Məhkəmə qərarları › İş №2(012)-548/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-548/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-548/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1555,20 manat pul vəsaitinin Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi küçəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı sökülərək yeni sayğac quraşdırılmışdır. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmişdir. Çıxarılmış qaz sayğacı Azərbaycan Metrologiya İnstitutu və Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilərkən, birlikdə tərtib etdikləri MSK-29/1710-04380-1 saylı akta əsasən müəyyən edilmişdir ki, sayğacın yivli birləşmələri deformasiyaya və karroziyaya uğradığından, sayğacın çıxış plastmas borusu sındığından, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü tarixli ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən 1555,20 manat dəymiş ziyan hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Aktın tərtibində iştirak etməmiş, qaz sayğacı çöldə qonşunun hasarında yerləşdirilmişdir. Həmin hasarın uçması nəticəsində qaz sayğacı yararsız hala düşmüşdür. Bu barədə cavabdehin qaynar xəttinə zəng edərək məlumat vermişdir. Bundan sonra cavabdeh tərəfin əməkdaşları gələrək qaz sayğacını çıxararaq yenisi ilə əvəz etmişlər. Hadisənin 2022-ci ilin noyabr ayında baş verməsinə baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuş, akta əsasən ona xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıq göndərilmişdir. Sayğacın zədələnməsi onun təqsirindən deyil, təbii hadisə ilə əlaqədar baş verdiyindən əsassız hesablanmış borcun silinməsini istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib, həmin ərizəyə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Nümayəndə1 yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1502AZ**********72 saylı sayğaca baxış keçirilmiş, sayğacın çıxış yivli birləşməsinin iç plasmas hissəsinin kənar təsir nəticəsində yerindən oynadığı, sayğacın üst hissəsinin korroziyaya uğradığı aşkar edildiyindən, sayğac Mexanika markalı G-4 tipli **********2 nömrəli sayğacla əvəz olunmuşdur. -»Azəriqaz» İB-nin xx.xx.2023-cü il tarixli MSK-29/1710-04380-1 saylı aktından görünür ki, 1502AZ**********72 saylı sayğacın çıxış plastmas borusu sınıqdır, sayğacın yivli birləşmələri deformasiyaya və korroziyaya uğramış, xətalar təyin edilə bilmədi, sayğacın yivli birləşmələrinin deformasiyasını aradan qaldırmaq mümkün deyil, sayğac istismara yararsız hesab olunmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman MSK- 29/1710-04380-1 saylı rəyə əsasən, 1502AZ**********72 saylı sayğacın çıxış plastmas borusu sındığından dəymiş ziyanın hesablanması qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 12960 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********04730 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ünvana xx.xx.2022-ci il tarixdə Zenner G4T Mexaniki tipli **********2 nömrəli sayğac quraşdırılmış, cihazlar: kombi (su qızdırıcı) (1/1) 4 gözlü qaz plitələri (PQ-4)(2/2). Aktlara əsasən hesablanmış, abonentin 2023-cü ilin mart ayına olan borcu 1555.2 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra-“Qaydalar”) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçınının nümayəndəsinin izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyrimümkün edir. Məhkəmə xx.xx.2023-cü tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 1555,2 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü tarixli ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2023-cü tarixli ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2023-cü tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2023-cü tarixli ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Cavabdeh İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MSK-29/1710-04380-1 saylı akta əsasən, sayğac yararsız hesab olunmuş və yararsız hesab olunma səbəbi çıxış plastmas borunun sınığı qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, sayğacın içərisində yerləşən plastmas boruya müdaxilə edilməsi üçün onun plombunun qırılması zəruridir. Aktda borunun sınıq olduğu qeyd olunmuşdur ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi, abonent maraqlı olsa belə, plomb açılmamış daxilinə nüfuz edilməsi mümkün deyildir. Belə olan halda isə nəticə etibarı ilə sayğac quraşdırılanda plastmas borunun deşik vəziyyətdə quraşdırılması istisna deyildir. Bu səbəbdən də, bu halda da tərtib olunmuş aktın qüsurlu olmasının göstəricisidir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu səbəbdən də məhkəmə qeyd olunanlara əsasən, iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1555,20 manat borc məbləği abonent kodu **********04730 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1555.2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc abonent kodu **********04730 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar