Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-60/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Hökməli Bələdiyyəsi qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Hökməli Bələdiyyəsi qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Atyalı yaşayış massivinin M.Rəsulzadə küçəsində gediş-gəliş yolunun zəbt edilmiş hissəsinin sökülməsi, M.Rəsulzadə küçəsinin Cavabdeh hesabına əvvəlki görünüşünə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların qonşusu Cavabdeh M.Rəsulzadə küçəsində olan evinin həyətyanı sahəsini genişləndirmək məqsədilə gediş-gəliş yolunun 2,5-3 metr hissəsini zəbt edərək, ona məxsus həyətyanı sahəsinə qatmış və bu hərəkəti ilə küçənin gediş-gəliş yolunu onun həyətyanı sahəsini darlaşdırmaqla həm küçənin görünüşünü pisləşdirmiş, şəhərsalma prinsipini pozmuş, həm də avtomaşınların gedişgəlişinə ciddi maneə yaratmışdır. Cavabdeh iddiaçıların iradlarına məhəl qoymur və yolun zəbt hissəsini də boşaltmır. Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 saylı xx.xx.2021-ci il tarixli məktubu Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi xx/xx-00305 saylı xx.xx.2021-ci il tarixli məktubla cavablandırılmışdır. Cavabdeh qanunsuz gediş-gəliş yolunu zəbt edib mişar daşları ilə hörməsi haqda Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciətləri xx.xx.2020-ci il tarixli ***-**** H-3 saylı məktubu ilə cavablandırılmışdır. Abşeron rayonu Hökməli Bələdiyyəsinə müraciətləri xx.xx.2021-ci il tarixli 21/ saylı məktubla cavablandırılmışdır. Cavabdeh qanunsuz hərəkəti ilə bağlı müraciətlərin cavablarından aydın olur ki, sonda mütləq məhkəməyə müraciət olunmalıdır. Məhkəmə prosesində iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6 iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirdi ki, iddia tələbi əsassız olduğundan qəbul etmir. Belə ki, iddia irəli sürmüş şəxslərin hamısının qanunsuz tikililəri var. Yolu zəbt etməyinə gəldikdə isə onun hasarından sonra yolun eni 6(altı) metrə yaxındır. Ona görə də, heç bir yolun bağlanmasından söhbət gedə bilməz. O, 2016-cı ildən göstərilən torpaq sahəsini almışdır torpaq sahəsinin plan və ölçüsü, torpağın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı vardır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, mülki işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, M.Ə.Rəsulzadə küçəsinin sakinlərinə ünvanlanmış məktubdan görünür ki, qanunsuz tikintilərin sökülməsi və dayandırılması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir. Mülki iş materiallarında olan Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, M.Ə.Rəsulzadə küçəsinin sakinlərinin müraciətində qaldırılmış problemin həlli FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aid olduğu üçün məsələnin müsbət həll olunması xahiş olunmuşdur. Mülki iş materiallarında olan FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, M.Ə.Rəsulzadə küçəsinin sakinlərinə ünvanlanmış məktubdan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən yalnız tikintisinə icazə verilmiş obyektlərin və məlumatlandırma icraatı çərçivəsindən fərdi yaşayış evlərinin tikinti layihələrinin memərlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun inşa olunmasına dövlət nəzarəti təşkil edilir və həyata keçirilir. Bu zaman, şəhərsalma və tikinti qanunvericiliyinə əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya barəsində məlumatlandırma icraatının tətbiq olunmuş obyektin tikintisi, habelə 1 iş günü müddətində qanunvericiliyin tələblərinə riayət edilmədən tikilən obyektlər barədə məlumatlar Agentliyə təqdim edilməlidir. Həmin məlumatlar Agentliyə təqdim edilmədiyi halda, tərəfimizdən hər hansı tədbirin həyata keçirilməsi mümkün olmur Mülki iş materiallarında olan Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, M.Ə.Rəsulzadə küçəsinin sakinlərinə ünvanlanmış məktubdan görünür ki, ərizələri ilə bağlı tərəflərindən sözügedən əraziyə 02 mart 2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən də M.Rəsulzadə küçəsində vətəndaş Məmmədbağır adlı şəxs tərəfindən hasar önə çəkilmişdir. Lakin çəkilən hasarın gediş-gəlişə heç bir maneəçilik törətmədiyi aşkar edilmişdir. Vətəndaş Məmmədbağır adlı şəxslə aralarında yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********99 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,0354 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,015 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-228/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2022-ci il tarixli 10/2825 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: -Vətəndaş Cavabdeh sənəd üzrə 0.015 ha torpaq sahəsi olsa da qərb istiqamətində yola tərəf kənara çıxaraq 0.0021 ha hissəni mişar daşla hasara alaraq zəbt etmişdir və faktiki torpaq sahəsi 0.0171 hektardır. Torpaq sahəsinin zəbt olunmuş hissəsi 2.4 metr məsafədə gediş gəliş yolunda yerləşir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-228/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/7177 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.015 ha torpaq sahəsindən kənarda inşa olunan daş hasar tikilisi olan hissədə yolun eninin 6 metr olduğunu nəzərə alaraq həmin məsafənin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olduğu müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Hökməli Bələdiyyəsi cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Atyalı yaşayış massivinin M.Rəsulzadə küçəsində gediş-gəliş yolunun zəbt edilmiş hissəsinin sökülməsi, M.Rəsulzadə küçəsinin Cavabdeh hesabına əvvəlki görünüşünə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İş üzrə alınmış ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.015 ha torpaq sahəsindən kənarda inşa olunan daş hasar tikilisi olan hissədə yolun eninin 6 metr olduğunu nəzərə alaraq həmin məsafənin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olduğu müəyyən olunmuşdur. İşin araşdırılan hallarından göründüyü kimi cavabdeh tərəfindən inşa olunan daş hasarın yoldan istifadə edilməsinə heç bir maneçilik yaratmır. Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələbi ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı müəyyən olundu. Cavabdehin qeyd edilən ünvanda şəkdiyi hasar divar göründüyü kimi iddiaçıların ümumi yoldan istifadələrini məhdudlaşdırmır, yolun eni normada nəzərdə tutulan 4,5 metrdən çox olmaqla 6 metrdir. Ona görə də, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Hökməli Bələdiyyəsi cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti özlərinə aid edilməlidir. Eyni zamanda iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edilmədiyindən həmin məbləğ tərəflərin hər birindən 14,28 manat olmaqla, cəmisi 100 manat onlardan tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülsün Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Hökməli Bələdiyyəsi cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Cavabdeh 14,28 manat olmaqla, cəmisi 100 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-60/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-60/2023
13.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver