Məhkəmə qərarları › İş №2(012)-5371/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5371/2022

14.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5371/2022 14.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron Rayon Saray qəsəbəsi H Aslanov küçəsi ev 38-ci evə dair qaz sayğacına görə tərtib olunmuş 543 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvaninda yerləşən ev iddiaçının mərhum həyat yoldaşı X2 adına olmuşdur. O, xx.xx.2021-ci ildə vəfat etdikdən sonra ev iddiaçının adıına keçmişdir. İddiaçı onun miras əmlakını faktiki olaraq qəbul edərək həmin ünvanda yaşayır. Həmin evə dair **********08610 nömrəli abonent kodu mərhum həyat yoldaşı X1 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Azeriqaz İB-nin əməkdaşları iddiaçının xəbəri olmadan sayğaca görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Bunun nəticəsi olaraq həmin akt əsasında sayğaca görə 543 manat məbləğində borc yaranmışdır. İddiaçı nə özü nə də ailə üzvləri tərəfindən heç bir müdaxilə olmamışdır.Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmişdir, ödənişləri vaxtı vaxtında etmişdir. Həmçinin həmin aktdan heç bir məlumatları olmamış, heç br imza da çəkilməmşdir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətyanı sahəninin çöl hissəsində quraşdırılmışdır. Həmin borcun nəyə əsasən hesablanması və hansı akta əsasən qaz xəttinin kəsilməsi barədə aktı əldə etmək üçün dəfələrlə cavabdeh quruma müraciət etsə də, cababdeh təşkilat heç bir halda aktı ona vermək istəmir. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçının qazdan istifadəyə görə debitor borcu vardır. Hər hansı bir akt tərtib olunmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Abonent saldosundan görünür ki, abonent kodu **********08610 olan, ailə tərkibi 4 nəfər olan Mustafayev Mustafa - Abşeron rayonu, Saray qəsəbəsi ünvanında xx.xx.2020-ci il tarixdə Zenner G-4T mexaniki markalı **********0 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Samovar (1/1), Qızdırıjı radiator peçi (1/1) abonentin borcu 2022-ci il tarixinə 162,24 manat hesablanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********66-05101-093001 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mülki işin materiallarına əlavə olunan Abonent saldosundan görünür ki, abonent kodu **********08610 olan, ailə tərkibi 4 nəfər olan Mustafayev Mustafa - Abşeron rayonu, Saray qəsəbəsi ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G-4T Smart markalı **********789 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Samovar (1/1), Qızdırıjı radiator peçi (1/1) abonentin borcu 2022-ci il tarixinə 543,10 manat hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı faktiki olaraq mülkiyyətində olan Abşeron Rayon Saray qəsəbəsi H Aslanov küçəsi ev 38-ci evə dair qaz sayğacına görə tərtib olunmuş 543 manat məbləğində borcun silinməsini xahiş etsə də, iş materiallarına qeyd olunan borcun hər hansı akt əsasında yaranmasına əsas olan sübut əlavə olunmamışdır.Cavabdehin nümayəndəsinin izahatından da müəyyən edildi ki, qeyd olunan borc məbləği qazdan istifadə ilə bağlı mexaniki sayğac üzrə yaranmış debitor borcdur. Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar