Məhkəmə qərarları › İş №2(012)-6017/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6017/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6017/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi, İddiaçı X3 Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cəmiyyəti Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 03.12.2020-ci il tarixli, SBLMB- 06920 saylı kredit müqaviləsi üzrə kreditə görə 906,15 manat əsas, faiz borcuna görə 147,61 manat, cərimə borcuna görə 210 manat olmaqla cəmi 1263,76 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş sep qırıq - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 500; cəmi: 28 qr. olan qızıl-zinət əşyasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin kredit müqaviləsi üzrə kreditə görə cəmi 1263,76 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 03.12.2020-ci il tarixli, SBLMB-06920 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 1050 manat cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.1., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 03.12.2020-ci il tarixli, SBLMB-06920 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 906,15 manat əsas, faiz borcuna görə 147,61 manat, cərimə borcuna görə 210 manat olmaqla, cəmi 1263,76 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyası 03.12.2020-ci il tarixli, SBLMB-06920 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyası 03.12.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep qırıq - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 500; cəmi: 28 qr. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda, həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən, bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini, ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələbi vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün kredit müqaviləsi üzrə kreditə görə 906,15 manat əsas, faiz borcuna görə 147,61 manat, cərimə borcuna görə 210 manat olmaqla, cəmi 1263,76 manat pul tutulmalı, tələb girov predmeti olan yuxarıda qeyd olunan qızıl-zinət əşyasına yönəldilməli, girov predmeti satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ASC-nin məhkəməyə ünvanladığı 28.12.2021-ci il tarixli ərizəyə əsasən iddiaçı 28.12.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən Rabitəbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03.12.2020ci il tarixli SBLMB-06920 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 18 ay müddətinə, illik 31.4%-lə 1050 manat kredit verməyi öhdəsinə götürmüşdür. -03.12.2020-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, borcalan Cavabdeh bankdan kredit müqaviləsi üzrə 1050 manat pul vəsaiti götürmüş və 22.50 manat komissiya xərci ödəmişdir. -03.12.2020-ci il tarixli SBLMB-06920 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını bir ay sonradan, yəni 03.01.2021-ci il tarixdən başlayaraq, 03.06.2022-ci il tarixinədək hər ay banka 73.15 manat (sonuncu ay 74.05 manat) ödəməklə qaytarmalıdır. -Girovsaxlayan Rabitəbank ASC ilə girovqoyan Cavabdeh arasında bağlanmış 03.12.2020-ci il tarixli SBLMB-06920 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, bu müqaviləyə əsasən girovqoyan kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi təqdirdə girovsaxlayan girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borc öhdəliyi üzrə tələb ediləcək əsas borc 1050 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndinə əsasən girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 1949.92 manat təşkil edir. -Girovsaxlayan Rabitəbank ASC ilə girovqoyan Cavabdeh arasında bağlanmış 03.12.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, girovqoyan Cavabdeh ona məxsus olan 1 ədəd 500 əyarlı çəkisi 28 qram, dəyəri 1316 manat, bazar dəyəri 1949.92 manat olan qırıq sepi kredit müqaviləsi üzrə kreditinin təminatı olaraq banka girov qoymuş və həmin əşyanı banka təhvil verməklə aktı imzası ilə təsdiq etmişdir. -Girovqoyan Cavabdeh tərəfindən verilmiş 03.12.2020-ci il tarixli razılıq ərizəsindən görünür ki, girovqoyan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi təqdirdə girov qoyulmuş qızıl-zinət əşyasının bankdaxili qiymətləndirmə aparılaraq yenidən qiymətləndirilməsinə etiraz etməmişdir. -Rabitəbank ASC-nin 19.05.2021-ci il tarixli M3 saylı bildirişindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh banka olan borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Rabitəbank ASC-nin 22.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03.12.2020-ci il tarixli SBLMB-06920 saylı kredit müqaviləsi üzrə 906.15 manat əsas, 147.61 manat faiz, 210 manat cərimə olmaqla, cəmi 1263.76 manat borcu vardır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 06.05.2020-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1010, ünvan 1 verilmiş 14.11.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qəribov X1 rayonu Hökməli qəsəbəsi 19 saylı evdə qeydiyyatdadır. -22.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya, borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, iddiaçı Rabitəbank ASC ilə Cavabdeh arasında bağlanmış 03.12.2020-ci il tarixli SBLMB- 06920 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 31.4%-lə 1050 manat kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, cavabdehə məxsus olan 1 ədəd 500 əyarlı çəkisi 28 qram, dəyəri 1316 manat, bazar dəyəri 1949.92 manat olan qırıq sepin girova qoyulması məqsədilə 03.12.2020-ci il tarixli SBLMB-06920 saylı girov müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 281.1. maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 281.2. maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Mülki iş materiallarına əlavə olunmuş 03.12.2020-ci il tarixli SBLMB-06920 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən, girovqoyan kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi təqdirdə girovsaxlayana ona məxsus olan qızıl-zinət əşyasını girov qoymuş, 03.12.2020-ci il tarixli təhvil-təslim aktına əsasən isə həmin əşyanı banka təhvil vermişdir. Bununla da, bankın girov müqaviləsi bağlandığı və girov predmeti olan əşyanın ona təhvil verildiyi andan həmin əmlaka münasibətdə girov hüququ yaranmışdır. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka 906.15 manat əsas, 147.61 manat faiz, 210 manat cərimə olmaqla, cəmi 1263.76 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 210 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 03.12.2020-ci il tarixli SBLMB-06920 saylı kredit müqaviləsi üzrə 906.15 manat əsas borc üzrə hesablanmış 210 manat cərimənin azaldılaraq 20 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Rabitəbank ASC ilə bağladığı 03.12.2020-ci il tarixli SBLMB-06920 saylı kredit müqaviləsi üzrə öhdəliklərini müqavilə üzrə müəyyən edilmiş qaydada yerinə yetirməməsi nəticəsində banka 906.15 manat əsas, 147.61 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 1073.76 manat borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin qismən təmin edilərək həmin borc məbləğinin cavabdehdən tutulması, tutmanın girov predmeti olan 1 ədəd 500 əyarlı çəkisi 28 qram olan qırıq sepə yönəldilməsinə dair əsaslı hesab edib təmin edir. Mülki Məcəllənin: 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 298-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Qanunvericiliyin tələblərindən və tərəflər arasında bağlanmış girov müqaviləsinin 5.4.1-ci bəndindən göründüyü kimi, girov qoyan saxlanc girovu ilə təmin edilmiş öhdəliyi vaxtında və tam icra etmədikdə və qanunla müəyyən olunmuş digər əsaslar olduqda girov saxlayanın saxlanc girovunun predmetinə dərhal tutma yönəldilməsi hüququ yaranır. Bu baxımdan məhkəmə hesab edir ki, girov predmeti olan 1 ədəd 500 əyarlı çəkisi 28 qram olan qırıq sepin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh onun digər əmlakına yönəldilməklə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 03.12.2020-ci il tarixli SBLMB-06920 saylı kredit müqaviləsi üzrə 906.15 (doqquz yüz altı manat on beş qəpik) manat əsas, 147.61 (yüz qırx yeddi manat altmış bir qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 1073.76 (min yetmiş üç manat yetmiş altı qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X3 Cəmiyyətinin xeyrinə tutulsun. Tələb iddiaçı X3 Cəmiyyətinə girov qismində qoyulmuş 1 ədəd 500 əyarlı çəkisi 28 qram olan qırıq sepə yönəldilsin. Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd 500 əyarlı çəkisi 28 qram olan qırıq sepə tutma yönəldilsin, həmin əşyanın satışından əldə olunmuş vəsaitdən cəmi 1103.76 (min yüz üç manat yetmiş altı qəpik) manat borc X3 Cəmiyyətinin hesabına keçirilsin, X3 Cəmiyyətinə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. 1 ədəd 500 əyarlı çəkisi 28 qram olan qırıq sepin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar