Məhkəmə qərarları › İş №2(012)-566/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-566/2025

17.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-566/2025 17.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi övladı xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2007-cı il təvəllüdlü X4 onun övladıdır. O, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Övladı Kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyinə görə övladına birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Övladı əmək qabiliyyətsizdir. Əlilliyin səbəbi ümumi xəstəlik kimi göstərilmişdir. Onun övladı üçün köməkçi (patronaj) təyin olunması zərurəti yaranmışdır, çünki uşaq qüsurludur, daim onun himayəsindədir və çox ciddi şəkildə qulluğa ehtiyacı vardır. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki iş materiallarında olan AZ-İİ 046470 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-cı il təvəllüdlü X2 anası Ərizəçidır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2007-cı il təvəllüdlü X1 spastik serebral iflic xəstəliyindən əziyyət çəkir, müddətsiz, birinci dərəcə əlil kimi əmək qabiliyyətsizdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 662 saylı rəyindən görünür ki, xx.xx.2007-cı il təvəllüdlü X3 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2007-ci il təvəllüdlü X3 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) aşkar olunur. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar