir. Cavab məktubundan da göründüyü kimi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi 8-ci küçə ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixdə 22930 reyestr nömrəli qeydiyyat vəsiqəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 66 saylı qərarı əsasında verilmiş və daşınmaz əmlak hazırda, mərhumun mülkiyyətindədir. İddiaçı tərəfindən Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinə mirasın qəbulu barədə ərizə ilə müraciət edilmiş, lakin həmin qurumun xx.xx.2022-ci il tarixli, 1141 nömrəli məktubundan da göründüyü kimi, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddət üzürlü səbəblərdən iddiaçı tərəfindən ötürülmüşdür. Hazırda, iddiaçının həyat yoldaşının yeganə hüquqi varisi iddiaçı və azyaşlı övladları X11 və X10r. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin mərhum həyat yoldaşının daşınmaz əmlakı olmuş və iddiaçı bu barədə məlumatlı olmamışdır. Bunu təsdiq edəcək şahidlər, yəni, iddiaçının mərhum həyat yoldaşının qohumları vardır. İddiaçının miras əmlak olaraq qəbul edilməsini istədiyi daşınmaz əmlak Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq yaşayış massivi 8-ci küçə ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evidir. Sözügedən ev hazırda da mərhumun mülkiyyətindədir və bu barədə çıxarış var. O, sorğu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə ödəniş edərək müraciət etmiş və rəsmi məlumatın kifayət etdiyini hesab edir. İddiaçının həqiqətən də sözügedən ev barəsində məlumatı olmamış, mərhum yoldaşı bu barədə iddiaçıya heç nə deməmişdir. İddiaçı rayon adamı olmuş, Bakıya çox maraq göstərmədiyindən iddiaçının evinin olub-olmaması ilə də maraqlanmamışdır. Hesab edir ki, bu, digər şəxslərin maraqlarına toxunmur, şahid ifadələri də göstərir ki, iddia tələbinin təmin edilməsi məqsədəmüvafiqdir. Cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, cavabdeh xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun gəlini olmaqla, balaca qardaşının yoldaşı olmuşdur. Qardaşı 2015-ci ildə vəfat etmişdir. X2 həmin evi alan zaman o, həbsxanada olmuşdur. Atası Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evini satmış və mülkün satışından əldə olunmuş pul vəsaitindən bacı-qardaş olmaqla hamısına pay düşmüşdür. O, həbsxanadan gələndən sonra balaca qardaşı Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən evi almışdır ki, həmin ev köhnə adla “Xırdalanın köhnə bazarından hərəkət etdikdə sağ tərəfdə yerləşən ev”dir. Küçənin adını dəqiq bilməsə də, ev Quşçuluq yaşayış massivində yerləşir. Həmin evi qardaşı təmir etdirmiş, lakin heç vaxt yaşamamışdır. Fikrincə, iddiaçının sözügedən evdən məlumatı olmamışdır. Lakin bu barədə dəqiq bilmir. Mərhum qardaşının yoldaşından həmin ev barədə heç nə eşitməmişdir. Lakin bildiyi qədərilə, qardaşının evində son vaxtlar başqa şəxs yaşamışdır. Ondan sonra iddiaçıya bəlli olmuşdur ki, mərhumun evi olmuşdur. İddiaçı iki uşaqla birlikdə anasıgildə qalmışdır. O, sonuncu dəfə iddiaçının anası vəfat edəndə keçən il iddiaçını görmüşdür. İddiaçı onun qardaşının ilk həyat yoldaşı olmaqla, qardaşının başqa ailəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İddiaçı onun qohumu, yəni, qaynanasının qohumudur. İddiaçı o, yaxşı tanıyır. İddiaçı həyat yoldaşı X8 ilə qardaş kimi olmaqla yaxın münasibətləri olmuşdur. Mərhumun Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən ata-baba evləri olmuş, həmin evin satışından əldə olunmuş pul 3 yerə bölünmüşdür. Bir pay ataya, bir pay böyük qardaşa, bir pay isə kiçik qardaşa düşmüşdür. Mərhum hardasa 4000 ABŞ dollarına yaxın pul almış, təxminən 3500 ABŞ dollara Abşeron rayonu Xırdalan şəhərində ev almışdır. Xırdalanda gölə yaxın yer olmaqla, köhnə bazarı keçəndən sonra yolun sonundakı evə gedərək birlikdə baxmışlar. Yanlış bilmirsə, həmin ərazi Quşçuluq yaşayış massivi adlanırdı. Həmin ev alınanda orada heç kim yaşamamışdır. Mərhum Yasamal rayonunda kirayə yaşayırdı, bu səbəbdən də ailəsinin də həmin evdən məlumatı olmamışdır. Ev boş qalmış, uzun müddət sonra mərhum həmin evə gedəndə başqa şəxslərin olduğunu görmüş, lakin çıxara bilməmişdir. Hətta bir dəfə sözügedən evdən tatar qadın çıxmış və mərhum həmin qadını polisə verəcəyi ilə hədələmişdir. Bu səbəbdən də, hətta hesab edir ki, iddiaçının və uşaqlarının sözügedən evdən məlumatı belə olmamışdır. Mərhumu yaxından tanısa da, uşaqları ilə elə də yaxın münasibətləri yoxdur. Mərhum bəzən ürəyinin ağrımasından şikayət edirdi. Ölməsi səbəbi də yatıb yuxudan oyanmaması olmuşdur. Mərhumun başqa ailəsi və uşaqları olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 465094 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə İddiaçı xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşdur. -3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ № 744971 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 335 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X12 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X11 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 870 saylı məktubundan görünür ki, 16 mart 2015-ci il tarixdə ünvan 4 ünvanında yaşamış X8 ölmüşdür. Vərəsəsi arvadı İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və o, vərəsələr siyahısına daxil edilmişdir. -Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1141 saylı məktubundan görünür ki, X6 xx.xx.2015-ci il tarixdə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi arvadı İddiaçı mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi 8-ci küçə ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evinin X6 mülkiyyətində olub-olmaması barədə bildirilmişdir ki, keçmiş Abşeron rayonu X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X6 adına (Arxiv əsaslarında təvəllüd aşkar edilməmişdir) Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi 8-ci küçə ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evinə xx.xx.2001-ci il tarixdə mülkiyyət hüququna dair 22930 reyestr nömrəli qeydiyyat vəsiqəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 66 saylı qərarı əsasında verilmiş və hal-hazırda, mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı, vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı mərhum həyat yoldaşı X8 ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş və onların birgə nikah münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X11 anadan olmuşdur. 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ № 744971 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X3 nikaha daxil olanadək atasına məxsus olan mülkün satışından əldə olunmuş pul vəsaiti hesabına Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 8-ci küçə ünvanında yerləşən 50 saylı fərdi yaşayış evini almışdır. Hazırda, iddiaçı mərhum həyat yoldaşından miras qalmış fərdi yaşayış evinin olmasından yeni məlumatlı olduğundan həmin evi miras əmlak kimi qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddətin uzadılmaqla bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin növbədə, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, yuxarıda qeyd olunduğu kimi, İddiaçı ailənin üzvü olaraq X3nun həyat yoldaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göründüyü kimi, iddiaçı mərhumla xx.xx.2009-cu il tarixli AZ-İ № 465094 saylı nikah haqqında şəhadətnamə əsasında rəsmi nikah münasibətində olduğundan və onların birgə nikah münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X11 anadan olduğundan iddiaçının mərhumun birinci dərəcəli vərəsə olmaq hüququ yaranmışdır. İddiaçı X3nun xx.xx.2015-ci il tarixdə vəfatından sonra miras əmlaka vərəsə olmaq hüququnun müəyyən edilməsi üçün aidiyyəti notariat qurumuna müraciət etmiş, lakin Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 870 saylı məktubu ilə iddiaçı vərəsələr siyahısına daxil edilmiş olsa da, həmin qurumun xx.xx.2022-ci il tarixli 1141 saylı məktubu ilə iddiaçıya müddət ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakı qəbul etmədiyindən məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 40-cı maddəsinə əsasən, hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 58-ci maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Mülki Məcəllənin: 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. 1248.1. maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. maddəsinə əsasən, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş şahid ifadələri əsasında mərhum X1 atasına məxsus mülkün satışından əldə olunmuş pul vəsaitindən ona çatası payın hesabına Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 8-ci küçə ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evini alması müəyyən olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 saylı məktubu ilə həmin fərdi yaşayış evinin xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında mərhumun adına qeydiyyata alınması təsdiq olunmuşdur ki. Bununla da, fərdi yaşayış evinin iddiaçının mərhumla xx.xx.2009-cu il tarixdə nikaha daxil olmazdan əvvəlki dövrə təsadüf etməsini sübuta yetirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə də, məhkəmə qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş şahid ifadələrini sübut növü kimi qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı mərhum yoldaşı X6 vəfatından sonra nikahdan əvvəlki müddət ərzində mərhum tərəfindən fərdi yaşayış evini almasından məlumatlı olmaması təsdiqini tapmalı və bu səbəbdən də mərhumun ölümündən sonra həmin evin miras əmlak kimi qəbul edilməsi müddəti üzrlü hesab edilərək bərpa edilməlidir. Belə ki, iddiaçının və onun azyaşlı uşaqlarının mərhumun birinci növbəli yeganə vərəsəsi olması və miras əmlakla bağlı mübahisənin olmaması öz təsdiqini tapmışdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, göstərilən halların, yəni iddiaçının hüquqi savadının olmamasını və mərhumun sağlığında aldığı fərdi yaşayış evində yaşamamasını, bu səbəbdən də, iddiaçının da nəticə etibarı ilə həmin evdən məlumatlı olmamasını miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməklə üzrlü hesab edilməsinə əsas görür. Ona görə də iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılmış hesab edilərək bərpa edilməlidir. İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın İddiaçı tərəfində vaxtında qəbul ediməməsi üzürlü hesab edilərək buraxılmış müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar