Məhkəmə qərarları › İş №2(012)-5684/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5684/2025

16.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5684/2025 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə, Maraqlı şəxs Qəyyumluq və Himayəlik Şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəlik Şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəlik Şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 ərizəçinin oğludur. O, xx.xx.1999-cu il tarixində anadan olmuşdur və uzun müddətdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Dəfələrlə müalicə almasına baxmayaraq, sağlamlığında hər hansısa bir müsbət dəyişiklik olmamışdır. Əksinə olaraq vəziyyəti getdikcə ağırlaşmışdır. X2 gündəlik həyatda özünü idarə etməsi mümkün deyil, kənar şəxslərin daimi qulluq və nəzarətinə ehtiyacı var. O, Ərizəçi Sabiq qızının himayəsindədir və ona özü baxır. X1 vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil. Öz davranışlarını qavraya bilmir. Ərizəçi X3 adına olan sənədləşmə işlərində iştirak etməyi üçün onun qəyyumu təyin edilməlidir. X3 düzgün qərar vermək üçün vəziyyəti uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb gətirmək qeyri-mümkündür. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Əli Teyyubzadənin uşaqlıqdan bağırsaqla bağlı problemləri var və hazırda xərçəng xəstəliyindən əziyyət çəkir. Bu xəstəliklərinə görə psixoloji cəhətdən də çox əziyyət çəkir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və Himayəlik Şöbəsinin nümayəndəsi X9 izahatında ərizənin təmin edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİİ 284241 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1999-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 184 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası Ərizəçidır. -“X16” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 7951 saylı ambulator kitabçadan çıxarışdan görünür ki, X5 “F32.1 - X12 Epizod”, “K51.3 – Xoralı proktosiqmoidit”, “K51.8 – Qeyrispesifik xoralı kolit” diaqnozları qoyulmuşdur. -“X13 xx.xx.2024-cü il tarixli, 46764 saylı ambulator kitabçadan çıxarışdan görünür ki, X5 “K51.3 – Xoralı proktosiqmoidit”, “K51.8 – Qeyri-spesifik xoralı kolit (kəskinləşmə)”, “K58.0 - Qıcıqlanmış bağırsaq sindromu, ishal ilə”, “G93.4 - Ensefalopati potoktizmlərlə” diaqnozları qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2025-ci il tarixli, 5564 saylı ekspert rəyindən görünür ki, X4 üzvi mənşəli (ensefalopatiya) orta dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə, anamnezində depressiv epizod müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən edilən üzvi mənşəli (ensefalopatiya) orta dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edilmişdir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçinun ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Bundan əlavə Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1999-cu il tarixdə anadan olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olan X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar