Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-597/2022 17.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Cəfərov Zahir Mehvalı oğlunun, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Təbii X8nın pozulması haqqında 29.11.2019-cu il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta görə onun adına hesablanmış 464 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Cəfərov Zahir Mehvalı oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, təbii X8nın pozulması haqqında ******* nömrəli, 29.11.2019-cu il tarixli akt qəbul edilmiş və həmin akt əsasında İddiaçı 464 manat cərimə yazılmışdır. Cərimənin yazılmasına səbəb sayğacın yivli birləşmələrinin gözdəyə birləşən hissələrinin korroziyaya uğradığı göstərilmişdir. Belə ki, o, həmin aktla qəti şəkildə razılaşmır. Cərimə İddiaçı adına tərtib edilsə də, həmin evdə İddiaçı deyil, məhz valideynləri olaraq o, yaşayır. Uzun müddət öncə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh ilə onun arasında müqavilə bağlanmış və müqavilə onun adına olduğu halda cərimə İddiaçı adına yazılmışdır. İddiaçı evi üçün nəzərdə tutulmuş sayğac yol kənarına quraşdırılmışdır. Həmin yolu müxtəlif insanlar istifadə edir və azyaşlı uşaqlar müxtəlif oyunlar və eləcə də top oynayırlar. İddiaçı daim həmin sayğaca nəzarət edə bilmir. Belə ki, səhər işə gedir, axşam isə evə gəlir. Onu da qeyd edir ki, İddiaçı ilə qonşuluqda yaşayan digər vətəndaşlara da eyni qaydada cərimə yazılmışdır. Guya İddiaçı Təbii X8nın pozulması haqqında ******* nömrəli, 29.11.2019-cu il tarixli akt təqdim edilsə də, İddiaçı həmin aktı qəbul etməkdən imtina etmişdir. Halbuki, həmin aktdan İddiaçı xəbəri belə olmamışdır. Həmçinin, sayğac mənzildən kənarda küçədə, 8 metr aralıda quraşdırılmışdır. Ona görə də hesab edir ki, Təbii X8nın pozulması haqqında ******* nömrəli, 29.11.2019-cu il tarixli akt ləğv edilməli, həmin akt əsasında yazılmış cərimə də silinməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Mehvalı oğlu aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, təbii X8nın pozulması haqqında ******* saylı, 29.11.2019-cu il tarixli aktın ləğv edilməsi və həmin akta görə Cavabdeh İB tərəfindən ona hesablanmış 464 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsasını qaz sayğacına müdaxilə nəticəsində baş vermiş itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün müvafiq tədbirlər nəticəsində hesablanmış dəymiş ziyanın abonent kodundan silinməsi tələbi təşkil edir. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1202AQ**********4 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710- 02151 saylı akta əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeydə almaması aşkar olunmuşdur. Həmin faktla bağlı 29.11.2019-cu il tarixli, ******* saylı “Təbii X8nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. 29.11.2019-cu il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4644 m3 təşkil etmişdir. Hesablanmış 464 manat dəymiş ziyan 2019-cu ilin noyabr ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X8”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, qanuni əsaslı yazılmış borcun silinməsinə çalışır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -12.07.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evində quraşdırılmış İtron markalı G-4 tipli sayğaca baxış keçirilmiş, növbəti dövlət yoxlamasında yararsız hesab olunduğundan İtron markalı G-4 tipli yeni sayğacla əvəz olunmuşdur. -Təbii X8nın pozulması haqqında 29.11.2019-cu tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman MSK-29/1710-02151 saylı rəyə əsasən 1202AQ**********4 nömrəli sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələri korroziyaya uğradığından dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin 29.11.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4644 m3 ödənilməsi, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq 29.11.2019-cu tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00000 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1 ünvanında 12.07.2019-cu il tarixdə Smart G-4 İtron Gallus tipli **********1 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), qızdırıcı radiator peçi (1/1) Aktlara əsasən hesablanmış abonentin 2020-ci ilə aid olan borcu 464.40 manat göstərilmişdir. -Azəriqaz İB-nin 21.11.2019-cu il tarixli MSK-29/1710-02151 saylı rəyindən görünür ki, 1202AQ**********4 saylı sayğaca baxış keçirilmiş, sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələri korroziyaya uğramış, sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmamış, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləyir, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar olunmuş, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Nəticədə, sayğac yararsız hesab olunmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. -Mingəçevir ŞPŞ tərəfindən verilmiş 18.04.2015-ci il tarixli AZE № 15351096 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X4 şəhəri 20 Yanvar küçəsi 8 saylı evin 30 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X8 ilə tənzimlənir. X8 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X8»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). X10 tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «X8»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş tədqiq edilmiş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə 29.11.2019-cu tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 464.40 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii X8nın pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş 29.11.2019-cu tarixli ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, 29.11.2019-cu tarixli ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Ona görə də iddia tələbinin “qaz sayğacının yoxlanılması haqqında aktın ləğv edilməsi” hissəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X2 nümayəndələri tərəfindən istehlakçı barəsində 29.11.2019-cu tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, 29.11.2019-cu tarixli ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, 29.11.2019-cu tarixli ******* saylı aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii X8nın pozulması haqqında 29.11.2019-cu tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, tərtib olunmuş aktda iddiaçıya quraşdırılmış sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələrinin korroziyaya uğraması qeyd olunsa da, həmin qüsurun abonentin hərəkətləri nəticəsində yaranmasına dair əsaslı sübutlar məhkəməyə təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin müəyyən olunmuşdur ki, 29.11.2019-cu tarixli ******* saylı akt əsasında iddiaçı barəsində hesablanmış 464.40 manat pul vəsaiti dəymiş ziyan olaraq hesablanmışdır. Bu səbəbdən də məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, X6 tərəfindən əsassız olaraq hesablanmış 464 manat borc məbləğinin abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Belə ki, abonent saldosuna əsasən iddiaçı barəsində 464.40 manat borc hesablansa da, iddiaçı iddia tələbində 464 manat borcun silinməsini xahiş etmiş, məhkəmə irəli sürülən iddia tələbləri həddində qətnamə çıxardığından iddia tələbi məhz 464 manat borcun silinməsi hissəsində təmin edilir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X6 tərəfindən əsassız olaraq hesablanmış 464 (dörd yüz altmış dörd) manat borc abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-597/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-597/2022
17.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver