Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5686/2023 30.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1990-cı il tarixli, 69/6 nömrəli Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin qərardadından çıxarış və Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilən yaşayış evi üçün 4123 reyestr və 197 nömrəli inventar qeydiyyat vəsiqəsi və texniki pasportun mərhum əri X1 məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizənin məzmunundan göründüyü kimi, ərizəçi çıxarış, qeydiyyat vəsiqəsi və texniki pasportun onun mərhum ərinə məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 149.2.4. maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq pretenziya qaydasına riayət edilməsinin zəruriliyini qeyd etmişdir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizəçi müvafiq düzəlişin aparılmasına dair aidiyyəti quruma, yəni Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etməmiş, etdiyi halda isə imtina məktubunu ərizəyə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən, məhkəmə qanunun qeyd edilən tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılmalı, ərizədə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçilərə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5686/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5686/2023
30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver