Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-53/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı-X3 Cəmiyyətinə qarşı qərarın etibarsız hesab edilməsi, əqdlərin ləğv edilməsi və maddi ziyan tələbi barədə mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı-X3 Cəmiyyətinə qarşı qərarın etibarsız hesab edilməsi, əqdlərin ləğv edilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı-Quşçuluq ASC-nin səhmdarlarının 29 aprel 2011-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarlarının, 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında qəbul olunmuş Bakı-Quşçuluq ASC-nin borclarının ödənilməsi üçün Bakı-Quşçuluq ASC-nin əmlakının satılması qərarının ləğv edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin etibarsız hesab edilməsi və bu əqdlərin bağlanması nəticəsində onlara vurulmuş maddi ziyanın, İddiaçı1 131500 manat və İddiaçı2 26300 manat olmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı-Quşçuluq ASC-nin səhmdarlarının 29 aprel 2011-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarların və 11 iyul 2011-ci il tarixli ümumi yığıncağında qəbul olunmuş Bakı-Quşçuluq ASC-nin borclarının ödənilməsi üçün Bakı- Quşçuluq ASC-nin əmlakının satılması qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin ləğv edilməsi və bütün bu hərəkətlərin nəticəsində mülkiyyət hüquqlarının pozulduğunu nəzərə alaraq onlara vurulmuş maddi ziyanın, İddiaçı1 131500 manat və İddiaçı2 26300 manat olmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 vəsatət ilə məhkəməyə müraciət edərək 2(012)-53/2022 saylı mülki işə Mülki Prosessual Məcəlləyə (yeni redaksiyada) və mahiyyəti üzrə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarına əsasən, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğundan, göstərilənlərin nəzərə alınaraq, mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı-X3 Cəmiyyətinin sədri A.Əliyev ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini, iddiaçının ərizəsini, mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki işin aidiyyatı üzrə göndərilməsi zərurəti müəyyən edildiyindən, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin: 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
30. maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki iş materiallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçılar İddiaçı1 ilə İddiaçı2 cavabdeh qismində çıxış edən Bakı-Quşçuluq ASC-dən həmin qurumun qərarlarının, qərarlar əsasında bağlanılmış əqdlərin etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçılar cavabdehdən maddi ziyanın tutulmasını xahiş etdikləri halda, həmin pul vəsaiti cavabdeh qurumun qərarları və həmin qərarlar əsasında bağlanılmış əqdlər əsasında maddi ziyan olaraq hesablanmışdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 4 nömrəli Qərarına əsasən, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 22-ci bəndinə əsasən, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmçinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən də göründüyü kimi, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində) kommersiya mübahisəsinin subyektləri dairəsinə malikdir. Mülki iş materiallarında olan: -X1 çıxarılmış məlumatdan görünür ki, Bakı-Quşçuluq ASC Vöen ********** nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. -X1 çıxarılmış məlumatdan görünür ki, İddiaçı2 Vöen: ********** nömrəsi ilə muzd və ya müqavilə əsasında neft və qaz hasilatı ilə əlaqədar yerinə yetirilən xidmətlər üzrə fəaliyyət növünü həyata keçirir. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri, qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenum Qərarını nəzərə alıb hesab edir ki, hazırki mülki işdə subyektiv tərkibinə görə İddiaçı2 və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçdiyindən, tərəflər arasında olan münasibətlər qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan, iddia tələbi predmetinə görə korporativ tələblərdən irəli gələn mübahisə olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalı, bu səbəbdən də hazırki mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı-X3 Cəmiyyətinə qarşı qərarın etibarsız hesab edilməsi, əqdlərin ləğv edilməsi və maddi ziyan tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov