Məhkəmə qərarları › İş №2(012)-55/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-55/2022

25.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-55/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə qarşı «qanunsuz tikinti hərəkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus torpaq sahəsində cavabdehin qanunsuz ev tikmək hərəkətlərinə son qoyulması, 18.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,04 ha olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 29 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satın almış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 18.04.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. O, torpaq sahəsini alarkən torpaq sahəsinin plan və ölçüsündəki sxem üzrə 1-3-cü hissəsi üzrə qonşuluqda yerləşən torpaq sahəsi boş olmuş və qonşu ilə aralarında hasar olmamışdır. O, uzun müddət torpaq sahəsinə getməmişdir. 2020-ci ilin aprel ayının əvvələrində o, təsadüfən mülkiyətində olan torpaq sahəsinə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin plan və ölçüsündəki sxem üzrə 1-3-cü hissəsi üzrə qonşuluqda yerləşən torpaq sahəsində mişar daşından bir mərtəbəli yaşayış evi tikilmişdir və evin yan hissəsi ona məxsus torpaq sahəsinin içərisində tikilmişdir. Sonradan öyrənmişdir ki, həmin birmərtəbəli evi qonşuluqda yerləşən **********64 reyestr nömrəli torpaq sahəsinin mülkiyətçisi, hazırki iddia üzrə Cavabdeh tikdirmişdir. O, cavabdehə ona məxsus torpaq sahəsinin içərisində ev tikməsinin qanunsuz olduğunu bildirmişdir. Lakin cavabdeh ona məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onu da qeyd edir ki, cavabdehin sahibliyində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı toıpaq sahəsidir və orada fərdi yaşayış evinin tikilməsi qanunsuzdur. Lakin cavabdeh Azərbaycan Respublikasının tikinti haqqında qanunvericiliyinin norma və tələblərini kobud şəkildə pozaraq özbaşına ev tikmişdir. Ona görə də o, pozulmuş mülkiyyət hüquqlarımın məhkəmə vasitəsilə bərpa olunması qərarına gəlmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində qanunsuz olaraq tikilmiş birmərtəbəli yaşayış evinin onun hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla pozulan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, mübahisə predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsinə baxış keçirilmiş, lakin onun bu barədə məlumatı olmamışdır. Evə təzə köçən zaman iddiaçı kobud şəkildə ona yaxınlaşmış və onun evinin navalçasının iddiaçınin ərazisinə düşdüyü bildirmişdir. Lakin o, evi alan zaman evin üzərində 2 metr hündürlüyündə hasar mövcud olmuşdur. O, heç kəsin torpağına müdaxilə etməmişdir. Bu səbəbdən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 10/5702 saylı ekspert rəyində ümumi sahə və torpaq sahəsi göstərilsə də, həmin tikilinin nə qədər hissədə torpaq sahəsinə düşməsi ilə bağlı məlumat yoxdur. Həmçinin rəydə sürüşmə olduğu qeyd edilmişdir. Rəydə tikilli ilə bağlı sual cavablandırılmamışdır və 2 kv.m hissəyə düşən hissədə tikilinin mövcud olub-olmaması ilə bağlı yenidən sual qoyulmalıdır. Odur ki, mübahisə predmeti olan ərazidə uyğunsuzluq mövcuddur və əraziyə yenidən baxış keçirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX Seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən sahəsi 0,04 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 18.04.2018-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 10/5702 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, RX Seriyalı ******* nömrəli, 18.04.2018-ci il tarixli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Həmçinin ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan (18.04.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, AN 256230 saylı, 09.04.2018-ci il tarixli, **********52 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsindən 2 kv.m hissəsinə müdaxilə var. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsində cavabdehin qanunsuz ev tikmək hərəkətlərinə son qoyulmasını, həmçinin ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdeh tərəfindən sökülməsini xahiş etmiş,lakin işin hallarını təstiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.Məhkəmə həqiqətə nail olmaq üçün öz təşəbbüsü ilə mübahisəli torpaq sahəsi ilə bağlı tikinti-texniki ekspertizası təyin etmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 10/5702 saylı ekspert rəyində ərazidə ümumi DWG uyğunsuzluğunun mövcud olduğu,həmçinin İddiaçı mülkiyyət hüququ ilə məxsus olan (18.04.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, AN 256230 saylı, 09.04.2018-ci il tarixli, **********52 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsindən 2 kv.m hissəsinə müdaxilə olduğu göstərilmiş,lakin ekspert rəyi və məhkəmədə hər hansı bir mötəbər sübutla həmin 2 kv.m hissədə tikilinin mövcud olmasını müəyəyn etmək mümkün deyildir.Halbuki bununla bağlı Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübutlar təqdim etmək vəzifəsini iddiaçı daşımışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə qarşı 18.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus torpaq sahəsində cavabdehin qanunsuz ev tikmək hərəkətlərinə son qoyulması, 18.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdeh tərəfindən sökülməsi barədə iddia ərizəsi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar