Məhkəmə qərarları › İş №2(012)-53/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-53/2024

25.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-53/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə, (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Abşeron Rayon İcra Hakimiyyətinə) qarşı tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının qadağan edilməsi, çıxarışın ləğv edilməsi, icazənin qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının qadağan edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sol hissəsində tikilən tikilinin sökülməsi və cavabdehə ona məxsus olan torpaq sahəsində tikdiyi tikilinin divarının hündürlüyünün 0.3 hissəsi ölçüsündə ara məsafəsi gözləmədən tikinti işlərinin aparılmasının qadağan edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı vəsatət ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin, "xxxx" MMC-nin cavabdeh qismində, "xxxx" ASC-nin isə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmiş, vəsatət qismən təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyəti və "xxxx" ASC üçüncü şəxs qismində, 4 saylı Abşeron Ərazi İdarəsi isə cavabdeh qismində mülki işə cəlb olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, cavabdehin adına verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sol hissəsində tikilən tikilinin sökülməsi, Cavabdeh1 ona məxsus olan torpaq sahəsi ilə sol qonşuluqda tikinti işlərinin aparılmasının qadağan edilməsi, cavabdehin adına verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinini müdafiə edərək izahatında bildirmişdir ki, mülkiyyətində Abşeron rayonu, Masazır qəsəbəsində 0.016926 ha torpaq sahəsi və həmin torpaq sahəsində İlyas Bayramov küçəsi, ev 40 ünvanında yerləşən 124.2 kvadrat metr sahəsi olan iki mərtəbəli fərdi yaşayış evi var. Həmin torpaq sahəsi və fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin fərdi yaşayış evinin sağ hissəsində olan qonşu Cavabdeh1 qanunsuz olaraq ona məxsus həyətin hasarına bitişik onun fərdi yaşayış eviylə ara məsafəsi gözləmədən tikinti işləri aparır. Hazırda həmin tikinin hündürlüyü 3 metrdən çoxdur və tikinti işləri davam edir. O, dəfələrlə cavabdehə onun eviylə arası məsafəsi gözləmədən apardığı tikinti işlərinin qanunsuz olduğu bildirmiş və bu tikinti işlərini qanuni həyata keçirməsini təklif etmişdir. Lakin cavabdeh onun qanuni tələblərinə riayət etmədən öz qanunsuz hərəkətlərini davam etdirərək tikinti işlərini yerinə yetirir. Nəticədə onun evinin pəncərələrinin qarşısı bağlanır, tikintinin ikinci mərtəbəsi tikiləcəyi halda eyvan tamamilə bağlanacaqdır. Bundan əlavə ara hasar nəm çəkir və nəm vəziyyətdə olur, bünövrəsinin çökməsinə səbəb olur. Bundan başqa cavabdehin tikdiyi həmin tikili "xxxx" ASC-yə məxsus olan su borusunun üzərində tikilmişdir. Bundan əlavə cavabdehin tikdiyi tikili ona məxsus evin qoşulduğu kanalizasiya xətlərinin borularının üzərində həmin borular sementlənərək tikilmişdir. Həmin tikililər yüksək gərginlikli elektrik xəstlərinin altında tikilmişdir. Tikilinin tikinti qaydalarına riayət edilmədən tikilməsi ondan başqa digər qonşularda da narazılıq yaratmışdır. Bu barədə dəfələrlə Masazır Bələdiyyəsinə və digər dövlət qurumlarına rəsmi şəkildə müraciət edilmişdir. Cavabdeh belə qanunsuz tikili tikməsi gələcəkdə baş verə bilən fövqəladə hadisə zamanı daha da təhlükəli vəziyyətin yaranmasına səbəb olacaqdır. Bundan əlavə bildirir ki, iddia ərizəsində göstərdiyi kimi Cavabdeh1 Azərsu ASC-nin tabeliyində olan 1200 mm diametrli su xəttinin üzərində tikili tikmişdir. Su xəttləri 82-ci Masazır su anbarına məxsus olub, istismar müddəti bitməmişdir və mütəmadi olaraq su anbarlarını yuyulmasında istifadə olunur. Bununla bağlı ASC-yə tərəfindən müraciət edilmiş, yaxın vaxtlarda rəsmi cavab veriləcəkdir. Bundan başqa Abşeron rayonunda fərdi yaşayış evlərinin tikilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən razılığı alınmalıdır. Lakin cavabdeh Xəlilovun tikdiyi tikili, qanunvericiliyin tələblərinə uyğun gəlmir, yanğından mühafizə qaydalarına, qonşuluq qaydalarına və sanitar qaydalara cavab vermir. Belə bir qanunsuz tikili tikiləcəyi halda Memarlıq və Tikinti şöbəsi tikilinin dayandırılması və sökülməsi üçün zəruri tədbirlər görməlidir. Lakin orqan tərəfindən heç bir hərəkət edilmir, əksinə qanunsuz olaraq cavabdehin ev tikintisinə icazə verilmişdir. Bundan başqa ona məxsus olan evin yerləşdiyi yer mərkəzi yoldan 60 metr məsafədə yerləşir. Cavabdeh1 tərəfindən orada tikili tikilib, hasar çəkilib darvaza qoyulacağı halda o və digər 5 qonşunun mərkəzi yola çıxışı avtomobillə hərəkəti məhdudlaşdırılır. Orada hər hansı fövqəladə hal olacağı təqdirdə orada heç bir operativ nəqliyyat vasitəsindən istifadə etmək mümkün olmayacaqdır. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Beləliklə cavabdehə icazənin verilməsi şəhərsalma qaydalarına da zidd olmuşdur. Cavabdeh həmin torpaq sahəsini Gold House MMC-dən almışdır. Lakin MMCnin sənədləri qanunsuz sənədlər olmuşdur. Torpaq sahəsi qanuni əsaslarla əldə edilməmişdir. X7 şirkəti həmin torpaq sahəsində tikinti işləri aparır. O, dəfələrlə müraciət etsə də ona hədə qorxu gəlirlər. Heç bir nəticə əldə edə bilməcəyini bildirdilər. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən şəxsə qanunsuz olaraq çıxarış verilmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən qanun pozuntuları olduğu halda torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə çıxarış verilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsini çıxarış əsasında almışdır. Torpağı alan zaman isə oradan su borusunun keçib-keçmədiyini bilməli deyildir. Bundan sonra o, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və ona həmin ərazidən su borusunun keçmədiyi bildirilmişdir. O həmin torpaq sahəsində ev də tikmişdir, yalnız evin üstü hazırlanmaqdadır. Onun evinin hündürlüyü 4 metrdir. Həmin hündürlüyün 1/3 isə 1,3 metrə bərabərdir. Hətta onun evi ilə iddiaçının evi arasında qanunun tələbində göstəriləndən daha çox yəni, 1,5 metr məsafə vardır. Bundan əlavə bir çox evlərdə olduğu kimi iddiaçının evində də bu məsafə gözlənilməmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə1 cavabdehin izahatına uyğun izahat verdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, söküntü işləri İcra Hakimiyyətinin səlahiyyətinə daxil deyil, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə məxsusdur. İcra nümayəndəliyi tərəfindən tikinti işləri dayandırılmış və bu barədə inzibati aktın tərtib edilib-edilməməsi ilə bağlı məlumat yoxdur, lakin həmin sənədi icra nümayəndəliyindən tələb etmək mümkündür. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi ərazidən "xxxx" ASC-yə məxsus təxliyyə xətti keçir və bu, kobud qanun pozuntusu hesab olunur. Bu səbəbdən də, cavabdeh tərəfindən ünvan 3 ünvanından keçən "xxxx" ASC-yə məxsus diametri 1200 mm olan magistral su kəmərinin böyük bir hissəsinin üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikililərin sökülməsi, magistral kəmərin mühafizə zonalarının boşaldılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin (naturada) ölçüləri ilə üst-üstə düşür. 2 ev – cavabdehə məxsus yarımçıq, üstüaçıq tikili və iddiaçıya məxsus xüsusi mülkiyyət arasında Cavabdehin tikilisi ilə iddiaçının tikilisi arasındakı məsafə 1.5 metr təşkil edir. Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsi Azərsu” ASC-yə məxsus su borusunun mühafizə zonası məsafəsinə düşmür. Torpaq sahəsinə yerli baxış zamanı yerüstü su xətti aşkarlanmamış, yeraltı su xətti ilə bağlı məlumatlar idarəyə məxsus elektron məlumat bazasındakı informasiyalara əsasən əldə edilib. Sonuncu Azərsuya aid boru xəttinin olması barədə elektron məlumat bazasında məlumatları olmadığından onlar tərəfindən müəyyən edilməsi mümkün olmayıb, hazırda Cavabdeh1 torpaq ərazisindən keçməsi barədə hər hansı sənədlər yoxdur ki, ona istinad etsinlər. Görünür həmin məlumatlar Azərsu tərəfindən Daşınmaz əmlak bazasına verilməyib. Belə ki, yerüstü su xətti var ki, bu torpaq sahəsindən kənarda - cənub hissəsində yerləşir. Digər Cavabdeh2 və üçüncü şəxslər şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********73-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********89 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3278 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərsu ASC-nin mütəxəssis rəyləri Mərkəzə təqdim olunmadığına görə,qərardadın bu sualları cavablandırılmadı. Mülki iş materiallarında cavabdeh tərəfindən inşa olunmuş tikiliyə dair heç bir hüquqmüəyyənedici və texniki sənədlər olmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunan tikilinin (yarımçıq fərdi yaşayış evi) Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/88338 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin (naturada) ölçüləri ilə üst-üstə düşür. Mülki iş materiallarında cavabdeh tərəfindən inşa olunmuş tikiliyə dair heç bir hüquqmüəyyənedici və texniki sənədlər olmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Cavabdeh tərəfindən inşa olunan tikilinin (yarımçıq fərdi yaşayış evi) Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi Azərsuya məxsus yeraltı təxliyyə su borusunun mühafizə zonasında yerləşmir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Məhkəmənin müraciətinə cavab olaraq, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov şəxsində Abşeron rayon Məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin ərazisinə vətəndaş Cavabdeh1 məxsus tikilinin magistiral su kəmərinin mühafizə zonasına düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında tərəfimizdən qeyd olunan ünvana texniki baxış keçirilmişdir. Qeyd olunan ərazidə mövcud olan 0.01125 ha torpaq sahəsi istismarda olan + 82 "xxxx" su anbarının təxliyyə xəttinin mühafizə zonasında yerləşir. Azərsu ASC-nin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 tərəfindən ünvan 6 ünvanından keçən "xxxx" ASC-ə məxsus, diametri 1200 mm olan magistral su kəmərinin böyük hissəsinin üzərində və mühafizə zonasında qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikililər inşa edilmişdir. İnşa edilmiş tikililər nəticəsində cavabdeh tərəfindən qüvvədə olan AR Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında" AR Qanununun, AR Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” AR Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 70-ci maddəsində qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirilməsi qəti qadağandır. Yuxarıda adı çəkilən özbaşına tikilinin inşası nəticəsində diametri 1200 mm olan magistral boru kəmərinin böyük hissəsinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə səbəb olmaqla, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacaq və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradaraq istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Yuxarıda qeyd olunan qanunvericilik aktların tələblərindən də görünür ki, magistral su kəmərlərinin üzərində və ya onların sanitarmühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edilir ki, "Azərsu” ASC-ə məxsus diametri 1200 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş tikililər statusuna görə AR Mülki Məcəlləsinin 180-cı maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, magistral su xəttinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir. Odur ki, Cavabdeh1 tərəfindən ünvan 6 ünvanından keçən "xxxx" ASC-ə məxsus diametri 1200 mm olan magistral su kəmərinin böyük hissəsinin üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikililərin sökülməsi, magistral kəmərin mühafizə zonalarının boşaldılmasının təmin edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********73-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********89 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının iddiasına görə həmin fərdi yaşayış evinin sağ hissəsində olan qonşu Cavabdeh1 qanunsuz olaraq ona məxsus həyətin hasarına bitişik onun fərdi yaşayış eviylə ara məsafəsi gözləmədən tikinti işləri aparmışdır. O, dəfələrlə cavabdehə onun evi ilə arası məsafəsi gözləmədən apardığı tikinti işlərinin qanunsuz olduğu bildirmiş və bu tikinti işlərini qanuni həyata keçirməsini təklif etmişdir. Lakin Cavabdeh1 onun qanuni tələblərinə riayət etmədən öz qanunsuz hərəkətlərini davam etdirərək tikinti işlərini yerinə yetirmişdir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sol hissəsində tikilən tikilinin sökülməsi, ona məxsus olan torpaq sahəsi ilə sol qonşuluqda tikinti işlərinin aparılmasının qadağan edilməsi, cavabdehin adına verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab edilməsi haqqında məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 180.1. maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi çıxarışa əsasən İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmış və bununla da iddiaçının həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək onun barəsində sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/88338 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin (naturada) ölçüləri ilə üst-üstə düşür. Mülki iş materiallarında cavabdeh tərəfindən inşa olunmuş tikiliyə dair heç bir hüquqmüəyyənedici və texniki sənədlər olmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Cavabdeh tərəfindən inşa olunan tikilinin (yarımçıq fərdi yaşayış evi) Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi Azərsuya məxsus yeraltı təxliyyə su borusunun mühafizə zonasında yerləşmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən ekspert rəyini sübut növü kimi qiymətləndirərək nəzərə alır. Ekspert rəyindən göründüyü kimi Cavabdeh1 ev inşa edərkən Şəhərsalma və Tikinti Məcəllləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinə riayət edilmədən qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin; 69.1. maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2-1.bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Ekspert rəyindən və fotoşəkillərdən göründüyü kimi Cavabdeh1 ev inşa etdirərkən iddiaçının inşa etdirdiyi evi ilə ara məsafəni gözləməmiş və nəticədə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmuşdur. Eyni zamanda işin araşdırılan hallarından görünür ki, cavabdeh evin inşasını "Azərsu” ASC-ə məxsus diametri 1200 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa etmişdir. Bu öz təsdiqini Azərsu ASC-nin Məhkəməyə ünvanlandığı məktub və vəsatətilə öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyində bu öz təsdiqini tapmasa da, məhkəmə iclasında izahatı alınmış mütəxəssis bildirmişdir ki, onlar elektron məlumat bazasındakı informasiyalara əsasən bunu müəyyən etmişlər, hazırkı zamanda isə onlarda Azərsuyun boru kəmərinin cavabdehin torpaq ərazisindən keçməsi barədə hər hansı sənədlər yoxdur ki, ona istinad etsinlər. Ona görə də məhkəmə qeyd edir ki, Azərsuyun məlumatı əsasında işə qiymət verilməlidir. Hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 70-ci maddəsində qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirilməsi qəti qadağandır. Beləliklə Azərsu tətrəfindən verilmiş məlumatı məhkəmə əsaslı hesab edir və qeyd edir ki, su borusunun üzərində tikilmiş tikili təhlükəsizlik qaydalarına riayət edilmədən tikilmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 adına verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsini və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab edilməsini xahiş etmişdir. İlk əvvəl məhkəmə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş icazədə torpaq mülkiyyətçisinə kənar təsirlərdən və kommunikasiya xətlərindən kənar təlükəsiz ərazidə evin inşa edilməsi tövsüyyə olunur və məsuliyyət mülkiyyətçinin üzərinə qoyulur. Eyni zamanda Cavabdeh1 məxsus torpağa dair verilmiş çıxarışın ləğv olunmasına hər hansı bir əsaslar yoxdur. Tikilinin qadağan olması hissəsində isə iddiaçı həmin tikilinin Cavabdeh1 tərəfindən davam etdirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə sübutları qiymətləndirib hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 tərəfindən İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sol hissəsində tikilən tikilinin sökülməsi hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsində onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumununun 50 manatı, Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli və eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarınının ümumi dəyəri olaraq 100 manat pul vəsaitinin 50 manat məbləği Cavabdeh1 tutularaq məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sol hissəsində tikilən tikili sökülsün. Aparılmış ekspertiza tədqiqatlarıına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar