Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-564/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1232.1 manat əsas borc, 32.33 manat dövlət rüsumu, ümumilikdə isə 1264.43 manat borcun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 22.10.2013-cü il tarixli, 40-22-X-13 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana “Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********07090 hesab nömrəsi verilmişdir. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş, lakin cavabdeh tərəfindən tam ödəniş aparılmamışdır. Belə ki, Cavabdeh tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqədar olaraq 01.07.2020-ci il tarixə 1232,1 manat borcu qalmışdır. Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda, cavabdehin təbii qazdan istifadəyə görə 1232.1 manat debitor borcu qalmışdır. İstehlakçı barəsində İddiaçı İB tərəfindən heç bir “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmişdir. Mübahisə olunan borc məbləği yalnız istehlakçı tərəfindən qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə olunması və ödənişin həyata keçirilməməsi nəticəsində yaranmış borc məbləğidir. Bu da özlüyündə borclu barəsində mübahisə edilməyən vəzifəsini qanunvericiliyə və tərəflər arasında bağlanmış müqaviləyə əsasən yerinə yetirmədiyini göstərir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili X6 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, Cavabdeh nümayəndəsi X2 iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə razı deyildir. Belə ki, cavabdehdən tutulması tələb olunan borc debitor borcudur, həmçinin, həmin borc məbləği cavabdehdən daima tələb olunmuş, lakin cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı həmin məbləğin tutulmasına dair iddia ərizəsi ilə istənilən zaman məhkəməyə müraciət edə bilər, çünki, bu, onun hüququdur. Ona görə də ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı X4 cavabdeh, yəni onun atası Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına görə 1232.10 manat borcun və 32.33 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi əsassızdır və hesab edir ki, iddia rədd edilməlidir. İddia tələbinin rədd edilməsi üçün əsas odur ki, hazırki iş üzrə iddia qanunla müəyyən edilmiş iddia müddəti ötürülərək verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinin tələbinə əsasən, “vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.” Qanunun tələblərindən və mülki iş materiallarına əlavə olunmuş abonentin saldosuna əsasən, Cavabdeh 2017-ci ilə aid olan borcu 1232.10 manat təşkil edir. Mübahisələndirilən borc 2017-ci ilə aid olduğundan, həmin müddətdən 5 ildən artıq müddət keçmişdir. Müddətin keçməsinə baxmayaraq iddiaçı cavabdehə qarşı 5 ildən artıq vaxt keçdikdən sonra 27.10.2021-ci il tarixdə iddia qaldırmış, bununla da iddia müddəti ötürülmüşdür. Həmçinin, 2017-ci ildə quraşdırılmış qaz sayğacı iddiaçının nümayəndələri tərəfindən sökülmüş, lakin bərpa edilməmişdir. Sayğac çıxarıldıqdan sonra isə cavabdeh ödənişlər etməmiş və istixana fəaliyyət göstərməmişdir. Qeyd olunanları və iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 22.10.2013-cü il tarixli, 40-22- X-13 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -21.06.2017-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cavabdeh Abşeron rayonu, Novxanı kəndində yerləşən istixanasına quraşdırılmış İtron markalı G-6 tipli sayğaca baxış keçirilmiş və sayğac sökülərək çıxarılmışdır. -Abonent kodu **********07090 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 2 ünvanında yerləşən, tərəvəzin (pomidor, xiyar və sairə) (1/1) yetişdirildiyi istixanada abonentin aktlara əsasən 2017-ci ilə aid olan borcu 1232.10 manat hesablanmışdır. -Mədaxil qəbzlərindən görünür ki, Azəriqaz İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 35 manat dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Novxanı kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Azəriqaz İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 22.10.2013-cü il tarixli, 40- 22-X-13 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana Azəriqaz İB tərəfindən **********07090 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda əvvəl İtron tipli G4 markalı qaz sayğacı quraşdırılmış, daha sonra istixanaya quraşdırılmış həmin sayğac iddiaçı Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 21.06.2017-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən çıxarılmış və yenisi quraşdırılmamışdır. Bu, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş abonent saldosundan da öz əksini tapmışdır. Belə ki, sözügedən sənədə əsasən cavabdehə məxsus Abşeron rayonu Novxanı kəndində fəaliyyət göstərmiş istixanaya 2017-ci ilin iyun ayına 1232.10 manat borc hesablanmış və həmin ünvana sonradan sayğac quraşdırılmamışdır. Beləliklə də, iddiaçı tərəfindən cavabdeh barəsində dəymiş ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Cavabdeh onunla bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ona debitor borcuna görə 1323.10 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Borclu Cavabdeh onunla bağlanılmış 22.10.2013-cü il tarixli 40-22-X-13 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçının bu müqavilənin və Qazdan istifadə Qaydalarının tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında Fərmanın 9-cu bəndində qeyd olunur ki, X4 təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Fərmanın 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən fıziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq); 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə iddiaçı Azəriqaz İB-nin 1323.10 manat cərimə borcunun tutulması tələbinə dair iddia ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, qanunvericiliyin tələblərindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbləri əsaslıdır. Lakin məhkəmə araşdırması zamanı tərəflərin izahatı, həmçinin, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında məhkəmə həmin ərizəyə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Məcəllənin: 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş 22.10.2013-cü il tarixli 40-22-X-13 saylı müqavilə əsasında Cavabdeh məxsus olan istixanaya qaz sayğacı quraşdırılmış, cavabdehə **********07090 nömrəli abonent kodu verilmişdir. 1232.10 manat debitor borcunun olmasını təsdiq edən abonent saldosuna əsasən, cavabdehdən tutulmalı olan borc məbləği 2017-ci ilin iyun ayına aiddir və həmin tarixdən etibarən abonent tərəfindən heç bir ödəniş olunmamışdır. Lakin iddiaçının borcun tutulması məqsədilə məhkəməyə müraciət etməli olduğu vaxt qanunvericiliyin tələblərindən də göründüyü kimi, onun hüququnun pozulduğunu bildiyi vaxtdan hesablanır. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etməli olduğu tarix üç illik hesablanmaqla məhz 2017-ci ilin iyun ayından başlanmalı olduğu halda, iddiaçı məhkəməyə yalnız 27.10.2021-ci il tarixdə müraciət etməklə, iddia müddətini ötürmüşdür. Bu səbəbdən də, məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq, iddiaçının borcun tutulmasına dair iddia ərizəsini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 32.33 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-564/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-564/2022
10.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver