Məhkəmə qərarları › İş №2(012)-5503/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5503/2025

16.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5503/2025 16.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 416,81 manat cərimə pulunun siinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri Mexkalon-ünvanında yaşayır. Hər zaman vaxtı-vaxtında, heç bir gecikmə olmadan kommunal ödənişləri etmişdir. Lakin hal-hazırda heç bir əsas olmadan cavabdeh tərəfindən 416,81 manat borc hesablanmışdır. Bildirir ki, xx.xx.2025-ci il tarixdə həmin ünvanda olan ona məxsus sayğacı nəvəsinin adına keçirmək üçün “ASAN Kommunal" mərkəzinə yaxınlaşdı. Orada bildirildi ki, onun adına "xxxx" ASC tərəfindən 416,81 manat borc hesablanmışdır. Qeyd emək istəyir ki, həmin borc xx.xx.2016-cı ilədək müddətdə hesablanmışdır. xx.xx.2020-ci il tarixədək abonent saldosunda sayğac göstəciləri müəyyən olunmamış, bundan sonrakı müddətdə xx.xx.2020-ci ildə sayğac dəyişdirilmiş, bu vaxtadək hər hansı bir borc hesablanmamışdır. Həmçinin bildirir ki, hesablanmış borc barədə "xxxx" ASC ona heç bir məlumat verilməmiş, hər hansı, bir bildiriş göndərilməmişdir Hesab edir ki, "xxxx" ASC tərəfindən yazılan borc etibarsız sayılmaqla həmin borc məbləği silinməlidir. Belə ki, ona ünvanda sayğaca onun tərəfindən heç bir müdaxilə olmamışdır. O, hər zaman vaxtı-vaxtında, heç bir gecikmə olmadan kommunal ödənişləri etmişdir. Abunə haqqında çıxarışdan da görünür ki, borc məbləği xx.xx.2016-cı il tarixində hesablanmışdır. Lakin hazırkı iddia tələbinin verilməsinə əsas olan hesablanmış borc barədə heç bir hüquqi sənəd yoxdur. Həmin borcun hansı əsasla və hansı səbəbə görə yaranması məlum deyildir. Hesablanmış borcun üzərindən 9 il keçməsinə baxmayaraq bugünədək ona heç bir məlumat verilməmiş, hər hansı bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Ona görə də ‘Azərişıq” ASC tərəfindən həmin borcun tələb edilməsi üçün tələb hüququ yoxdur. Həmin əsassız hesablanmış borca görə ona məxsus sayğacın başqa şəxsin adına keçirilməsinə və digər hüquqi prosedurlarda çətinlik yaradır. Ona görə də hesab edir ki, Azərişıq” ASC tərəfindən hesablanmış 416,81 manat borc silinməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər. (“Avşar Türkiyəyə qarşı” MHM-nin qərarı №25657/94, §282). Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətində Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -"xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, İddiaçı məxsus olan evdə elektrik enerjisi üçün xx.xx.2016-cı il tarixində 416,81 manat qaçqın borcunun silinməsi aparılmışdır. -İddiaçı və vəkil X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli 069 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və qəbzlərdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün X2 100 manat ödəniş etmişdir. -Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş məktubundan görünür ki, həmin yaşayış sahəsinə aid olan abonent kodu üzrə “Abunə vərəqi” təhlil olunduğu zaman 31 dekabr 2016-cı il tarixinədək mənzildə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəşt limitindən artıq istehlak edilmiş və dəyəri ödənilməmiş elektrik enerjisinə görə 416,81 manat borcun yarandığı müəyyən edilmişdir. Nəzərə alınmağı xahiş edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Səfərov X1 rayonu, Tatar kəndi ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 8.1. bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.5. bəndinə əsasən, abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. 8.14. bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli akt əsasında hesablanmış 416,81 manat pul məbləği abonentə elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində hesablanmışdır. Məhkəmə işin tədqiq edilən hallarını və iş materiallarını araşdıraraq qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi 2016-cı ildə İddiaçı 416,81 manat borc hesablanmışdır. Həmin borcun hesablanmasında 9 il vaxt keçir. İddiaçıya borcun olduğu haqqında hər hansı bildirişin göndərilmsi barədə cavabdeh tərəfindən məhkəməyə sənəd təqdim edilməmişdir. Uzun müddət keçməsinə baxmayaraq abonent haqqında qaydalara uyğun hər hansı tədbirlər görülməmişdir. İddiaçı izahatında həmin borcun düzgün olmayaraq yazıldığını, borcu barədə ona hər hansı məlumatın verilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh abunə haqqında cədvəldə iddiaçının 2016-cı ildə 416,81 manat borc məbləğinin olduğunu yazsa da, həmin məbləğin yaranma əsasları haqqında hər hansı sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qanunla borcun əsaslığını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Uzun müddət keməsinə baxmayaraq cavabdeh tərəfindən borcun tələb edilməməsi borcun əsaslığını şübhə altında qoyur. Bununla belə cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə dəflərlə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, etirazını və iddiaya münasibətini bildirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, abunə kodu **********22426 olan İddiaçı barəsində hesablanmış 416,81 manat pul vəsaiti abonentin hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda İddiaçı və vəkil X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli 069 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və qəbzlərdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün X2 100 manat ödəniş edilmişdir. Ona görə də həmin ödəniş məhkəmə xərclərinə aid olduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Abunə kodu **********22426 olan İddiaçı barəsində hesablanmış 416,81 (dörd yüz on altı manat səksən bir qəpik) manat pul vəsaiti və 100 (yüz) manat hüquqi yardım üçün xidmət haqqı abonentin hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar