Məhkəmə qərarları › İş №2(012)-601/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-601/2024

01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-601/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 6177,60 manat məbləğində cərimə borcunun əsassız hesab edərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. O, ailəsi ilə birlikdə sözügedən ünvanda yaşayır.Sözügedən ünvana xx.xx.2021-ci il tarixində “Zenner” tipli, “G-4” markalı **********5 nömrəli sayğac quraşdırılmışdır.”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun xəbəri olmadan 31 yanvar 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir.Həmin aktda qeyd olunmuşdur ki, istehlakçıya məxsus qeyri0yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin qaz sayğacına baxış keçirilən zaman kənar xətdən istifadə edilmə aşkar edilmişdir. Qmumiyyətlə, hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir. Bununla belə 31 yanvar 2023-cü il tarixdə Cavabdeh İB tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 6177,60 manat borc hesablanmışdır. Sözügüdən akt qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən o, ümumiyyətlə evdə olmamışdır və bununla bağlı onun heç bir məlumatı olmamışdır. Cavabdeh İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etmədiyi halda aktın yekun hissəsində onun aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Sayğaca heç vaxt onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamış, kənar xətdən istifadə edilməmişdir. Qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Hər hansısa sayğacdan kənar qeyri-qanuni qaz xətti xətti vasitəsilə təbii qazdan istifadə halı mövcud deyildir. Necə olur ki, tərəfindən kənar xətdən istifadə edilmədiyi və bununla bağlı heç bir məlumatının olmadığı halda ona borc yazılır. Göstərilən aktın tərtib olunması və barəsində borc yazılması haqqında əməkdaşlar tərəfindən ona heç bir məlumat verilməmişdir. Yalnız 2023-cü ilin aprel ayında yaşadığı ünvanın zaborundan içəriyə atılan sənəddən ona məlum olmuşdur ki, günahının olmadığı barəsində 6177,60 manat məbləğində əsassız borc yazılmışdır. Burdan da göründüyü kimi Cavabdeh əməkdaşları tərəfindən heç bir hal araşdırılmadan qanunsuz və əsassız akt tərtib edilmişdir. Cavabdeh İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakının təmin edilmədiyi halda aktın yekun hissəsində onun aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Heç vaxt qazın istifadəsinə görə borcu olmayıb və onun tərəfindən heç vaxt qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmamışdır. Həmçinin həmin aktda heç bir sübut öz əksini tapmamışdır, əksinə olaraq onun iştirakı təmin olunmamış, qanunsuz, əsassız və saxta olaraq akt tərtib edilmişdir. Odur ki, hesab edir ki, ona hesablanmış cərimələr tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında qaz sayğacından kənar xəttin olduğunu etiraf etmiş, lakin cərimənin məbləğinin çox yüksək olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına baxış keçirilib. Baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edilib. Bununla bağlı ******* nömrəli akt tərtib olunub. Sonra yenidən xx.xx.2023-cü il tarixdə bu hal aşkar edilib, ******* nömrəli akt tərtib olunub. Bu aktlara əsasən dəymiş ziyan hesablanıb. Dəymiş ziyanın ümumi məbləği 6177,60 manatdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin qaz sayğacına baxış keçirilən zaman kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 47520 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü tarixli, ******* saylı akt olmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qaz xətti aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 47520 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********01690 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1 ünvanına xx.xx.2021-ci il tarixdə Zenner G4T Mexaniki markalı, **********5 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz peçi, QSQ qənaətli su qızdırıcısı,Samovar(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 301.16 manat göstərilmişdir. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, dəmir boru vasitəsilə qaz xəttinə qoşulma halı müəyyən edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü tarixli, ******* saylı aktlara əsasən, istehlakçıya məxsus yaşayış sahəsinə baxış keçirilən zaman kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 6177.60 manat borc yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü tarixli, ******* saylı aktlarla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan aktlar əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş aktları sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü tarixli, ******* saylı aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və iddiaçının izahatı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü tarixli, ******* saylı aktlara əsasən cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Lakin məhkəmə qeyd edir ki, həmin tələbnamələrdə abonentə qaydalara uyğun olmayan hədsiz çox cərimə hesablanmışdır. Elə ki, abonent saldosundan görünür ki, ünvan 1 ünvanına xx.xx.2021-ci il tarixdə Zenner G4T Mexaniki markalı, **********5 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz peçi, QSQ qənaətli su qızdırıcısı,Samovar(1/1)istifadə olunur. Tələbnamələrdə isə radiatorun işlədilməsi qeyd olunaraq ona görə də cərimə hesablanmışdır ki, bu isə abonent tərəfindən istifadə olunmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli tələbnamədə dəymiş ziyan həcmi hesablanarkən gündəlik qaz istehlakı həcmi 380 gün hesablanmışdır ki, bu isə digər tələbnamədə hesablama ilə ziddiyyət təşkil edir və cavabdeh belə hesablamanı hansı qaydalara və əsaslara uyğun olaraq hesablamasını sübut edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü tarixli, ******* saylı aktlara əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə görə (1.2x24x30=864m3, 3.5x24x30=2520m3, 864+2520=3384m3, 3384m3x 0.12m=406.08manat) 406.08 manat, xx.xx.2023-cü il tarixli tələbnaməyə görə (1.2x24x30=864m3, 3.5x24x30=2520m3, 864+2520=3384m3, 3384m3x 0.12m=406.08manat) 406.08 manat hesablamaqla, hər iki tələbnamə üzrə (406.08+406.08=812.16manat) 812.16 manat məbləği ümumi borcdan çıxmaqla (6177,60-812.16= 5365.44 manat) yerdə qalan 5365.44 manat pul vəsaitinin abonent İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, tərəflərin izahatlarını və mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı hesab edilməklə qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 5365.44 manat borc məbləği abonent kodu 0**********01690 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 77.37 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 5365.44 (beş min üç yüz altmış beş manat qırx dörd qəpik) manat borc abonent kodu 0**********01690 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 77,37 (yetmiş yeddi manat otuz yeddi qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar