Məhkəmə qərarları › İş №2(012)-5566/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5566/2022

02.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5566/2022 02.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamentinin Abşeron SX tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və bu akt əsasında hesablanmış 2039 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ailəsi uzun illərdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Qayıbov küçəsində yerləşən fərdi evdə yaşayır. Vaxtı ilə bu evə qaz xətti çəkilmiş və abonent kimi həyat yoldaşı-X1 **********00640 abonent kodu ilə qeydə alınmışdır. Məsuliyyətli abonent kimi istehlak etdikləri təbii qaza dair bütün ödənişlər bugünki günədək vaxtında ödənilir. 2022-ci ilin iyul ayında qaz sayğacında olan nasazlığa görə Bakı Regional Qazın Satışı Departamentinin Abşeron SX-nin əməkdaşları ünvanda olmuşlar və tələb olunan qaydada, sayğacı onların iştirakı ilə dəyişdirib problemi aradan qaldırmışlar. Bundan bir müddət sonra onlara bildirmişlər ki, sayğacdan kənar qaz xətti aşkar edilib və bununla əlaqədar akt tərtib edilərək 2039 manat borc yazılmışdır. Bu aktın tərtibi ilə əlaqədar heç bir məlumatları olmamışdır. Bu səbəbdən idarəyə gedib həmin aktın təqdim edilməsini tələb etmişdir. Təqdim edilən aktla tanış olub müəyyən etmişdir ki, guya qaz idarəsinin əməkdaşları 25 fevral 2022-ci ildə onların evində olmuşlar və sayğacdan kənar qaz xətti aşkar edərək, bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Həmin sənədi istehlakçının nümayəndəsi Şükürov Rəhimə təqdim etsələr də, o, aktı imzalamaqdan imtina etmişdir. Qaz idarəsinin əməkdaşları bu sənədi Rəhim Şükürova necə və hansı qaydada təqdim etdikləri naməlumdur. X1 2008-ci ildə vəfat etmişdir və onun aktı imzalamaqdan imtina etməsi mümkün deyildir. Göründüyü kimi, qaz idarəsinin əməkdaşları onlara bildirmədən, vəfat etmiş abonentin adını çəkməklə, saxta akt yazıb daxilinə saxta məlumatlar yazmışlar ki, bu səbəbdən, aktın surətini təqdim etməkdən çəkinmişlər. Faktiki hallar ondan ibarətdir ki, həyətyanı sahənin o biri başında yerləşən hissənin qonşu küçəyə çıxışı vardır. Səs-küyə ora yaxınlaşıb aydınlaşdırmışdır ki, həmin küçə ilə qaz xətti çəkilir və onu görən qaz işçiləri, “sasok” (başlıq) lazım olub-olmamasını soruşanda bildirmişdir ki, istifadə üçün qaz xətti var, lakin həyətyanı sahənin aşağısında yerləşən hissədə gələcəkdə ev inşa edilərsə, yəqini lazım olacaq. Bu səbəbdən qaz işçiləri əlavə bir “sasok” qoyub ağzını tələb olunan qaydada plomblamışlar. Hal-hazırda həmin “sasok” ağzı plomblanmış şəkildə durur, lakin onun əlavə xətt kimi qələmə verilməsi üçün “sasokun” plombu açılmalıdır. İkincisi, bu başlığa hər hansı bir boru, şlank birləşdirilərək evə qədər uzadılmalı və hər hansı bir istilik cihazına birləşdirilməlidir. Bu hallar baş vermədiyindən akt ləğv olunmalı, onun əsasında hesablanmış borc silinməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlara əsasən hesablanmış 2039,04 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, sayğacın quraşdırıldığı evdə əlavə xətt olsa da, həmin xətdən heç vaxt istifadə edilməmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı (abonent kimi R.T.Şükürovun) Mehdiabad qəsəbəsindəki evində, qaz xəttinə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, iki akt üzrə İddiaçı (abonent kimi R.T.Şükürovun) Mehdiabad qəsəbəsindəki evində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi, həmin sayğaca müdaxilə edildiyi aşkar edilmiş, həmin aktlar üzrə abonentə ümumilikdə 2039,04 manat borc hesablanmışdır. İşdə olan **********00640 saylı abonentin (R.T.Şükürov) saldo məlumatlarından görünür ki, 2022-ci ilin yanvar və mart aylarında iki akta əsasən abonentə 2039,04 manat borc hesablanmışdır. İşdə olan AZ-İ 320541 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Həmin Qərarın 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qərarın 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qərarın 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən olunur ki, “paylayıcı” Cavabdeh ilə “istehlakçı” İddiaçı (R.T.Şükürov) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən sonuncunun evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00640 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən abonent kodu **********00640 olan İddiaçı evinə baxış keçirilərkən həmin ünvanda qeydiyyatsız təbii qazdan istifadə olunduğu müəyyən edilərək, müxtəlif tarixli aktlar tərtib edilmiş və həmin aktlar əsasında zərər hesablanmışdır. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, iddiaçının tərtib etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli tələbnamələrdə abonentin 60 və 90 gün müddətində gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 126 manat (4,2 x 10 x 30 = 1260 kub.metr) və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 99 manat (5,5 x 6 x 30 = 990 kub.metr) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin 2 akt üzrə ümumilikdə 225 manat zərər vurması müəyyən olunur, yəni bu məbləğdə borcu müvafiq qurum düzgün hesablamışdır. Ümumilikdə 2039,04 manat cərimə tətbiq olunması nəzərə alındıqda isə cavabdeh tərəfindən abonentə 1814,04 (2039,04-225) manat borcun əsassız hesablandığı müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evdə (abonent kodu: **********00640) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, məlum aktlar əsasında hesablanmış 1814,04 manat borc silinməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00640) dair hesablanmış 1814,04 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar