Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5385/2023 01.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 518 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. O, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 18 dekabr 2009-cu il tarixində Abşeron rayon Qaz İstismar İdarəsi ilə onun arasında təbii qazla təmin edilmə haqqında müqavilə bağlanmışdır. Təxminən 21-23 may 2022-ci il tarixində qaz sayğacının sındırılması, nəticədə işləməməsi tələbi ilə Cavabdeh İstİstehsalat Birliyinin qaynar xətti ilə əlaqə saxlamış və mövcud vəziyyət barədə məlumat vermişdir. Bu müraciətdən sonra Cavabdeh əməkdaşları tərəfindən qeyd olunan ünvanda qaz sayğacına baxış keçirilmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24 mart 2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacın üz hissəsinin sındırılması nəticəsində işləmədiyinə görə İtron tipli G-4 markalı, 1702AZ********** nömrəli sayğac Zenner tipli G-4 markalı **********3 nömrəli sayğacla əvəz edilmişdir. Əlavə olaraq, aktda sayğacın işləməməsi səbəbləri kimi elektron hissənin, qulaqcığın qırılması qeyd edilmişdir. Həmin sayğac yaşadığı evdən 25-30 metr aralıda, çöldə yerləşir. O, evdən çölə çıxanda görmüşdür ki, sayğac sındırılmış, istifadəyə yararsız vəziyyətə düşmüşdür. Ailə üzvlərinin hamısı ali təhsillidir və onlar hər zaman qanunun tələblərinə əməl etmişlər. Həmin sayğaca onun və ailə üzvlərinin müdaxilə etməsi qeyri-mümkündür. Bundan əlavə, qaz sayğacı evdən aralıda yerləşdiyinə görə onu daim nəzarətdə saxlayaraq qoruya bilməzlər. Yuxarıda göstərilən akt tərtib edildikdən sonra abonent barəsində borc yazılması haqqında əməkdaşlar tərəfindən ona heç bir məlumat verilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, təqsiri olmadığı halda, həmin sayğacın sındırılmasının səbəbkarı onun olması qənaətinə gəlinmiş, barəsində 518 manat məbləğində əsassız cərimə tətbiq edilmişdir. Əgər sayğacı o sındırmış olsaydı, bu barədə İdarəyə məlumat verməzdi. Sayğacın kim tərəfindən sındırılması ona məlum deyildir. Onun qazın istifadəsinə görə heç vaxt borcu olmayıb. Qeyd edilən akt qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 518,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı ünvan 3 ünvanına (abonent kodu: **********24930) baxış keçirilən zaman sayğacın qüsurlu olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonent İddiaçı 4320 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 3 ünvanına aid abonent kodu **********24930 olan abonentin saldosundan görünür ki, 2022-ci ilin aprel ayında qaz sərfiyyatı cəmi “4320 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 518,40 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 518,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2022-ci il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 518,4 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanına aid abonent kodu **********24930 olan qaz sayğacına xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 518,4 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5385/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5385/2023
01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver