Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5751/2025 10.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq abonent kodu **********07110 olan hesaba yazılmış 222,69 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. 2025-ci ilin avqust ayında “Azəriqaz” X1 Rayon Qaz İstismar İdarəsi tərəfindən iddiaçıya abnonet kodu **********07110 saylı qaz sayğacına 163,5 kub qaz sərfiyyatı olmaqla 222,69 manat borc hesablanmışdır. İddiaçı sərf etdiyi qaz sayğacına görə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Ona artıq qaz sərfiyyatı hesablanmışdır. 2000-ci ildə smart kart tipli qaz sayğacı götürülərək əvəzinə köhnə mexaniki sayğac qoyulmuşdur. Ötən ildə də eyni ayda 689 manat borc yazılmışdır. Dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə və Abşeron Rayon Qaz İstismar İdarəsinə sözügedən sayğacın köhnə olduğu və dəyişdirilməsi ilə bağlı yazılı və şifahi müraciətlər etsələr də, heç bir müsbət nəticəsi olmamışdır. Qanunsuz olaraq yazılmış borcla bağlı ötən ildə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin müvafiq qətnaməsi ilə ötən il üzrə yazılmış borc məbləği silinmişdir. İddiaçı özü İİ qrup əlildir. 222,69 manat borc qanunsuz olaraq hesablanmışdır. Bununla bağlı akt tərtib edilib-edilməməsi barədə məlumatı yoxdur. Göstərilənlərə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq abonent kodu **********07110 olan hesaba yazılmış 222,69 manat borcun silinməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, artıq üçüncü dəfərdir ki, “Azəriqaz” İstehsalat Birliyi onun bu haqsızlığı edir. Qış vaxtında keçən ay cəmi 27 manat dəyərində təbii qazdan istifadə etmişdir. Bu halda yay ayı olan avqust ayında 223 manat təbii qazdan necə istifadə edə bilər. Yaşadığı ünvanda əvvəllər smart kartla işləyən sayğac olmuşdur. Onu mexaniki sayğacla əvəz etmişlər. Hazırda sayğacın smart kartla işləyən sayğacla dəyişdirilməsi barədə yazılı ərizə ilə müraciət edilmişdir. 08 yanvar 2026-cı il tarixdə həmin məsələyə baxılacaqdır. Keçən il iyun və avqust aylarında da 600 manata yaxın əsassız borc yazmışlar. Məhkəmənin qərarı ilə həmin borc məbləği silinmişdir. Hazırda da eyni vəziyyətdir. Əvvəlki smart tipli sayğacın gətirilib onun ünvanına yerləşdirilməsini istəyir. O, ikinci qrup əlil olmaqla xəstəlikdən əziyyət çəkən şəxsdir. Həmçinin 69 yaşı vardır. Verilmiş suallara cavabında qeyd edir ki, onlar evdə iki nəfər yaşayırlar. Necə ola bilər ki, qış aylarında təbii qaz sərfiyyatı çox olmur, yay ayı olan avqust ayında sərfiyyat çox olur. Keçən ilin avqust ayında da eyni hal baş vermiş, təbii qaz sərfiyyatı çox göstərilmişdir. Təxminən 2 il bundan əvvəldə eyni hal olmuşdur. Həmin vaxtı o, bu halı başa düşmədən sözügedən məbləği ödəmişdir. Keçən il qızı Amerikaya getməmişdən əvvəl onun bütün kommunal borclarını ödəmiş, sonrakı yaranacaq borcları da ordan kommunal borclara baxmaqla ödəmişdir. Çünki o kommunal ödənişləri ödəməkdə çətinlik çəkir. Qızı bunu onun üçün ödəyir. O, dörd gözlü qaz peçindən istifadə edir. Həmin qaz peçinin bir gözü tokla işləyir. 2 gözü ümumiyyətlə işləmir. Qaz peçinin cəmi bir gözündən istifadə edir. Gəlib yerində bunu yoxlasalar, görərlər. Hər ay təxminən 20 manat dəyərində olan təbii qazdan istifadə edirlər. Evdə hər ikisi şəkər xəstəsidir. 1308 kub.metr qazdan istifadə edə bilməzlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 12 noyabr 2025-ci il tarixli abonentin saldosunun surətindən görünür ki, İddiaçı faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə avqust 2025-ci il üçün 222,70 manat debitor borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının cavabdeh təşkilata təbii qazdan istifadəyə görə avqust 2025-ci il tarixə 222,70 manat debitor borcu yaranmışdır. Göründüyü kimi iddiaçının hazırda silinməsini tələb etdiyi məbləğ təbii qazdan istifadəyə görə yaranmış borc məbləğidir. İddia tələbində və həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı silinməsini tələb etdiyi borc məbləğinin ona əsassız yazıldığını bildirsə də, məhkəmənin təklif etməsinə baxmayaraq bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov
Məhkəmə qərarları › İş №2(012)-5751/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5751/2025
10.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver