Məhkəmə qərarları › İş №2(012)-541/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-541/2021

17.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-541/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına Neft Emalı Zavodu Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 nömrəli sahə (R.Behbudov küçəsi) adlanan ərazidə yerləşən tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm (nafta) neft boru kəmərinin “Mühafizə Zonası”nın 45 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 nömrəli sahə (R.Behbudov küçəsi) adlanan ərazidə Cavabdeh tərəfindən tikinti işlərinin aparılması aşkar edilmişdir. Bundan başqa, həmin ərazidən Dş-250 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm (quru qaz), Dş-300 mm (reaktiv mühərrik yanacağı) və Dş-500 mm (dizel) neft boru kəmərləri keçir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin birbirindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, sökülməsi xahiş edilən tikilinin altında yerləşən torpaq sahəsi xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyatdan keçmiş, bununla bağlı DƏDRX tərəfindən müvafiq çıxarış və plan-ölçü verilmişdir. Mülkiyyət hüququ ilə cavabdehə məxsus torpaq sahəsində tikinti işləri aparılması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunmuş, tikinti layihəsi xx.xx.2020-ci il tarixdə razılaşdırılmışdır. Bundan əlavə, cavabdehə məxsus çıxarışlardan görünür ki, torpağın kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Heydər Əliyev adına X3 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Mülki işin materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli, ******* saylı Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 27 nömrəli sahədə 0.08 ha yaşayış məntəqələrinin torpaq sahəsi- həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Mülki işin materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 nömrəli sahə yaşayış məntəqələrinin torpaq sahəsi- həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq adlı əraziyə (R.Behbudov küçəsi) baxış keçirən vaxt, zavoda məxsus neft məhsulu nəql olunan Dş-250 mm. neft boru kəmərinin “mühafizə zonası”nın 45 metrliyində Cavabdeh tərəfindən tikinti işlərinin aparılması aşkar edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx xxxxxx 2021-ci il tarixli, 10/3914-li rəydən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 nömrəli sahə (R.Behbudov küçəsi) adlanan ərazidə yerləşən tikilinin təqdim edilmiş xx.xx.2020ci il tarixli akta əsasən neft kəmərlərindən 45 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikilinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3 bəndinə əsasən Dş-250 mm-lik magistral neft kəmərlərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 nömrəli sahə (R.Behbudov küçəsi) adlanan ərazidə yerləşən yaşayış məntəqələrinin torpaq sahəsi- həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.Cavabdeh tərəfindən həmin torpaq sahəsində tikinti işləri aparılmışdır,iddiaçı tikilinin magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi üçün sökülməsini tələb edir. Cavabdeh isə həmin tikilinin aparıldığı torpaq sahəsinə reyestrdən çıxarışla mülkiyyət hüququ əldə etdiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, cavabdeh mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində təyinatına uyğun olmaqla və qanunvericiliyin tələblərini gözləməklə müvafiq tikinti işləri aparmışdır. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur.Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyərkimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın(bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1ci maddəsində öz əksini tapmışdır.Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə, əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq Məcəlləsinin 111.2 maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən, Dövlət mülkiyyətində olan torpaqlara daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqları və sair. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11,1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Heydər Əliyev adına X5 məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (AR NK-nin 02.11,2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 nömrəli sahə (R.Behbudov küçəsi) adlanan ərazidə yerləşən tikili magistral neft kəmərinin mühafizə zonasında yerləşsə də, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətində olduğundan və həmin torpaqlar yaşayış məntəqələri torpaqları olduğundan, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edilmədiyinə görə, iddiaçı Heydər Əliyev adına X6 tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar