Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5440/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Hüseyn Cavid küçəsi, dalan 1, 2 saylı evə (abonent kodu **********91260 olan) Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 8640 kub metr həcmdə sərfiyyata görə hesablanan 1036,80 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəsi, H.Cavid küçəsi, dalan 1, ev 2 üzərində mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydə alınmaqla adına çıxarış verilmişdir. Həmin evə sayğac quraşdırılmış və o, sayğac göstəricisi üzrə hesablanan sərfiyyatı vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh təşkilatın nümayəndələri onun və ailə üzvlərinin xəbəri olmadan xx.xx.2022-ci ildə ******* saylı akt tərtib etmiş və həmin aktda qeyd olunmuşdur ki, guya qeyd olunan tarixdə yaşadığı ünvanda sayğacın çıxış plombunun qırıldığını müşahidə etmişlər. Həmin vaxt guya o, tərtib olunmuş aktı imzalamaqdan da imtina etmişdir. Halbuki onun bundan məlumatı olmamış, yalnız 3 gün sonra evə xidmət edən qaz sayğacının dəyişdirilərək yenisi ilə əvəz olunduğunu bilmişdir. Bu hadisədən artıq bir ilə yaxın müddət keçsə də cavabdeh tərəfindən sənədlər ona təqdim olunmamış, lakin o, smartkarta pul vurub ödəniş edərkən karta ödədiyi məbləğdən az həcmdə qaz gəldiyini gördükdə şübhələnərək cavabdeh təşkilatın Abşeron rayonu Qİİ-nə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Orada məlum olmuşdur ki, belə bir akt tərtib olunmuş, ona 8640 kub metr əsassız sərfiyyat hesablanaraq 1034 manat cərimə yazılmışdır. Bu sayğac yaşadığı evin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa, buna görə o cavabdehlik daşımır. Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan gəlib-gedir, kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır. Hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir. Qeyd edilən akt qanunsuz tərtib edilmiş və ona əsassız cərimə yazılmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bununla belə iddiaya etiraz verərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 1036,80 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2022-ci ilin noyabr ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 1036,80 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 1036,80 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan MA ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Hüseyn Cavid küçəsi, dalan 1, 2 saylı ev xx.xx.2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Hüseyn Cavid küçəsi, dalan 1, 2 saylı evə (abonent kodu: **********91260) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun olmadığı və mexaniki təsir nəticəsində istismara yararsız olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən 8640 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Hüseyn Cavid küçəsi, dalan 1, 2 saylı evə aid abonent kodu **********91260 olan Abonentin saldosundan görünür ki, 2022-ci ilin noyabr ayında qaz sərfiyyatı cəmi “8640 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 1036,80 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 1036,80 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2022-ci il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036,80 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə aid abonent kodu **********91260 olan qaz sayğacına xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036,80 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5440/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5440/2023
08.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver