Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5536/2024 04.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 26 dekabr 2021-ci ildə ölmüş məhrum atası X1 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 28 fevral 1947-ci ildə anadan olmuş və 26 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı X3 İnkişafı və İstismarı Birliyi tərəfindən 02 may 2007-ci il tarixdə verilmiş 6812 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha ibarət 1526 saylı bağ sahəsi mərhum atası X2 istifadəsinə verilmişdir. O, atasına məxsus Bakı şəhər İcra Hakimiyyətinin Başçısı X3 İnkişafı və İstismarı Birliyi tərəfindən 02 may 2007-ci il tarixdə 6812 saylı müqaviləyə əsasən verilmiş bağ sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən çıxarış almaq istədiyi zaman ona notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasının zəruri olduğu bildirilmişdir. Bundan sonra, Abşeron rayonu 1 saylı Notariat Ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, Notariat Ofisinin 14 sentyabr 2024-cü il tarixli 3661 saylı qərarı ilə notariat hərəkətlərini aparmaqdan imtina edilmişdir. İmtinaya səbəb isə mirasın qəbul edilməsi barədə notariat ofisinə qanunda nəzərdə tutulduğu müddətdə ərizə verilməməsi və əmlaka sahiblik etməyə və əmlakı faktiki idarə etməyə dair sübut təqdim edilməməsi göstərilmişdir. O, 26 dekabr 2021-ci ildə ölmüş məhrum atası X2 qanun üzrə birinci növbəli vərəsəsidir. Hüquqi savadı olmadığından və atası sağlığında ona bağ sahəsinin sənədləşdirilməsi üçün etibarnamə verdiyindən, atası X2 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduğu barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, miras əmlakı faktiki tək qəbul etmişdir və bacısı bu miras əmlakda maraqlı deyildir. Cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinin nümayəndəsi, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - doğum haqqında 354128 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuşdur və atası X5, anası isə X9r. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısı X3 İnkişafı və İstismarı Birliyi tərəfindən 02 may 2007-ci il tarixdə verilmiş 6812 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1526 saylı bağ sahəsi mərhum X2 istifadəsinə verilmişdir. - AZ-İİ 243116 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında Abşeron rayonu 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, mərhum X2 vərəsəsi İddiaçı mirasın qəbul edilməsi barədə notariat ofisinə qanunda nəzərdə tutulduğu müddətdə ərizə vermədiyindən və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim etmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi üzrə notariat hərəkətini aparmaqdan imtina edilmişdir. - X4 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 26 dekabr 2021-ci ildə ölmüş məhrum atası X1 miras qalmış əmlakı faktiki qəbul etməmişdir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqdır. - AZ-T 046386 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının atası X2 istifadəsinə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı X3 İnkişafı və İstismarı Birliyi tərəfindən 02 may 2007-ci il tarixdə verilmiş 6812 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha ibarət 1526 saylı bağ sahəsi verilmişdir. O, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 dekabr 2021-ci ildə ölmüş məhrum atası X1 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiçdir. Qərarda göstərilmişdir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. İş materiallarından görünür ki, mərhum X5 xx.xx.2021-ci il tarixdə ölmüş və ondan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1526 saylı bağ sahəsi miras qalmışdır. Onun qanun üzrə 2 vərəsəsi vardır və digər vərəsə miras əmlakda maraqlı deyildir. Miras əmlakın qəbul edilməsilə bağlı vərəsə X5 tərəfindən vaxtında müvafiq quruma müraciət edilməmişdir, bununla belə məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilmiş hüquqi mövqeyinə əsasən belə nəticəyə gəlir ki, mirasla bağlı ötürülmüş müddət uzadılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, X1 qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha ibarət 1526 saylı bağ sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müddəti uzadılmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha olan 1526 saylı bağ sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müddəti uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5536/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5536/2024
04.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver