Məhkəmə qərarları › İş №2(012)-5579/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5579/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5579/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə 29 oktyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli RPF-00006-14/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 27.08.2021-ci il tarixinə ödənilməmiş 2041,79 manat əsas borc, 9,72 manat faiz borcu olmaqla, ümumilikdə 2051,51 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi iddia tələbində göstərmişdir ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 12.09.2019-cu il tarixli RPF-00006-14/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 2333,44 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-02322-16/14U saylı 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 12 sentyabr 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00006-14/19A saylı 12.09.2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə diər Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 12.09.2019-cu il tarixli, RPF-00006-14/19A №-li kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə, illik 1 faizlə 2333,44 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli arayışdan görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli, RPF-00006-14/19A №-li kredit müqaviləsinə əsasən 27.08.2021-ci il tarixə Cavabdeh banka olan borcu əsas borc məbləği üzrə 2041,79 manat, faiz borcu üzrə 9,72 manat olmaqla cəmi 2051,51 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 12.09.2019-cu il tarixli, RPF-00006-14/19A №-li kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh 12.09.2019-cu il tarixli, RPF- 00006-14/19A №-li kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də 12.09.2019-cu il tarixli, RPF-00006-14/19A №-li kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin olunmalıdır.. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat və 0,40 manat (qırx qəpik) da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli RPF-00006-14/19A saylı kredit müqaviləsi ləğv edilsin, həmin kredit müqaviləsindən irəli gələn 27.08.2021-ci il tarixinə ödənilməmiş 2041,79 manat əsas borc, 9,72 manat faiz borcu, ümumilikdə 2051,51 manat məbləğində borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı Cavabdeh iddiaçı Bank "xxxx" ASCnin xeyrinə tutulsun Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar