Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5484/2025 03.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Müşviqabad qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********12530 olan sayğaca qanunsuz olaraq hesablanmış 777,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********12530 olan qaz sayğacından istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə mənə məxsus abonent kodu **********12530 olan sayğaca xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, akt tərtib edilmişdir. Ümumilikdə 777,60 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə sənaye və məişət qaz sayğaclarının kabirləşmə laboratoriyasının qaz sayğacanın yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 12438/Q001 nömrəli aktına əsasən G4 markalı 1302AZ **********44 nömrəli sayğacın çıxış borsu istilik nəticəsində əriyib, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir kimi qeyd edilmişdir. Bildirmişdir ki, sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır və hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə və texniki nasazlığına görə ev sahibi hər hansı bir məsuliyyət daşımır. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, xx.xx.2023- cü il tarixdə Bakı şəhəri Yeni Müşfıqabad qəsəbəsi yeni yaşayış massiv ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin elektrik sayğacında qısa qapanma baş vermiş, qaz sayğacıda elektrik sayğacına yaxın olduğu üçün baş vermiş qısa qapanma nəticəsində qaz sayğacı yanmışdır. Bununla bağlı Azərbaycan Respublikası FHN-nin X2 Xidməti 1-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsi tərəfindən mənə qaz sayğacının hansı səbəbdən yanması barədə məktubda verilmişdir. O sayğacın onun günahından yanmadığını və X2 Xidməti 1-ci Ərazi Dövlət Yanğın Ərazi İdarəsi tərəfindən verilmiş məktubu Cavabdeh İBnə təqdim etsə də idarə bunu nəzərə almadığını bildirmişdir. O Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də, idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********12530) baxış keçirilən zaman MSK-nın 14-2-2/3-5-12438/Q001 saylı rəyinə əsasən 1302AZ**********44 nömrəli sayğacda qaz itkisi və müdaxilə aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı sənaye və məişət qaz sayğaclarının kabirləşmə laboratoriyasının qaz sayğacanın yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 12438/Q001 nömrəli aktına əsasən G4 markalı 1302AZ**********44 nömrəli sayğacın çıxış plastmas borusu istilik nəticəsində əriyib, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Müşfiqabad qəsəbəsi fərdi yaşayış evinə aid abonent kodu **********12530 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin noyabr ayı üçün akta əsasən qaz sərfiyyatı cəmi “6562 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 777,60 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 777,60 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********12530 olan abonentin qaz sayğacına xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5484/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5484/2025
03.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver