Məhkəmə qərarları › İş №2(012)-5520/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5520/2025

25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5520/2025 25.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Masasır qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********19990 olan sayğaca qanunsuz olaraq hesablanmış 997.92 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********19990 olan qaz sayğacından istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə ona məxsus abonent kodu **********19990 olan sayğaca xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt və xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Ümumilikdə 997.92 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə edilməsi halı olmamışdır. Azəriqazın əməkdaşları iddiaçının iştirakı olmadan sayğaca baxış keçirmiş, akt tərtib etmiş və həmin akta iddiaçının imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, sözügedən aktdan ödənişlə bağlı bildiriş gələrkən xəbəri olmuşdur. Cavabdeh İB yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. İddiaçı Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də, idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cərimə yazılan zamanı onun heç bir məlumatı olmamışdır. Plomblara toxunulmamışdır. Cavabdeh İB məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilən zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlanmış, dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilən zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlanmış, dəymiş ziyanın hesablanması qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* nömrəli nömrəli akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 7992 m3 sərfiyyat hesablanmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2019-cu il tarixli, ******* nömrəli nömrəli akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 324 m3 sərfiyyat hesablanmışdır. -İddiaçı adına olan **********19990 abonent kodlu saldonun surətindən görünür ki, Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə 2019-cu ilin aprel ayına qalıq və aktlar üzrə 799.20 manat, 2019-cu ilin may ayına qalıq və aktlar üzrə 32.40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın: 1.3-ci bəndinə görə qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 831.60 manat (799.20 manat + 32.40 manat) məbləğində cərimə onun sayğacından kənar təbii qazdan istifadə edilməsinə görə xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktlara əsasən tətbiq edilmişdir. Lakin iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini iddiaçıdan tələb etməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır. Məhkəmə hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını nəzərə alaraq Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunsuz hesablanmış 997.92 manat məbləğin 831.60 manat hissəsi (xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2019-cu il tarixli tələbnamələrə əsasən) sübuta yetirildiyindən, qalan hissədə isə sübuta yetirə bilmədiyindən, həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktlara əsasən hesablanmış 831.60 manat (799.20 manat + 32.40 manat) manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulmalıdır. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktlar əsasında abonent kodu **********19990 olan sayğaca hesablanmış 831.60 manat məbləğində cərimə silinməli, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktlara əsasən hesablanmış 831.60 manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən İddiaçı məxsus **********19990 saylı abunə hesabından silinsin. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar