Məhkəmə qərarları › İş №2(012)-5494/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5494/2022

01.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5494/2022 01.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kV-luq Yüksək Gərginlikli “4-cü Qobu” hava xəttinin 34-cü və 35-ci dayaqlarının mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni obyektin sökülməsi, söküntü işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, VÖEN-lə fəaliyyət göstərən fərdi sahibkardır. Mübahisəli ərazidə yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti artıq 14 ildir ki davam edir. O, işin araşdırılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair 2(012)-5494/2022 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İşdən görünür ki, hazırki mübahisə ********** saylı (VÖEN) vergi ödəyicisi olan Cavabdeh sahibkarlıq fəaliyyətilə məşğul olduğu Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsində yerləşən obyektin sökülməsilə bağlıdır. Belə olan halda isə məhkəmə hesab edir ki, bu mübahisə kommersiya xarakterlidir və sökülməsi tələb edilən obyekt Abşeron rayonu ərazisində yerləşdiyindən mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair 2(012)-5494/2022 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar