Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-560/2023 09.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı - xx.xx.1985-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı - xx.xx.1985-ci il təvəllüdlü X6 əqli qüsurlu olduğuna görə müxtəlif xəstəliklərdən əziyyət çəkir və birinci qrup əlildir. Qardaşı onun himayəsindədir və ona özü baxır. X1 vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil, çünki öz davranışlarını qavraya bilmir. O, qardaşının adına olan sənədləşmə işlərində iştirak etməsi üçün onun qəyyumu təyin edilməlidir. Onun özünün düzgün qərar vermək üçün psixi vəziyyəti uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb gətirmək qeyri-mümkündür. Buna görə də qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşdə olan AA2225172 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X6 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İşdə olan ƏƏSMN yanında 6 saylı zona Tibbi-Sosial Ekspertiza Komissiyasının 443747 saylı arayışının surətindən görünür ki, X6 uşaqlıqdan birinci qrup müddətsiz əlildir. Kənar şəxsin köməyinə ehtiyacı vardır. İşdə olan 071368 saylı vəsiqənin surətindən görünür ki, X6 uşaqlıqdan birinci qrup əlildir. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X3 PHŞ-nin xx.xx.2022-ci il tarixli, 4749 saylı rəyindən müəyyən edilir ki, xx.xx.1985-ci il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 onda müəyyən edilən orta dərəcəli əqli gerilik ilə əlaqədar mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1985-ci il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik müəyyən edilir. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-560/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-560/2023
09.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver